Çex XİN: İşğaldan azad edilmiş ərazilərin bərpasında əməkdaşlığa hazırıq

Azərbaycan Avropa İttifaqı (Aİ) və Çexiya üçün kifayət qədər önəmli tərəfdaşdır və iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir.
Bu sözləri Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek deyib.
"Azərbaycana postpandemiya dövründə baş tutan bu səfər dövlətlərarası münasibətlərin gələcək durumunun müzakirəsi üçün yaxşı imkan yaradacaq. Mənimlə bir yerdə Bakıya 17 şirkətin nümayəndəsi gəlib. Onların bir hissəsi maliyyə və bankçılıq, bir hissəsi enerji sahəsini, bəziləri su təchizatı və tullantıların idarə olunması, günəş və s. alternativ enerjidən istifadə, həmçinin kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrini təmsil edir. Ona görə düşünürəm ki, bu səfər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün də əlverişli vaxtdır. Həmçinin, işğaldan azad edilmiş ərazilərin bərpasında da əməkdaşlığa açığıq. 2022-ci ildə Çexiya Avropa Şurasına sədrlik edəcək. Bu sədrlik bizim Azərbaycan ilə əlaqələrimizə yeni imkanlar yaradacaq", - deyə nazir əlavə etdi.
Nazir bildirdi ki, 2015-ci ildə ölkələr arasında əməkdaşlıq barədə strateji saziş imzalanıb. Həmçinin, dövlətlər arası iqtisadi istiqamətlər üzrə işçi qrupu işi davam etdirir:
"Azərbaycan Çex Respublikasının enerji ehtiyatlarına tələbatının üçdə bir hissəsini təmin edir. Çex tərəfi olaraq, Ələt Azad İqtisadi Zonasına baş çəkdik. Görülən işlərdə iştirak etməyə maraqlıyıq",- deyə Çex Respublikasının rəsmisi bildirib.
Yakub Kulhanek vurğulayıb ki, bu ilin dekabrında "Şərq Tərəfdaşlığı"nın sammiti keçiriləcək:
"Biz Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Mən bu münaqişə nəticəsində ölənlərin ailələrinə başsağlığı verirəm. İnanıram ki, tərəflər sülhə nail olacaq. Sülhün tam bərpası regiona müsbət təsir etməklə yanaşı, regionun sabitliyinə və inkişafına da özünəməxsus töhfə verəcək”,- deyə nazir bildirdi.
O, Əfqanıstandan təxliyə prosesinin reallaşdırılmasında dəstəyinə görə Azərbaycana təşəkkür edib.
Nazir səfəri çərçivəsində Biznes Forumunun açılışında iştirakından məmnun olduğunu da dedi.
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekinin birgə mətbuat konfransı keçirilib.
Həmçinin, mətbuat konfrasından əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib. Həmin görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi müzakirə edilib.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























