“Leyli mini ətək və dikdaban ayaqqabılarda, Qeys isə cins və futbolkada...” - MÜSAHİBƏ

Rüstəm Qasımov
Polşalı turist Azərbaycana səfəri haqqında təəssüratlarını bölüşməyə davam edir. Ondan aldığımız müsahibənin davamı…
- Hansı mədəni tədbirlərə qatılmısınız?
- Mən ərimlə dünyanı, ələxsus da başqa xalqları, bu ölkələrin musiqi vasitəsilə öyrənməyi xoşlayırıq, əsasən də opera musiqisilə… Musiqi dünyanın anlaşılmasını maraqlı və əyləncəli edə biləcək böyük qüvvədir. Mən yalnız musiqinin yaranma tarixçəsini və onu əsrlərlə bəstələyən bəstəkarları nəzərdə tutmuram, həmçinin musiqi ilə bağlılığa malik olan insanların gündəlik həyatını və hadisələri nəzərdə tuturam. Bəzən biz hətta bu əlaqənin mövcudluğundan da xəbərdar olmuruq. Musiqini araşdıraraq, siz o faktla qarşılaşa bilərsiniz ki, Azərbaycanın energetika sənayesinin inkişafı həmçinin musiqiylə əlaqəyə malikdir. Məsələn, "Nabucco" qaz kəmərinin adı böyük italyan bəstəkarı Cuzeppe Verdinin eyni adlı operasından götürülüb. Sazişin imzalanma mərasimindən sonra bu qaz layihəsinin beş partnyoru "Vienna State Opera" səhnəsində məhz bu əfsanəvi əsəri dinləmişdilər.
Azərbaycanın tarixini öyrənməyə mən Azərbaycan dövlət filarmoniyasından başladım. Mən hətta Bakıda filarmoniyanın olmasını bilmirdim. "Wikipedia"ya baxıb, orada özümçün faydalı informasiya tapdım. Mən Bakı Filarmoniyasının nəinki qədim tarixə malik olmasından, həm də Azərbaycan tarixinin bu əhəmiyyətli bina və bu tarixi yerlə çox bağlı olmasından şoka düşdüm.
Mən 1918-ci ilin mart hadisələri, məşhur mesenat Hacı Zeynalabdin Tağıyev və onun Polşalı memarı Yuzef Qoslavski haqqında, həmçinin Polşalı memarlar tərəfindən layihələşdirilmiş və tikilmiş 500 ev haqqında oxudum. Mən Bakının Polşalı əhalisi, azərbaycanlı-polyak nikahları, bizim ümumi Azərbaycan-Polşa tariximiz, həmçinin bizim qəhrəmanlarımız haqqında informasiyalar tapdım. Qeyd etmək istərdim ki, Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadə on il boyunca Polşanın paytaxtı Varşavada yaşayıb və başqa azərbaycanlılarla yanaşı, "Prometheus Club"la əməkdaşlıq edib. Bundan başqa, nüfuzlu siyasətçinin ikinci xanımı Vanda adlı polyak olub.
Əfsanəvi müğənni Müslüm Maqomayev öz müsahibələrindən birində onu tərbiyə etmiş qadından bəhs edirdi. Bu, onun dayısı arvadı, milliyyətcə polyak Mariya idi. O qadından danışarkən, Maqomayev gülümsədi. Bu anda mən anladım ki, o qadın Maqomayev üçün üçün yaxşı xala olub (gülür).
