Deputatlar AXC parlamentinin fəaliyyətindən DANIŞDI

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ali qanunverici orqanı - parlamentinin yaranmasından 103 il ötür. 1918-ci ilin dekabrın 7-də saat 13.00-da Azərbaycan parlamentinin ilk iclası başlayıb.
Anews.az VI çağırış Milli Məclisin deputatları ilə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ilə hazırkı parlamentin fəaliyyətinə münasibəti öyrənib.
Millət vəkili Sabir Rüstəmxanlı bu günü Azərbaycan Xalq Cümhuriyyətinin ilk iclası keçirilən gün kimi hesab etmir.
"Mayda qurulan Cümhuriyyət dekabra kimi parlamanetsiz necə yaşa bilərdi? Mən bu suala AXC parlamentinin ilk iclasının 7 dekabrda başlaması kimi münasibət bildirsəm məndən səhv tutarlar ki, Milli Məclisin deputatı bilmir ki, Xalq Cümhuriyyətinin məclisi nə zaman fəaliyyətə başlayıb. Vikipediyada yazılan tarix səhvdir. Mən bu suala Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin dekabrda fəaliyyətə başlaması kimi cavab verə bilmərəm", - deyə Sabir Rüstəmxanlı deyib.
Deputat Razi Nurullayev Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin dövrümüzə qədər gəlib çıxan çox vacib qanunlar qəbul etdiyini bildirib.
"Keçən əsrin əvvəllərində yaranan Azərbaycan Xalq Cümhuriyyətimizin ilk parlamenti yaddaşımda xoş xatirələrlə qalıb. Həmin parlament Azərbaycanın milli valyutasını, dövlət atributlarını,Azərbaycanı dünyada bir neçə ölkəsində tanıda bilən qanunlar qəbul edib. Qəbul etdikləri qərarların bu gündə müstəqilliyimiz dövründə istifadə edirik. Azərbaycan parlamenti müsəlman dünyasında ilk cümhuriyyət parlamentdi olub. VI çağırış parlamentində isə yaddaşında qalan ən böyük qanun layihəsi əlilliyin təyinatı ilə bağlı olan qanun idi. Çox ciddi müzakirələr getdi və hətta 13 nəfər də o qanunun əleyhinə səs vermişdi. O qanun nəticəsində gələn il yanvarın birindən əlillik xəstəliklərin həcminə və meyarlarına görə müəyyən olunacaq. Bu günə qədər 250 xəstəlik meyarı ilə müəyyən olunurdusa, bundan sonra 800 qədər xəstəlik meyarı müəyyən olunub ki, bu da əlilliyin təyin olunmasını asanlaşdıracaq və bu sahədə olan narazılıqları aradan qaldıracaq", - deyə Nurullayev qeyd edib.
Deputat Elman Nəsirov Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin ilk iclasının keçirilməsi ilə bağlı tarixi günlə bağlı münasibət bildirməkdən imtina etdi.
"Elə sual vermisiz ki, birbaşa cavab vermək çətindir. Çox dərin sualdır. Bunu düşünmək lazımdır. Bu dəqiqə ağlıma gələni desəm düzgün olmaz. VI çağırış parlament çox mühüm qanunlar qəbul edib", - deyə bildirib.
Ailə, Qadın və Uşaq məsələləri üzrə komitənin sədri Hicran Hüseynovanın fikrincə mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində deputat seçilən Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov ilk parlamentin işində fəal iştirak edərək, çar Rusiyasının xalqımıza qarşı yeritdiyi ayrı-seçkilik siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu kəskinliklə tənqid edirdi.
"XX əsrin əvvəllərində başlayaraq 1905- ci ildə Azərbaycan çar Rusiyasının ilk parlament seçkilərində iştirak etməklə bu ənənənin əsasını qoyub. Çox çətin və mürəkkəb bir tarixi dövrdə yaranan Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti çox az fəaliyyət göstərməsinə baxmayaraq peşəkarlığı, humanizmi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Təkcə qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunan qərar və iclaslara çıxarılan məsələlərin müzakirəsi buna əyani sübutdur. Xüsusilə də,16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, qadınların əmək hüquqlarının müdafiəsi, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması və digər məsələlərlə bağlı aparılan müzakirələr və qəbul olunan qanunlar həmin dövrdə qadınlar üçün yaradılan imkanların parlaq nümunəsi idi. Qəbul olunmuş bu qanunlara görə biz hətta bir çox Avropa ölkələrini qabaqlayırdıq. Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Burada bir məsələyə də toxunmaq istərdim ki, 103 il bundan əvvəl qadın deputat olmasa da qadınlar ölkə həyatının bütün sahələrində fəaliyyət göstərir, digər qadınların da aktiv iştirakı üçün çalışırdılar. Şəfiqə Əfəndizadə Parlament dəftərxana rəisinin köməkçisi, Humay Atakişiyeva, Ceyran Şirinzadə, Rübabə Yaqubzadə, Zeynəb Rizvanova qeydiyyatçı və kargüzar vəzifələrində çalışırdılar. Eləcə də, Hökumətin İşlər İdarəsində, Xarici İşlər, Daxili İşlər, Yollar, Əkin və Əkinçilik, Xalq Maarifi Nazirliyinin Aparatında qadınlar işləyirdi. İdarəetmə orqanlarında 26 –dan artıq qadın çalışırdı. Bu, şübhəsiz ki, o illərin Azərbaycan cəmiyyəti üçün bu göstərici qadın iştirakçılığına münasibətdə görünməmiş müvəffəqiyyət idi.
