Şuşanın azad edilməsi planının detalları AÇIQLANDI

Bir il öncə 10 386 gün işğalda olan qədim Azərbaycan şəhəri Şuşanın azad olunması üçün geniş miqyaslı hərəkat başlanır. Əsas baza Xüsusi Təyinatlı Qüvvələr olmaqla, digər qoşun növlərinin iştirakı ilə Şuşanın azad olunması üçün hücum əməliyyatına start verilir.
Unikal.org xəbər verir ki, Şuşanın azad olunması ilə bağlı plandan ilk dəfə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm” studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!” sənədli filmində danışılıb.
Oxucuların marağını nəzərə alaraq, geniş əməliyyat planının detallarını təqdim edirik:
Azad etmə planına əsasən, Şuşaya yaxın ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif kontingentlərinin yerləşdiyi iki hədd yaradılır - birinci hədd cənub-qərb istiqamətində, digər hədd isə şimal-şərq istiqamətində təşkil olunur.
2020-ci il noyabrın 2-də hücum siqnalı verilir. Düşmənin mövqelərinin arxasına sızma əməliyyatından öncə Quru Qoşun qüvvələrinin hücumu ilə iki istiqamətdə aldadıcı manevr döyüşlərini başladılır.
Taktiki gediş özünü doğruldur. Düşmən hərbi kontigentini və döyüş texnikasının böyüş hissəsini Azərbaycan Ordusunun motoatıcı qüvvələri ilə döyüşmək üçün səfərbər edərək, Şuşa yaxınlığındakı Şuşakənd və Daşaltı istiqamətlərində toplayır.
Planın əsas hissəsinin işə salmaq anı artıq yetişib. Xüsusi Təyinatlı Qüvvələrin düşmən qüvvələrinin təmas xəttini keçərək, onların mövqelərinin arxasına sızma əməliyyatına start verilir.
Noyabrın 2-dən 3-nə keçən gecə ikinci həddən üç XTQ qrupu Laçın-Şuşa-Xankəndi yoluna doğru hərəkətə başlayır.
Marşrut yolsuzluq üzərindən qurulur. Əslində mövcud olmayan bu yollar uzun illər insan ayağı dəyməyən, sıx meşələr, çay yataqları və qayalıqlardan keçir. Belə olan şəraitdə silah-sürsatın daşınması üçün hansısa nəqliyyat vasitəsindən danışmaq ümumiyyətlə, mümkün deyildi. Bu səbədən XTQ "Bir bir hədəf, bir atış” prinsipinə keçir.
"Bizim tapşırığımız Şuşanı azad eləmək olduğu üçün, fəaliyyətimizə tam tərsdir ki, hansısa yerdə bir, iki, üç və yaxud bir neçə düşmənə görə öz fəaliyyətimizi aşkara çıxaraq” - deyir XTQ üzvü.
"Şuşa əməliyyatını biz planlaşdırdıq. Digər rayonların azad edilməsindən fərqli olaraq, mənim tərəfimdən Şuşa əməliyyatında bəzi xüsusi tələblər qoyulmuşdu. Əsas fikir, diqqət, güc ancaq tapşırıqların yerinə yetirilməsinə cəmləşdirilmişdi” - deyir XTQ komandanı general-leytenant Hikmət Mirzəyev.
XTQ Şuşa-Laçın yolundan əvvəl yüksəklikdə olan erməni postlarını ələ keçirir. Bu, 1553 yüksəkliyi idi. Bu yüksəklik ələ keçiriləndən sonra, Daşaltı tam olaraq nəzarətdə qalırdı. Həmin yüksəklikdə ermənilərin olması isə, XTQ-nin məhv etdiyi düşmənin üzərindən çıxan xəritələrdə müəyyənləşib. Əgər bu yüksəklik ələ keçirilməsəydi, ordumuzun bütün fəaliyyəti düşmən tərəfindən nəzarət altında olacadı.
Şuşanın azad olunma planının əsas prinsiplərindən də biri düşmənin təminat yolunun bağlanılması idi. Çünki Ermənistandan düşmənə davamlı olaraq hərbi texnika və canlı qüvvə yardımı gəlirdi. Ona görə də Laçın-Şuşa-Xankəndi nəyin bahasına olursa, olsun bağlanmalı idi.
XTQ üzvü əlavə edir: "Laçın yolunun bağlanması tapşırığı gəldi. Öz bölməmdən üç hazırlıq qrupu yaratdım, onları sürətli şəkildə özümdən öncə göndərdim. Yuxarı komandanlıq da artıq tələb edirdi ki, sürəti artırmaq lazımdır. Mən komanda verdim ki, sızıb sağdan-soldan qalxmaq imkanınız varsa, qalxsın. 20-25 dəqiqə müddətində orada açıq döyüş getdi. Onların Laçın yolunun kənarında əvvəlcədən hazırladıqları mövqe var idi. Bu, bütün yolboyu idi - Laçından Şuşaya qədər. Qrup komandirlərinə şəxsi heyətlərini gətirmələrini deyib, özüm getdim. Artıq o iş görülməli idi. Sürətli şəkildə Laçın yolu istiqamətində qalxdıq. Laçın yoluna çatmamış, təxminən 50 metrdən üstümüzə atışlar gəldi. Düşmən yuxarıda olduğu üçün, onlara daha rahat idi. Biz isə 600 metr yüksəklik qalxdığımız üçün yorulmuşuq”.
Bu zaman yuxarı komandanlığa Laçın yolunun təmiz olduğuna dair məruzə olunur.