İlk səfərimdən sonra yenidən Bakıya qayıdarkən, mən tamaşaların və konsertlərin proqramını tapmaq üçün Azərbaycan Dövlət Akademik Opera-Balet Teatrının rəsmi saytına daxil oldum. Mənə maraqlı idi ki, Azərbaycanda hansı tamaşalar səhnəyə qoyulur, xüsusilə də Azərbaycan operası. Bizim sentyabra planlaşıdırılmış səfərimiz vaxtı tamaşaların dəqiq proqramını tapa bilmədiyimdən mən teatr direktoru Akif Məlikova məktub yazdım və ondan bizə kömək etməsini və bileti necə almaq lazım olması barədə informasiya verməsini xahiş etdim. Bu məktubda mən həmçinin özüm haqqında və Azərbaycana səfərimizin məqsədi haqqında danışdım. Mən tamaşaların proqramı və bütün lazımlı informasiyalar barədə teatr direktorundan səmimi məktub aldıqda çox xoşbəxt oldum. Taleyin ironiyasına bir bax, bizim səfərimiz Bakıda hər il keçirilən Üzeyir Hacıbəylinin beynəlxalq festivalıyla təsadüfən üst-üstə düşdü. Beləliklə, proqrama böyük Azərbaycan bəstəkarının iki operası daxil edilmişdi: "Leyli və Məcnun" və "Koroğlu". Bundan başqa, Qara Qarayevin "Yeddi gözəl" baletini izləmək şansımız da oldu. Arif Məlikovun və onun əməkdaşlarının bizi gülərüzlə qəbul etməsi çox xoşumuza gəldi. Biz çoxlu maraqlı, mehriban və istiqanlı insanlarla qarşılaşdıq, bu da bizim Azərbaycana səfərimizi unudulmaz etdi.
Biz ilk baxışdan, Azərbaycan teatrını sevdik, Azərbaycan artistlərinin gözəl rəqsləri, tamaşanı müşayiət edən emosional rəngarənglik nəticəsində xüsusilə də baletinizi sevdik. Hiss olunurdu ki, artistlər buna öz ürəyini qoyurlar. Xanəndənin Azərbaycan milli incəsənəti olan muğamı ifa etməsi bizə çox zövq verdi. Qara Qarayevin "Yeddi gözəl" baleti milliyətindən asılı olmayaraq, istənilən tamaşaçının bəyənə biləcəyi şah əsərdir.
Biz Azərbaycan opera-balet teatrının səhnəsində dünyaca məşhur "Leyli və Məcnun" operasına izləyərkən, mən bu qədim məhəbbət hekayətinin müasir versiyasını xəyalımda canlandırdım. Birinci hissədə Qeys "Flame towers"ə, "Cristal Hall"a və Dövlət Bayrağı Meydanına gözəl mənzərə açılan dəniz kənarı bulvarda Leylini görür. Qeys müasir təzrdə geyinib – cins və futbolka, Leyli isə mini ətək, zərif köynək və hündür dikdaban ayaqqabılar. Sevgililər Xəzər dənizi sahilində söhbət edirlər və bir-birini sevdiklərini dərk edirlər. Vau! Axı iki aşiq arasında məhəbbət hekayəti 21-ci əsrdə də ola bilər, məgər siz belə düşünmürsünüz?
"Koroğlu" operasına qulaq asarkən, mən özüm-özümə sual elədim ki, əgər Nigar rolunu əcnəbi ifa etsə, görən Azərbaycan auditoriyası buna necə reaksiya verəcək? Məncə, əgər Nigar partiyasını əfsanəvi opera müğənnisi Anna Netrebko, Rövşən partiyasını isə – onun həyat yoldaşı Yusif Eyvazov ifa etsə, bu operanı dünyanın ən möhtəşəm səhnələrində qoymaq və bütün dünyaya yaymaq mümkün olacaq. Əminəm ki, bu iki şəxs bu məhəbbət tarixçəsinə dünya tamaşaçı auditoriyasının böyük diqqətini cəlb edə və onun dünya tamaşaçısına göstərə bilərdi!
Əlbəttə, Bakı auditoriyası Avropadan fərqlənir. Məsələn, Vyanada dirijor səhnəyə çıxmazdan əvvəl, konferansye alman, ingilis və yapon dillərində elan edir ki, tamaşaçılara telefonlarını səssiz rejimə keçirmək tövsiyə edilir. Bundan başqa, tamaşa zamanı foto və video çəkiliş aparmaq qadağandır. Bundan başqa, işıqlar söndükdə, qapılar bağlanır və gecikmiş tamaşaçılar içəri buraxılmır. Bakıda isə gecikənlər onsuz da içəri keçirlər, amma bu, yolverilməzdir.
- Azərbaycana ikinci səfərinizdən aldığınız təəssüratları bizimlə bölüşərdiniz…
- Azərbaycana yeddigünlük səfərdən sonra o qədər təəssüratım var ki, bu barədə hətta kitab da yaza bilərəm (gülür). Biz Qobustanda olduq, burada çox gözəl qədim insanların məskən saldıqları yerlərlə tanış olduq, qədim insanların qaya şəkillərinə, həmçinin görməyi arzuladığım palçıq vulkanlarına baxmaq imkanı əldə etdik. Bizim Qobustanda gəzinti çox xoşumuza gəldi. Oradan gözəl mənzərə açılır. Biz Qobustana ilk baxışdan vurulduq.
Ertəsi gün biz atəşpərəstlərin məbədi olan "Atəşgah"a getdik. Bu unikal yer təkraredilməz magiyaya malikdir. Biz böyük məmnuniyyətlə oradakı muzeyə baş çəkdik, orada qədim eksponatlar gördük.
Sonra biz açıq səma altında "Qala" muzeyinə yola düşdük. Bura qədim eksponatların saxlandığı çox gözəl yerdir. Mən orada doğma şəhərim Lüblindən olan şəkilləri görüb çox təəccüblənmişdim.
Biz həmçinin "Yanardağa" getdik. Bu yerin gözəlliyi məni heyran etdi!
Bakıda Şirvanşahlar sarayında olduq. Burada siz planşet və qulaqlıqların köməyi ilə sarayda virtual gəzintiyə çıxa, ədəbiyyatla tanış ola və musiqi dinləyə bilərsiniz. Biz bu xidmətdən istifadə etdik və böyük həzz aldıq. Qeyd etmək istəyirəm ki, siz özünüz üçün rahat dil seçə bilərsiniz. Biz alman dilini seçdik və onun keyfiyyətindən, hekayənin səviyyəsindən məmnun qaldıq.
Ölkənin tarixiylə daha yaxından tanış olmaq üçün, mən həyat yoldaşımla mesenat Hacı Zeynalabdin Tağıyevin evində yerləşən Azərbaycan Milli Tarix Muzeyinə yola düşdük. Bu məşhur insanın evində olmaq çoxdankı arzum idi, çünki Hacı bir şəxsiyyət kimi məni valeh edirdi. Mən onun fəaliyyətindən bəhs edən çox kitablar oxumuşam. O, novator idi, onun ideyalarından və təkliflərindən isə hətta bu gün də istifadə olunur.
- Azərbaycan mətbəxi haqqında nə deyə bilərsiniz?
- Azərbaycan mətbəxi bizim çox xoşumuza gəldi. Bizi yalnız yeməklərin müxtəlifliyi deyil, həm də yeməklərin hazırlanmasında ekoloji təmiz məhsullardan istifadə edilməsi təəccübləndirdi. Sizin yeməklər həm dadlı, həm də faydalıdır. Hər yemək parlaq rənglər qammasından ibarətdir. Mənim sevimli yeməyim aşdır. 7 günlük səfərimiz boyunca mən dörd dəfə ən müxtəlif variasiyalarda aş yedim. Ərim Henninq – ət həvəskarıdır, ona görə də quzudan hazırlanmış müxtəlif yeməklər onun xoşuna gəldi.
- Və son olaraq, arzunuz?
- Mən çox istərdim ki, Azərbaycanda bir maraqlı layihəni reallaşdırsınlar, daha dəqiq, İkinci Dünya Müharibəsi zamanı böyük qəhrəmanlıq göstərmiş Azərbaycan neftçiləri haqqında opera səhnələşdirilsin. Məhz Azərbaycan sovetin neftə olan tələbatının 80%-ni ödəyirdi, buna görə də biz azərbaycanlıların haqqını verməliyik, çünki onlar energetika ehtiyaclarının təmin olunması üçün gecəbəgündüz qeyri-insani şəraitdə neft əldə edirdilər. O zaman çox insan həlak oldu. Amma daha çox ola bilərdi, əgər Azərbaycanın köməyi, xüsusən energetika dəstəyi olmasaydı. Mən düşünürəm ki, gənc istedadlı Azərbaycan şairləri və bəstəkarları özündə qəhrəmanlığı və vətənə məhəbbəti ehtiva edən gözəl libretto və inanılmaz musiqi bəstələyə bilərlər.
- Maraqlı müsahibə üçün təşəkkür, ölkəmizə bir daha gəlin!
- Təşəkkür!
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