Hazırda Milli Məclisin 18,3%-i qadın, komitə sədrlərinin 86,7%-ni kişilər, 13,3% -ni qadınlardır. Parlamentin Aparatında kişi şöbə müdirləri 78,6 %, qadın şöbə müdirləri isə 21,4, şöbə müdirlərinin müavinlərinin gender bölgüsünə gəldikdə isə 77% kişilərin, 23 % isə qadınların, sektor müdirləri arasında qadınların xüsusi çəkisi 25,7%, kişilərin xüsusi çəkisi isə 74,3 %-dir. Milli Məclisdə digər vəzifələrdə çalışanları 54,4% qadın, 45,6%-i kişidir. Bu statistik rəqəmlər bir daha göstərir ki, Azərbaycanda qadınların parlamentdə həm millət vəkili, həm də Milli Məclisin Aparatında ayrı-ayrı vəzifələr üzrə sayı artır", - deyə Hicran Hüseynova əlavə edib.
Deputat Aqil Abbas mövzuya münasibət bildirməkdən imtina etdi.
Millət vəkili Vahid Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yaranmasının çox ağır dövrə təsadüf etdiyini deyib.
"Qısa müddət ərzində elə bir dövrdə fəaliyyət göstərmək çox çətin olub, amma buna baxmayaraq bizim dahi insanlarımız parlamentə rəhbərlik edib. Onlar qısa bir müddətdə hökümət də formalaşdırıblar. Həmin dövrün parlamentində təxminən 200-ə yaxın qanunlar qəbul edilib. Demokratiya, iqtisadiyyat, sosial siyasi, humanitar məsələr qanun layihələrində əksini tapıb. Nə qədər ağır olsa da, o vaxtın parlament üzvləri faktiki çox ciddi işləyiblər. Bizim üçün də yaxşı arxiv saxlayıb gediblər. VI çağırış parlamentdə çox ciddi qanunlar qəbul olunub. O dövrün parlamentində qadın deputatlar olmasa da hazırki parlamentdə qadın deputatların sayı artır. Aralarında komitə sədri olan qadın həmkarlar da var", - deyə qeyd edib.
Deputat Cavanşir Paşazadə o dövrün parlamenti fəaliyyəti dövründə yadda qalan qanunlar qəbul etdiyini bildirib.
"Azərbaycan Xalq Cümhuriyyətin birinci dövründə Azərbaycan parlamentinin başlanması məhz tarixin bu gününə təsadüf edir. O dövrdə Azərbaycan üçün qəbul olunan qanunlar və onların həyata keçirilməsi birinci növbədə Azərbaycanda demokratiyanın göstəricisi idi. Həmin dövrdə iqtisadi, siyasi, sosial məsələrə aid qanunlar müzakirə edilərək qəbul edilib. VI çağırış parlamentdə yadda qalan dönəm oldu.Azərbaycanın 30 illik işğalda qalan torpaqları azad olunub. Milli Məclisdə bununla bağlı qəbul olunan bütün qərarları yadda qalan olub", - deyə Paşazadə qeyd edib.
Millət vəkili Asim Mollazadə sualı eşitdikdən sonra cavab verməkdən imtina etdi.
Regional Məsələlər komitəsinin komitə sədri deputat Siyavuş Novruzovun sözlərinə görə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Azərbaycan xalqı üçün tarixi hadisə olub.
"Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti şərqdə ilk demokratik respublikanın parlamenti olub. Bu xalqımız üçün tarixi hadisədir. Müasir dövlətimz də həmin dövlətin bərpasına bağlı olub. Həmin parlamentdə kifayət qədər qanunlar qəbul olunub, franksiyalar fəaliyyət göstərib. Həm də həmin dövrdə baş nazir olan Fətəli Xan Xoyskinin bu gün doğum günündür. VI çağırış parlamentdə qəbul olunan qanunlar çox olub. Əsası isə Vətən Müharibəsi ilə əlaqədar olan, o cümlədən azad olunmuş torpaqların yeni adlarının bərpası ilə bağlı olan qanunlar qəbul olunmasıdır. Onu deyim ki, hər parlamentdə xanım deputatların sayı artır. Azərbaycanda gendər proqramı tam şəkildə yerinə yetirilir və gələcəkdə xanım siyasətçilərin sayı artır", deyə Siyavuş Novruzov əlavə edib.
Millət vəkili Məlahət İbrahimova Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin ilk iclasının keçirildiyi günü qızıl hərflərlə yazılan bir tarix hesab edir.