Düşmənin ağlına belə gəlmir ki, XTQ qayalıqlardan dırmaşaraq Laçın dəhlizinə çıxacaq. Şuşa-Laçın yoluna çatanda artıq hərbçilərimiz təmasa girmək məcburiyyətində olur. XTQ yolda düşmənin atdığı pusqunu da yararaq orada bir nəfər belə olsun, sağ erməni qoymur. Bundan başqa, yolun üzərində olan patrullar da məhv edilir, digələri qaçıb gedirlər.
Düşmənin bütün fikri həmin yolun açılmasına yönəlir. Yuxarı komandanlıqdan Xankəndi-Şuşa yolunu nəzarətə götürən xüsusi təyinatlı qrupa belə bir əmr gəlir:
"Düşmənin Xankəndi istiqamətindən gələn canlı qüvvəsi məhv edilsin! Amma tanklar Şuşa istiqamətində buraxılsın. Onlar şəhərdəki dəstələr tərəfindən məhv ediləcək!”
Xüsusi təyinatlıların bir neçə qrupunun Laçın-Şuşa-Xankəndi yolunu keçməsi və yolu nəzarətə götürməsindən sonra, Şuşanın əsas girişi istiqamətində ağır silahlarla döyüş əməliyyatlarına start verilir. Düşmən bütün ağır texnikasını və canlı qüvvəsini buraya toplayır.
Düşmən artilleriyadan atəş açmağa başlayır. Burada düşmənin qüvvəsi bizim qüvvəmizdən daha çox olur.
Bundan sonra Şuşanın girəcəyi təmin edilir. Artıq ermicə yazılan Şuşa yazısı görünür.
"İçimizdə daima o hiss olub ki, biz Şuşanı azad edəcəyik. O inam bizdə olub. Mən hətta bir çox rəhbər heyətinə də əməliyyatların başlanması anından bir neçə saat sonra məruzə etmişəm ki, hansı vaxtda oranı biz ələ keçirəcəyik. Hadrut və Füzulini ələ keçirdikdən sonra, gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatını apardıq. Əməliyyatın ilk günü tam əmin idim ki, Şuşanı biz təmizləyəcəyik. Bununla bağlı hətta Müdafiə Nazirliyində bir-iki nəfərə də bunu qeyd etmişdim”.
Artıq Şuşanın azadlığının total xarakter aldığını görən düşmən, Azərbaycan ordusunun təminat yollarını bağlamağa cəhd edir. Laçın istiqamətindən bütün imkanları ilə hücuma keçir. Laçın-Şuşa-Xankəndi yolunu nəzarətdə saxlayan qüvvələrlə qanlı döyüşlərə girsə də, məqsədinə çata bilmir və geri çəkilir.
Bizim əsgərlər yol üzərinə çıxanda düşmən bizimkilərlə ermənicə danışmağa başlayıb. Çünki onların ağlına belə gəlməzdi ki, əsgərlərimiz onların döyüş mövqeyinin içindədir. Düşmən dərhal yol üzərində məhv edilir!
Noyabrın 6-sı səhər saatlarında XTQ təyin olunmuş həddə çatır.
Eyni zamanda xüsusi təyinatlı qrupların artıq Şuşanın içində olduğunu görən düşmən, Xankəndi istiqamətindən şəhərdəki qüvvələrinə yardım etməyə can atır. Növbəti dəfə Qala divarları istiqamətində Şuşaya girməyə cəhd edir.
15 nəfər XTQ üzvü təmizləmə əməliyyatı üçün Şuşanın içinə doğru hərəkət edir. 20 nəfər isə Qalanın müdafiəsində qalır. Düşmənin canlı qüvvəsi məhv edilir, düşmən tankları isə onun arxasında piyada qüvvəsinin qalmadığını görür və geriyə doğru qaçır. Üstündən bir neçə saat keçdikdən sonra, düşmənin ikinci həmləni edir. Bu zaman XTQ-də olan tank əleyhinə vasitələr tükənmişdi. Düşmən isə tankı uzaqdan vura bilmədiyimizi görüb bir az ürəklənir. Ermənilərin canlı qüvvəsi yenə məhv edilir, tanklar geri dönür.
Düşmən Şuşanın içinə şəxsi heyəti maşınlarda keçirmək istəyir. Axşam saat 17:30-dan başlayan döyüş səhər saat 6-ya kimi davam edir.
XTQ-nin snayperləri köhnə Şuşa otelinin 4-cü mərtəbəsinə yerləşirlər. Buradan şəhərin əsas küçələrini müşahidə altına almaq mümkün olur. Snayperlər 15 ermənini təmasa girməyə imkan vermədən məhv edir. Ora təmizləndikdən sonra XTQ qrupları əraziyə daxil olur. İcra Hakimiyyətinin altında düşmənin qərargahı olub. Qərargahın şəxsi heyətini snayperlərimiz, əksəriyyətini də başından vurmaqla məhv etmişdilər.
Çıxılmaz vəziyyətdə qalan düşmən, şəhəri bir neçə istiqamətdən ağır artilleriyadan atəşə tutmağa başlayır. Bu zaman ermənilər hətta "İskəndər”, "Smerç” tipli raketlərdən, o cümlədən kasetli bombalardan istifadə edir. Bu qədər şiddətli atəşlərə baxmayaraq, XTQ-dən həmin an yaralanan belə olmur.
Şuşa artıq azaddır!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























