Azərbaycan Aİ-nin güclü tərəfdaşıdır

Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən əsas məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından olan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələrdir.
Anews.az Trend-ə istinadən xəbər verir ki, hazırda ölkəmiz Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının fəal iştirakçılarından biridir. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Azərbaycan və Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər.
Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelinin bu həftə ölkəmizə səfəri və baş tutan müzakirələrdə səsləndirilən fikirlər bir daha bu əlaqələrin qarşılıqlı və strateji əhəmiyyətini vurğulamış oldu.
Varheli Azərbaycana səfərinin sonu ilə əlaqədar məqalə ilə də çıxış edib. Avropa Komissiyasının rəsmi saytında dərc olunan həmin məqalədə bir sıra mühüm məqamlardan bəhs edilib. Məqalədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmi vurğulanıb, Azərbaycanın oynadığı rola və əhəmiyyətinə yüksək qiymət verilib. Azərbaycanın ən çiçəklənən ölkə olması, pandrmiya ilə uğurla mübarizə aparması və pandemiyanın iqtisadiyyata ciddi mənfi təsirinə məruz qalmaması kimi məqamlara toxunulub. Eyni zamanda, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın böyük önəmi qeyd edilib.
Azərbaycan Aİ-nin güclü tərəfdaşıdır.
Oliver Varheli Azərbaycanın iqtisadi gücü və maliyyə imkanlarını xüsusi qeyd edərək Azərbaycanla əlaqələrin inkişafı məsələlərini Aİ-nin maliyyə yardımı nöqteyi-nəzərindən deyil, məhz əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi prizmasından qiymətləndirir, buna görə də Aİ-nin Azərbaycana tam fərqli münasibət nümayiş etdirdiyini vurğulayır. O, həmçinin Azərbaycanın nəqliyyat-tranzit infrastrukturunu yüksək qiymətləndirir, ticarət marşrutlarının diversifikasiyası və optimallaşdırılmasında ölkəmizin mühüm əhəmiyyətini xüsusilə vurğulayır.
Beləliklə, avrokomissarın bu səfərindən çıxan əsas nəticə budur ki, Azərbaycan Aİ-nin güclü tərəfdaşıdır. Digər tərəfdən, regionun aparıcı ölkəsi kimi bölgənin postpandemiya dövründə bərpası və inkişafı məsələlərinin məhz Azərbaycanla müzakirə edilməsi də xüsusilə diqqət çəkir.
Azərbaycan-Aİ enerji əməkdaşlığı: Avropa ölkələrinə 10 milyard kubmetr qaz nəql ediləcək.
2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu isə müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirmişdir: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi.
Azərbaycan-Aİ enerji əməkdaşlığı sadəcə Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdır. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynaya biləcək strateji təşəbbüsdür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























