• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Paşinyana cavab verib

XİN Paşinyana cavab verib
11.02.2025 11:00

Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress”də yayımlanan məqaləsində yer alan iddialarla bağlı şərhində bildirilib.

Diqqətə çatdırılıb ki, Ermənistan baş nazirinin 2025-ci il fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

"Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən, üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.

44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir",-məlumatda qeyd olunub.

A.Hacızadə vurğulayıb ki, Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir:

"Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.

Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib".

XİN sözçüsü qeyd edib ki, bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil:

"Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycanın digər əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.

Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.

Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq", - məlumatda deyilir. 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol