AYİB 2023-cü ildə Azərbaycanda ÜDM artımını 1,5%, inflyasiyanı 10,3% proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ilin sonunda Azərbaycanın iqtisadi artımını 1,5%, orta illik inflyasiyanı 10,3% səviyyəsində proqnozlaşdırır.
"...Enerji ixracı yaxın müddətli artıma təkan verməkdə davam edəcək. Neft hasilatının azalmasına və qaz hasilatının artmasına baxmayaraq, Azərbaycanda sabit enerji qiymətləri və artan enerji tələbatının birləşməsinin neft və qaz gəlirlərinin yüksək səviyyəsini qoruyacağı gözlənilir. Bu, çox güman ki, dövlət investisiyalarının və dövlət xərclərinin cari səviyyələrini qoruyub saxlayacaq. Biz ÜDM artımını 2023-cü ildə 1,5%, 2024-cü ildə isə 2,5%-ə qədər proqnozlaşdırırıq. Proqnoz neftin dünya qiymətlərindəki dəyişikliklərə və geosiyasi hadisələrin Azərbaycan qazına olan tələbata təsirinə çox həssasdır”, - AYİB qeyd edir.
AYİB-in proqnozlarına əsasən, 2023-cü ilin sonuna Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 16,3%-ni (2022-ci ildə ÜDM-in 29,8%-i) təşkil edəcək.
AYİB-in məlumatına görə, Azərbaycanın 2024-cü il üçün əsas prioritetləri arasında qeyri-neft sektoruna investisiyaların daha da artırılması daxildir ki, bu da analitiklərin fikrincə, "dayanıqlı iqtisadiyyatın diversifikasiyası üçün həlledici əhəmiyyətə malikdir”.
Tədqiqatda deyilir ki, bank bərpa olunan enerji bazarı üçün hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsini, eləcə də potensialın artırılmasının "iqtisadi şaxələndirmədə mühüm rol oynaya biləcəyi” Orta Dəhliz üzərində fokuslanmağı tövsiyə edir.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü il üçün ÜDM-in artımını 1,9%, 2024-cü il üçün 2,4% səviyyəsində proqnozlaşdırır. Azərbaycanın İqtisadiyyat Nazirliyi 2023-cü ilin sonunda orta illik inflyasiyanın 9,5% olacağını proqnozlaşdırır. 2024-cü il üçün proqnoz - 5,3%.
2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6%, orta illik inflyasiya -13,9% təşkil edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















