Helikopter qəzasında şəhid olan hərbçilərdən neçəsi müharibə iştirakçısıdır?

Noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Helikopter qəzasında şəhid olan Azərbaycan hərbçilərindən 7-si İkinci Qarabağ müharibəsində iştirak edib, orden və medallarla təltif olunublar.
Polkovnik Fizuli Cavadov Vətən müharibəsi ilə bərabər Birinci Qarabağ müharibəsində də döyüşüb. Xidmət etdiyi dövrdə 13 orden və medalla təltif olunub. Müharibədə aktiv döyüş əməliyyatlarında iştirak edən polkovnik şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Polkovnik Emil Nəzirov xidmət dövründə 13 medalla təltif olunub. Hər iki Qarabağ müharibəsində iştirak edib və dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Mayor Murad Məmmədov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə ümumilikdə 9 medalla təltif olunub. İkinci Qarabağ müharibəsində aktiv döyüş əməliyyatlarında iştirak edib. "Hərbi xidmətlərə görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Mayor Emil Mayılov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə ümumilikdə 9 medalla təltif olunub. Şəhid mayor "Hərbi xidmətlərə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Mayor Emil Əliyev xidməti dövründə 9 medal alıb. İkinci Qarabağ müharibəsində iştirak edən mayor Əliyev "Hərbi xidmətlərə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Mayor Elmir Həsənov xidmət müddətində 7 orden və medalla təltif olunub. Mayor "Hərbi xidmətlərə görə” və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Kapitan Cavid Bayramlı xidməti dövründə 3 medalla təltif olunub. İkinci Qarabağ müharibəsində aktiv döyüş əməliyyatlarında iştirak edib. "Hərbi xidmətlərə görə” və "Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Tibb xidməti kapitanı Ceyhun Əhmədxanov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Kapitan Xəyyam Əliyev xidmət etdiyi dövrdə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı ilə təltif olunub.
Baş leytenant Fərid Nağıyev hərbi xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı ilə təltif edilib.
Leytenant Abdulla Süleymanov hərbi xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























