Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib

İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib. Təxminən 5 hektar sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edib.
Anews.az xəbər verir ki, ötən il yaradılmış bu ictimai çimərlikdə daha geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, sərinləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.
Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispenserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.
Yenilənmiş ictimai çimərliyin açılışı zamanı xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfər IDEA könüllüsünün iştirakı ilə kiçik təmizlik aksiyası keçirilib və ərazi tullantılardan təmizlənib.
IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə Azərbaycan və regionun su bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirir, Xəzər sahillərində, Kür və digər çaylarda mütəmadi kütləvi təmizlik aksiyaları təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