"Həqiqətən qürurlu gündür. Azərbaycanda 1918-ci il 7 dekabr demokratik respublikanın parlamantenin ilk iclasının keçirdiyi gün kimi qeyd edilir. İşğal altında olan torpaqlar azad olunub. Azərbaycan respublikasının qurucularının ruhu şaddır. Ötən müddət ərzində bir yol keçmişik. 103 ilin içində sovet dövrü də var. Amma sovet dövründə də Azərbaycan parlamenti müəyyən işlər görüb. Azərbaycan parlamenti qadınlara seçib - seçilmək hüququ versə də parlamentdə qadın yox idi. Yalnız Gürcüstan parlamentində Pəri Sofiya adlı azərbaycanlı qadın deputat olub. O qadın dünyada, Avropada nümunə olub.VI çağırış parlamentdə prezidentimizin müharibəyə dövründə və müharibədən sonrakı dövrlərdə əhatə edəcək və qəbul olunacaq qanun layihələri çox əsas və yadda qalan idi. Eləcə də Türkiyə Prezidentinin Milli Məclisdə iştirak etməsi və parmaneti qazi məclis adlandırması tarixi bir hadisə oldu", - deyə Məlahət İbrahimova bildirib.
Millət vəkili Musa Qasımlı düşünür ki, Azərbaycan Xalq Cümhuriyyətində yaranan parlament ölkənin taleyi üçün vacib olan bir sıra qanunlar qəbul edib.
"1918-ci il 7 dekabr Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Həmin gün Azərbaycan Xalq Cümuhuriyyətinin parlamenti öz iclasına başlayıb. Azərbaycan parlamenti demokratik idi. Həm yerli, aborgent millətin nümayəndələri, həm də şimal torpaqları işğal edildikdən sonra çar Rusiyası tərəfindən köçürülmüş xalqların nümayəndələri Azərbaycan parlamentinə daxil edilib. Parlamentdə erməni milli şurası.daşnaqüstü slavyan cəmiyyəti,udd ,yəhudilərin nümyəndəsi var idi. 120 nəfərdən ibarət parlamentdə 11 fraksiya, şöbə fəlaiyyət göstərirdi. Bütövlükdə 230 qanun qəbul edib. Fəaliyyəti dövründə Azərbaycan parlamenti bir sıra xüsusi iclaslarını keçirib. Onlardan biri Bakının azad edilməsi ilə bağlı, Azərbaycanın dövlət müstəqilliyinin, Gürcüstanla münasibətlər, Ermənistanın Gürcüstana müharibə elan etməsi və s məsələlərlə bağlı olub. Son iclası 1920-ci il aprelin 27-də olub və həmin iclas Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyub", - deyə Musa Qasımlı əlavə edib.
Deputat Naqif Həmzəyev də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox ağır şəraitdə fəaliyyət göstərdiyini qeyd edib.
"Azərbaycan Xalq Cümhuriyyəti çox ağır şəraitdə fəaliyyət göstərib. Fəaliyyətə başladığı dönəmdə paytaxt Gəncə olub. Sentyabrın 15-i Bakı azad edildikdən sonra parlamentin fəaliyyəti Bakıda davam etdirilib. Çox mütərəqqi qanunlar qəbul edib. Qısa müddət ərzində tələb olunan baza qanunları qəbul edib. 23 aydan sonra müstəqilliyə son qoyulub. O ərəfədə şərdə ilk dəfə qadınlara səs vermək hüququ da verilib. Avropanın bəzi ölkələrində qadınlara seçib seçmək hüquqi sonralar verilib. Həmin vaxtda qızların təhsil almasında müəyyən problemlər var idi deyə Azərbaycan Xalq Cümhuriyyətinin parlament siyahısında qadın deputatlar yox idi. VI çağırış parlament bir çox yadda qalan qanunlarla tarix yazıb", - deyə millət vəkili bildirib.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində ümumilikdə 270-dən çox qanun layihəsi təqdim edilib, onlardan 230-a yaxını qəbul edilib. Qanunların hazırlanması, müzakirəsi və təsdiqində 11 fraksiya və qrupun deputatları iştirak edib. parlamentdə 11 komissiya fəaliyyət göstərib. Maliyyə-büdcə komissiyası, Qanunvericilik təklifləri komissiyası, Müəssislər məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, Mandat komissiyası, Hərbi işlər üzrə komissiya, Aqrar məsələlər üzrə komissiya, Sorğular üzrə komissiya, Təsərrüfat-sərəncamverici məsələlər üzrə komissiya, Ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət komissiyası, Fəhlə məsələləri üzrə komissiya və Nəşriyyat-redaksiya komissiyası. Komissiyalar parlamentin ümumi iclasında parlament fraksiyaları üzvlərindən təşkil olunub. Komissiyalara onun üzvləri arasından seçilmiş sədrlər rəhbərlik ediblər.parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – "Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunub.
Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ölkənin ilk qanunverici orqanın fəaliyyətini belə şərh edib:
"Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.
Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ölkənin ilk qanunverici orqanın fəaliyyətini belə şərh edib:
"Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.
İSTİQAMƏT: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin,dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























