Azərbaycan hərbi xərclərin ən çox olduğu 5-ci ölkədir - HESABAT

Azərbaycan hərbi xərclərin Ümumi Daxili Məhsulda (ÜDM) payına görə, ölkələrin siyahısında 5-ci yeri tutur. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında yazılıb.
Hesabat görə, Azərbaycanın hərbi xərcləri ÜDM-də 5,3% təşkil edib. Hərbi xərclərin ÜDM-də həcminə birinci yeri Oman (7,3%), ikinci yeri Küveyt (6,7%), üçüncü yeri Səudiyyə Ərəbistanı (6,6%), dördüncü yeri isə Əlcəzair (5,6%) tutur.
Hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulunun açıqlamasına görə, dövlətlərin hərbi xərclərini artırması iqtisadi mənada müsbət qiymətləndirilmir. Amma onun fikrincə, Azərbaycan məcburiyyətdən bu istiqamətdə ciddi resurslar ayıran dövlətlər sırasındadır.
"Bir çox inkişaf etmiş dövlətlər bu səbəbdən təhlükəsizlik məsələlərinə ayırdıqları büdcəni balanslaşdırmaq üçün müdafiə sənayelərini inkişaf etdirməyə çalışırlar. Təbii ki, müstəqilliyinin qarant altında olması ilə vəsaitlərini əlavə olaraq sosial vəziyyətin yaxşılaşdırılmasına sərf olunmasını hər bir dövlət istəyərdi. Amma bizim kimi, geostrateji olaraq qaynar bir çoğrafiyada tarix boyunca istilalara məruz qalmış dövlətin daimi güclü bir ordusunun olması məcburi və əsas şərtlərdən biridir", - ekspert bildirib.
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, müharibədən çıxan ölkənin hərbi xərcləri çox olmalıdır. O vurğulayır ki, ayrılan məbləğ şəffaf xərclənərsə ordu quruculuğunda yüksəlişlər olacaq.
"Azərbaycan müharibə dönəmində yeni silah-sursat aldı. Ümumiyyətlə, İkinci Qarabağ savaşı hərbi xərclərə təsir etdi. Bunlar böyük vəsait tələb edirdi. Vaxtaşırı yeni hərbi hissələr açılır. Orada qalacaq hərbi qulluqçuların yeməyi, geyimi də də xüsusi vəsait tələb edir. Bütün bunları nəzərə alsaq Azərbaycanın hesabatda 5-ci olması gözləniləndir. Bu il üçün dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan vəsait 4,5 milyard manat olub. Bu vəsaitdən müdafiə qüvvələrinə 2,2 milyard manat, milli təhlükəsizlik xərclərinə 285,5 milyon manat, sərhəd xidmətinə 441,6 milyon manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 4,12 milyon manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 1,6 milyon manat xərclənəcək. Qeyd etdiyimiz rəqəmlər az deyil. Orduda yüksək islahatlar gözləniləndir", - Verdiyev əlavə etdi.
SIPRI hesabatına görə, 2021-ci ildə dünya hərbi xərcləri ilk dəfə olaraq iki trilyon ABŞ dolları həddini keçərək $2,113 trilyona çatıb. Ötən ildəki qlobal xərclər 2020-ci ildəkindən 0,7%, 2012-ci ildəkindən isə 12% çox olub. COVID-19 pandemiyasının iqtisadi təsirləri dünya hərbi xərclərinin 2015-ci ildən bəri müşahidə edilən davamlı artım tendensiyasına son qoymadı. 2021-ci ildə bütün dünyada güclü iqtisadi canlanma nəticəsində dünya hərbi xərclərinin dünya ümumi daxili məhsulunda payı 2020-ci ildəki 2,3%-dən 2,2%-ə faizə enib. 2021-ci ildə dövlət xərclərinin payı kimi orta hərbi xərclər 2020-ci ildə olduğu kimi, 5,9% səviyyəsində qalıb.
İlk 15 ölkənin hərbi xərcləri 2021-ci ildə 1,7 trilyon dollara çatıb ki, bu da qlobal hərbi xərclərin 81%-i təşkil edir. ABŞ (2021-ci ildə dünya hərbi xərclərinin 38%i təşkil edir) və Çin hərbi xərclərə ən çox pul ayıran ilk iki ölkə olaraq qalır. Bununla belə, 2020 və 2021-ci illərdə ilk 15 ölkə arasında sıralamada bəzi nəzərəçarpacaq dəyişikliklər oldu. Böyük Britaniya və Fransanın hər biri iki pillə irəliləyərək 2021-ci ildə müvafiq olaraq dördüncü və altıncı ən çox pul xərcləyən ölkələr oldu. Hərbi xərclərinin 17% azalmasından sonra Səudiyyə Ərəbistanı dördüncÜ sıradan səkkizinci yerə düşüb. İran hərbi xərclərini 11% artıraraq 2021-ci ildə 14-cü yerə düşüb. İran son 20 ildə ən çox hərbi xərcləri olan 15 ölkə arasında yer alıb. 2021-ci il həm də Əfqanıstanda təxminən iki onillik davam edən beynəlxalq hərbi mövcudluğun sonu oldu. 2001-2021-ci illər arasında ABŞ Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrini gücləndirmək üçün 85 milyard dollara yaxın sərmayə qoyub.
2021-ci ildə Türkiyənin hərbi xərcləri ardıcıl iki ildir ki, 15,5 milyard dollara düşüb. Bu da 2020-ci illə müqayisədə 4,4% azalma deməkdir. Son ixtisarlara baxmayaraq, 2012-21-ci onillikdə Türkiyənin hərbi xərcləri 63% artıb. Xərclərdəki bu kəskin artım Türkiyənin Yaxın Şərq və Şimali Afrikada hərbi fəaliyyətini genişləndirməsi və silah istehsalında özünü təmin etmək üçün davam edən səyləri ilə üst-üstə düşdü. Bununla belə, hərbi xərclərin son azaldılmasının Türkiyənin silah idxalından asılılığını azaltmaq məqsədinə necə təsir edəcəyi bəlli deyil.
2021-ci ildə 11,6 milyard dollarla Qətərin hərbi xərcləri Yaxın Şərqdə beşinci ən yüksək hərbi xərcdir. 2021-ci ildə Qətər 2010-cu ildən bəri ilk dəfə hərbi büdcəsi ilə bağlı məlumat açıqlayıb. SIPRI-nin hesablamalarına görə, Qətərin xərcləri 2010-2021-ci illər arasında 4,3 dəfə artıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























