Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür - 138 il

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür.
Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra .Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilib.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib.
1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlandı. O, AXC-nin süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə "Azərbaycan Milli Mərkəzi”ni (İstanbulda), "Müsavat” Partiyasının Xarici Bürosunu yaratdı və "Müsavat”ın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi. O, eyni zamanda siyasi mühacirətin parçalanmasının qarşısını almağa, onun vahid mərkəzdən idarə olunmasına çalışırdı. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə "Prometey” təşkilatı yaradıldı. "Promotey” sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi. 1928-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, "Əsrimizin Səyavuşu”, "İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqaziya” jurnalı nəşrə başlayır. Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, "Millət və Bolşevizm” və "Qafqasya türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü” (1928-1931), sonra isə "Odlu yurdu” (1929-1930) jurnalları və həftəlik "Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. O, 1931-ci ildə sovet hökümətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur oldu. Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir.
1932-ci ildə Rəsulzadənin siyasi fəaliyyətinin Polşa dövrü başladı. 1934-cü ildə Ə.Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzaladı. Sazişə əsasən Qafqazda Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikalarından ibarət konfederasiya dövləti – respublikası yaratmaq nəzərdə tutulurdu. Ə.Topçubaşovun ölümündən (1934) sonra siyasi mühacirətin istiqlal mübarizəsində aparıcı rol oynadı. 1936-cı ildə Varşavada "Müsavat”ın qurultay səlahiyyətli konfransını keçirdi. Məhəmməd Əmin Rəsulzadə konfransda "Milli hərəkatda Firqə” mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, partiyanın həm Azərbaycan daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, "şəxslər müvəqqəti, ideologiya əbədidir” tezisini əsas tutaraq, siyasi mühacirləri istiqlal ideologiyasına sadiq olmağa çağırdı. 1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Ruminiyaya keçdi. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girdi. Lakin danışıqlar uğursuzluqla nəticələndi. M.Ə.Rəsulzadə Berlində "Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıxı surətdə işbirliyi təmin etmək” məqsədilə "Milli Azərbaycan Komitəsi”ni yaratdı. Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə alınmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getdi. Müharibənin sonuna yaxın Münxendə gizli şəraitdə yaşayan Rəsulzadənin yaratdığı "Azərbaycan Demokrat Birliyi” cəmiyyəti azərbaycanlıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı "Türkiyə-Azərbaycan” cəmiyyəti isə onların Türkiyəyə aparılmasına kömək göstərdi. Müharibədən sonra, 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. O, eyni zamanda bütün Azərbaycan mühacirlərini vahid mərkəz ətrafında birləşdirmək məqsədilə Ankarada Azərbaycan Kültür Dərnəyini yaratdı (1949, 1 fevral). 1952-ci ilin dekabrında Münxendə keçirilən Ümumi Qafqaz Kofransında iştirak etdi. Konransın qərarına əsasən, Azərbaycan, Gürcüstan, və Şimali Qafqazın təmsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradıldı. Amerika Birləşmiş Ştatlarına gedərək AXC-nin yaradılmasının 35-ci ildönümü münasibətilə 1953-cü il mayın 28-də "Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına müraciət etdi.
Rəsulzadə mühacirətdə olduğu dövrdə siyasi fəaliyyətlə yanaşı ədəbi fəaliyyətini də davam etdirmişdir. 1930-cu ildə Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti” və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal” (1932-1934) qəzeti və "Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi. 1933-cü ildə Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı da böyük maraq doğurur. Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının” 1-ci cildində "Azərbaycan ləhcəsi” adlı məqaləsi dərc edilmişdir. M.Ə.Rəsulzadənin 1949-cu ildə Ankarada "Azərbaycanın kültür kələnkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirib.
Həmin ildə Məhəmməd Əmin Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan Respublikası” məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan "Britaniya ensiklopediyası”nda "Müsavat” partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan "Türk ensiklopediyası”nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu” və "Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, Məhəmməd Əmin Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, 2-ci Dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz” (1932-1938) və fransızca buraxılan "Prometey” (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "M.Ə.Rəsulzadə”, "Yalvac oğlu”, "Məhəmməd Əmin”, "M.Əlif Rəsulzadə” və s. qeyd etmək olar.
Rəsulzadə Azərbaycan mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ömrünün sonunadək Azərbaycanın müstəqilliyini bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirib.
Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























