Kəmaləddin Heydərovla Ramin Bayramlı niyə susur?

Bir neçə gündür ki, "Yeni Klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsi sosial şəbəkələrdə vətəndaşlar tərəfindən müzakirə olunur. Maraqlıdır ki, Baş Prokurorluğun istintaqla bağlı açıqlamasından sonra bu prosesdə məsul olan heç bir qurum bu məsələyə aydınlıq gətirmədi.
Lakin bu günədək nə TƏBİB, nə də FHN bununla bağlı ya daxili araşdırma aparmayıb, yaxud da aparıbsa, zəhmət çəkib ictimaiyyətə bu barədə məlumat verməyib. Əgər aylar öncə bu şikayətlər istiqamətində araşdırma aparılsaydı, bu gün istintaqın ortaya çıxardığı məqamlar elə həmin zaman da aydın olardı.
Ya bu iki qurumun rəhbər şəxsləri məsələni araşdırmaqda maraqlı olmayıb, yaxud araşdırma aparılıbsa da, bu gün istintaqın gəldiyi nəticədən "fərqli” nəticə əldə ediblər. Yoxsa, adıçəkilən şəxslər qolları qandallananadək kresloda qalmazdı.
Pandemiya dövründə ilk aylarda olan psixoloji sarsıntı cəmiyyətin böyük kəsimini əhatə etmişdi, psixoloqlar kütləvi depressiya halları ilə bağlı həyəcan siqnalı çalırdılar. Bu zaman xəstəxanalarda yerlərin tapılmaması insanlarda bir neçə ay öncə monitorlardan izlədikləri "İtaliya variantı”nın bizdə də yaşanacağı qorxusunu artırırdı.
Belə bir məqamda, dövlətin böyük həcmli "Yeni klinika”nı müasir avadanlıqlarla təchiz edərək istifadəyə verməsi, qısa müddətdə modul tipli xəstəxanaları hazırlaması vətəndaşları neqativdən pozitivə doğru çəkdi. Artıq tibb sahəsinə düşən yük xeyli azaldı və çarpayı fondu artdı. Bu prosesin vaksinin hazırlanması qədər önəmli bir iş olduğunu desək, yanılmarıq. Çünki bununla da əhali psixoloji çöküşdən xilas edildi. Lakin bunun ardınca müəyyən vəzifəli şəxslərin tamahkarlıq niyyətləri insanlarda yenidən bu prosesə, dövlətin həyata keçirdiyi işlərə inamı şübhə altına almağa başladı. Burada həbs edilən şəxslər cinayət məsuliyyəti daşısalar da, onların rəhbərləri də ictimai məsuliyyət daşıyırlar.
Dövlətin hələ 2020-ci ilin yanvar ayından pandemiyaya hazırlaşdığı, müasir laboratoriyalar əldə etdiyi, beynəlxalq bürokratik əngəllər fonunda testləri ilk olaraq aldığı, tibb işçilərinin gecə-gündüz boğulan xəstələri xilas etməyə çalışdığı, aylarla ailə üzvlərini görə bilmədiyi bir məqamda kimlərinsə öz ciblərini doldurması bu prosesdəki hər bir şəxsin əziyyətini kölgə altına alır.
Bu sadalananları nəzərə alaraq, Kəmaləddin Heydərov və Ramin Bayramlının tabeliklərindəki şəxslərin dövlətə və cəmiyyətə vurduğu mənəvi zərərin nəticələrinin aradan qaldırılması üçün gördükləri və ya görəcəkləri işlər barədə açıqlama verərək bu "inam şübhəsi”ni darmadağın etməlidirlər. Pandemiyanın hələ bitmədiyini nəzərə almalıyıq.
Deputatlar, həkimlər, ictimaiyyət nümayəndələri pandemiyanın hökm sürdüyü bir vaxtda bu şəxslərin vəzifələrindən sui-istifadə etmələrini, insanların acısı, kədəri üzərindən pul qazanmalarını sərt tənqid edirlər.
Bu arada qeyd edək ki, pandemiyanın ölkədə yayılmasının ilk günlərindən dövlət başçısı tərəfindən "COVID-19” infeksiyasının qarşısının alınması üçün çox böyük fədakarlıqlar edilib, bütün iqtisadi zərərlər gözə alınıb və insan həyatı və sağlamlığı prioritet kimi qəbul edilib. Bütün bunların fonunda ölkənin ən böyük tibb müəssisəsinin rəhbərləri tərəfindən belə addımın atılması həm dövlət siyasətinə, həm də səhiyyə sisteminə kölgə salır. Hətta ehtimal olunur ki, son vaxtlar ölkədə koronavirusa yoluxanlar arasında ölüm hallarının çoxalmasına da bu kimi xoşagəlməz hallar yol aça bilər.
TƏBİB-ə ünvanlanan sualımıza birbaşa cavab ala bilmədik:
"Bu barədə dəfələrlə mətbuat vasitəsilə ictimaiyyətə müraciət etmişik ki, vətəndaşlarımız hər hansı neqativ halla rastlaşdıqda hüquq mühafizə orqanlarına müraciət etsinlər”.
FHN-dən isə məlumat almaq mümkün olmadı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























