XİN-dən Paşinyanın NATO-dakı çıxışına cavab

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun Əfqanıstan üzrə toplantısında çıxışına münasibət bildirib.
XİN bəyan edib ki, Ermənistanın populist baş naziri NATO üzv dövlətlərinin dövlət və hökumət başçıları səviyyəsində qəbul edilmiş bəyanatına hörmətlə yanaşmaq əvəzinə əsassız şəkildə iddialar irəli sürməyə cəhd edir:
Ermənistan tərəfindən eyni formada BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təsisatların qərar və qətnamələrinə məhəl qoyulmaması və hörmət edilməməsi Ermənistanla beynəlxalq ictimaiyyət arasında ciddi uçurumun olduğunu göstərir.
Münaqişənin danışıqlar yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə Ermənistan rəhbərliyi danışıqlara qeyd-şərt qoymaq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmək, əlavə canlı qüvvə yerləşdirmək və hərbi avantüra xarakterli digər addımları ilə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Onun vəziyyətin daha da qızışdırılması məqsədi daşıyan ritorikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Ermənistan xarici işlər nazirinin bu kimi ritorikadan çəkilmək barədə çağırışları ilə ziddiyyət təşkil edir.
Azərbaycan beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistanın işğal və hərbi təcavüzünə son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli şəkildə həll edilməsi və regionda davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















