Yeni sərəncam korrupsiyanı azalda biləcəkmi? - Rəsmilərdən açıqlama

İlham Əliyev bu il aprelın 4-də imzaladığı sərəncamla "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib. Sözügedən plan dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması məqsədi daşıyır. Sənəd eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin olunmasına xidmət edir.
"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya mübarizəyə hansı yeniliklər gətirəcək?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyir ki, bu böyük bir proqram olacaq və proqramda geniş tədbirlər nəzərdə tutulub.
"Korrupsiya və rüşvətxorluq olduğu müddətcə onunla mübarizə də həmişə olacaq.1969-cu il Heydər Əliyev hakimiyyətə gələndə korrupsiyaya qarşı mübarizənin əsasını qoyub. Hətta o zamanda çəkilən "İstintaq" filmi səs-küyə səbəb oldu. Bununla bağlı Moskvadan narazılıqlar da gəldi. Azərbaycanda bu mübarizə o vaxtdan aparılır. 2022-2026-ci il planı irihəmcli plandır. Burada dövlət orqanlarının üzərinə belə bir vəzifə qoyulur ki, hərə öz sahəsində konkret istiqamətlərdə mübarizəni davam etdirsin. Bütün dünyada bəlaya çevrilən bu cinayət deyərdim ki, cinayətlər içərisində ən dəhşətlisidir. Qarşısını almadıqda metaztas verir", - millət vəkili bildirib.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə hesab edir ki, bu sistem kağız üzərində yaxşı işləyir, pratikada özünü doğrulda bilmir.
"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” heç nəyi dəyişməyəcək. Azərbaycan Avropa Şurasına daxil olanda belə bir öhdəlik götürmüşdü ki, gəlirlərin deklarasiyası haqqında məlumat verəcək, yəni hər kəs öz gəlirləri haqqında məlumat verməli idi. Prezident Nazirlər Kabinetinə sərəncam əsasında tapşırdı ki, blank hazırlansın. Nazirlər Kabineti də o blankı hazırlayıb bitirə bilmir. Məhz ondan sonra Milli Fəaliyyət planı hazırlanır. Plan əsasında monitorinqlərin qiymətləndirilməsi aparılmır. Bu müstəqil qurumlar tərəfindən aparılmalıdır. Burada isə özləri yazır, təsdiq edir, planı icra etmiş olurlar. Milli fəaliyyət planının əsas bəndlərindən biri vətəndaş cəmiyyətinin nəzarətinin olmasıdır. Bu cür nəzarəti də müstəqil ekspertlər apara bilər", - o bildirib.
Qəhrəmanlı onu da deyir ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı təklifləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərsələr də heç bir cavab almayıblar.
"Ölkədə rüşvətxorluqla bağlı 2020-ci ildə analitik bir araşdırma yazısı hazırladıq. Amma bizim təkliflərə cavab verilmədi. Korrupsiyaya qarşı Mübarizə İdarəsində içşi qrupları var. Bu sahədə isə iş getmir. Ölkədən milyonlar çıxır. Bu korrupsiyadır. Yalnız bu mübarizədə uğurlu layihə kimi "ASAN" xidməti göstərmək olar ki, bu sistemlə bəzi sahələrdə rüşvətxorluq məsələləri azaldıldı. Müstəqil qiymətləndirmə olmadıqca bu sistem öz doğru həllini tapmayacaq", - Mirvari Qəhrəmanlı qeyd edib.
"2022-2026-ci illərdə Milli Fəaliyyət Planı" çərçivəsində bəzi qurumlara ciddi tapşırıqlar da verilib.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi Əziz Əlibəyli bildirir ki, bu plan çərçivəsində onların da üzərinə ciddi öhdəliklər qoyulacaq.
"Sosial Tədqiqatlar Mərkəzinin nizamnaməsinə görə dövlət orqanlarının fəaliyyətini sorğu əsasında müəyyən edirik. Məhz həmin sorğular da vətəndaş cəmiyyətinin üzvləri arasında keçirilir. 2022-2026-ci ildə təsdiq edilən Milli fəaliyyət Planına görə bizim mərkəz dövlət orqanlarının xidmətlərinin kefiyyətlərinin qiymətləndirməsi üzərində sorğulardan ibarət oalcaq. Bir sözlə dövlət qurumlarının gördüyü xidməti artıq ölçə biləcəyik", - mətbuat katibi deyib.
Milli Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlərin müvafiq icraçı qurumlar üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Sərəncama görə, Nazirlər Kabinetinə fəaliyyət planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi və bu sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya isə tövsiyə olunub ki, fəaliyyət planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etsin. Komissiya eləcə də bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görəcək, fəaliyyət planının həyata keçirilməsi barədə ictimaiyyəti mütəmadi məlumatlandıracaq.
Azərbaycanda Korrupsiyaya qarşı mübarizə haqqında qanun 2005-ci ilin yanvarın 1-dən qəbul olunub. Son illərdə ölkədə bu mübarizə çərçivəsində bir çox yüksək vəzifəli şəxslər hansı ki, içlərində nazir, icra başçıarı və bir çox vəzifəli şəxslərin adlıarını çəkmək olar ki, onlar rüşvətxorluq səbəbindən həbs olunublar.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























