Türkiyə- Ermənistan danışıqlarının üçüncü raundu mayın 3-də baş tutacaq - GÖZLƏNTİLƏR

Türkiyə və Ermənistan rəsmiləri mayın 3-də Avstriyanın Vyana şəhərində iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üzrə danışıqların üçüncü raundunu keçirmək niyyətindədirlər. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirirb.
Türkiyə-Ermənistan rəsmilərinin görüşü Azərbaycan üçün necə nəticlənə bilər?
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri, AK Parti İstanbul millət vəkili Şamil Ayrımın sözlərinə görə, Azərbaycanın istəmədiyi heç bir məsələ o masada gerçəkləşməyəcək.
"Ermənistan Azərbaycanla münasibətlərini tam normallaşdırmalıdır. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı coğrafi koordinatlar verməli, Azərbaycan tərəfinin təklif etdiyi 5 maddə qəbul edilməli və iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır. Bütün bu proseslər bitdikdən sonra paralel şəkildə Türkiyə Ermənistanla münasibətləri ilə bağlı danışıqlar davam etdirilə bilər. Sərhədlərin açılması,ticarət məsələləri əsas məsələlər həllini tapdıqdan sonra danışıla bilər. Bir sözlə mayın 3-də keçirilən görüşdə Azərbaycan varmış kimi danışıqlar aparılacaq", - millət vəkili deyib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun fikrincə, Azərbaycan-Ermənistan münasibətləri istiqamətində əldə edilmiş uğurlar Türkiyə-Ermənistan münasibətlərində müsbət tendensiyaları müəyyən edəcək.
"Artıq Brüssel sülh gündəliyi müəyyən edilib və Ermənistan sülh danışıqlarını qəbul edib. Hazırda bu istiqamətdə proseslər davam edir. Vyana danışıqlarının 3-cü raundunu müsbət hal kimi dəyərləndirmək olar",- deputat vurğulayıb.
Ehtiyatda olan türkiyəli general Yücel Karauz isə bildirir ki, bu görüşdən böyük gözləntilər gözləmək doğru olmaz.
"Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsini imzalamağa razılaşır, bir tərəfdən Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyir, digər tərəfdən isə Rusiya ilə yeni güzəştlər müəyyən edir. Bu münasibətlərdə əsas məsələ Ermənistanın güvən yaratmasıdır. Ermənsitan isə hələ bunu bacarmayıb. Cəbhədə gərginlik yaratmağa davam edir. Əgər atəşkəs olacaqsa qarşılıqlı formada güvən olmalıdır. 2-3 gün bundan qabaq Ermənistan Azərbaycan və Türkiyə bayraqları yandırıldı və bu hər iki ölkəyə qarşı çox böyük hörmətsizlikdir. Yəqin ki, Vyanadakı görüşdə Azərbaycanın təklif etdiyi 5 şərt bir daha müzakirə olunacaq. Ümumi isə böyük gözləntilər gözləmək olmaz. Təklif edirəm ki, Ermənistan özünə çarə axtarmaq üçün Moskvaya deyil, Bakı ilə təkbətək görüşləri seçsin. Ermənistan-Azərbaycan münasibətlərinin bərpası Türkiyə-Ermənistan münasibətlərinin əsas hissəsidir", - Yücel Karauz bildirib.
Milli Məclisin deputatı Sevil Mikayılovanın fikrincə mayın 3-də baş tutacaq növbəti raundunda artıq konkret addımların atılması ilə bağlı konstruktiv müzakirələrin keçiriləcəyini ehtimal etmək olar.
"30 ilə yaxın davam edən işğalçılıq siyasəti ucbatından Türkiyə Ermənistanla diplomatik əlaqələri kəsib və Azərbaycan torpaqlarının işğaldan azad olunması bu münsibətlərin bərpası üçün yeganə şərt idi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bölgədə yeni reallıqlar yaranıb və bu reallıqlarda artıq Türkiyə və Azərbaycan Ermənistanla münasibətlərinin normallaşdırmağı uyğun görürlər. Müharibədən sonra sərhədlərin açılması və münasibətlərin bərpası ilə bağlı keçirilən görüşlər bu mənada normallaşma prosesi ilə bağlı bir müəyyənlik yaradır. 2020-ci ildə Azərbayanın Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsi Türkiyə-Ermənistan münasibətlərinin bərpası yolunda əsas maneələrdən birini aradan qaldırıb, bu isə Ermənistanın regiona iqtisadi inteqrasiyası üçün şərait yaradır", - deputat vurğulayıb.
Türkiyə və Ermənistan səfirlərinin ilk görüşü yanvarın 14-də Moskvada, ikinci isə fevralın 24-də Vyanada baş tutub.
Fevralın 24-də Türkiyə ilə Ermənistan arasında çarter reysləri bərpa edilib.
Ermənistan və Türkiyə arasında münasibətlər 1993-cü ildə birinci Qarabağ savaşı zamanı dayandırılıb. Ermənistanın Dağlıq Qarabağa təcavüzü səbəbindən Türkiyə Ermənistanla sərhədi bağlayıb və Azərbaycana açıq dəstək göstərdiyini nümayiş etdirib.
İSTİQAMƏT:5.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























