• $
  • €
  • ₽
  • ₺
  • £

Elif Şafak sosial şəbəkələri müdafiə edir – Məqalə

Elif Şafak sosial şəbəkələri müdafiə edir – Məqalə
07.01.2015 14:34
Hekayəçilik, saxta dünyalar və internet

Hələ lap uşaqlıqdan mən inanırdım ki, "təsəvvür dünyası" real dünya adlandırılan məfhumdan daha həqiqidir. Uydurma qəhrəmanlar yaratmaq gündəlik həyatda rast gəldiyimiz insanlardan daha dahiyanə bir şey olmalıdır və əksərən belə də olur. Hekayəçilik elə bir dünyadır ki, şübhə doğurmaz həqiqətlər xırda yalanlar şəklində bəhs edilir.
 
Mən bədii ədəbiyyatla məşğul olmağa 8 yaşımda başlamışam, ona görə yox ki, romançı olmaq istəyirdim (onda heç ağlıma da gəlmirdi ki, belə şey, belə həyat tərzi mümkündür), sadəcə mən vaxtının böyük hissəsini əlçatmaz uzaqlıqdakı əşyaları, insanları müşahidə eləməklə keçirən tənha, ümidsiz bir introvert uşaq idim. Daxili dünyamla çöldəki dünya arasında uçurum vardı, ondan xəbərdar olmağım məni ağrıdırdı. Kitablar məni xilas etdi. Kitablar mənim hissələrimi bir yerə topladı. Kitablar məni sevdi. Mən də onları qarşılıqlı sevdim. Mən onlara bütün qəlbimlə bağlandım.

Gündəliklər tuturdum, ilk baxışda onlar adicə dəftərlər idi, ancaq həyatda mövcud olmayan insanlar və heç vaxt baş verməyən hadisələrdən bəhs edirdilər. Öz həyatım dəhşətli dərəcədə darıxdırıcı idi və özümdə bir qram da olsun maraqlı bir şey tapa bilmirdim.

Özüm ola bilməməyimin məni hipnoz etməsi mümkündür. Doğulanda mənə millət, din, sinif, mədəniyyət, cins kimi kimliklər verilmişdi... Ancaq hekayələrin boşluğunda bu kimliklər nə qədər güclü və möhkəm olursa olsunlar, buxarlanmağa başlayırdılar. Hekayələr uyduranda mən kim istəsəm o ola bilirdim: hər səhər bizim qapımıza süd gətirən melanxolik südçü, saçlarını keçəl başının ortasında toplayan zəhmli məktəb müdiri, yolla gedən gözəl dul qadın, onun arxasınca pis-pis şeylər danışırdılar, ancaq üzünə deməyə heç vaxt cəsarət etmirdilər... Mən yazanda onların və onlar kimi çox sayda insanın yerində ola bilirdim. Müəyyən saydakı əlifba hərflərinin sayəsində saysız-hesabsız mənalar və hekayələr yaratmağın mümkünlüyü mənimçün əsl sehrbazlıq idi. 

Buna görə də, hələ lap əvvəldən reallıqla təsəvvür arasındakı sərhəd bulanıq və nüfuz edilə bilən idi. Bəlkə də, illər keçməsinə baxmayaraq, mən ədəbiyyatçılar arasında geniş yayılan tənqidləri başa düşməkdə çətinlik çəkirəm ki, İnternet saxta dünyadır, əgər romançılar və şairlər intellektual dərinliklərini, konsentrasiyalarını və bütövlüklərini qorumaq istəyirlərsə, ondan uzaq durmalıdırlar. Ola bilər İnternet iddialarla və illuziyalarla dolub daşsın, ancaq bir çox hallarda biz qəbul eləmək istəməsək də, "real həyat" adlandırılan şey də belədir. 

Bir müddət əvvəl Londonda keçirilən qadınlar sammitində bu barədə düşünməyə məcbur oldum, birdən fərqinə vardım ki, özümdə olduğunu heç vaxt güman etmədiyim baxış açısını hərarətlə müdafiə edirəm: yaradıcı insanların həyatında sosial şəbəkələrin vacibliyini önə çəkirdim. Mənim panelçi yoldaşlarım sosial şəbəkədə keçirilən vaxtı boş vaxt itkisi hesab edirdilər. "Əgər kiminləsə əlaqə qurmaq istəsən, telefonu götür və zəng et, email-də yazma", - çıxışçılardan biri dedi. Konfrans zalında gülüş qopdu. Daxilimdəki səs isə bu fikirlə razılaşmadı. Telefonları sevmirəm, xüsusilə mobil telefonları. Onların vacibliyini, müdaxiləsini, dostluğunu, həyasız nəzarətini sevmirəm. Email-də nə vaxt istəsəm, seçib oxuya və cavab verə bilərəm. Həmçinin mənim yazdığım adam da. Burada şəxsiliyə, fərdiliyə və rahatlığa daha çox yer var.

"Email həqiqi deyil", - başqa bir çıxışçı dedi. Mən yenə razılaşmadım. Mən "yazı sözlərini" "telefon zəngləri"ndən üstün tuturam və buna görə email məni telefondakı kimi hiss elətdirmir. Hər şey necə yazılmasından asılıdır. Mətnin elektron şəkildə yazılması onu əlyazısından daha az dahiyanə göstərmir. Mən solaxay uşaq idim, 1970-ci illər Türkiyəsinin ibtidai məktəbində məni sağ ələ keçməyə məcbur etdilər, o zamandan bəri psixoloji cəhətdən əl yazısına uyğunlaşmamışam. Kompüterdə yazmaq mənim qəlbimə və beynimə daha yaxındır, nəinki sağ əlimlə ağrıya-ağrıya, yavaş-yavaş kağızda yazı yazmaq.

Bugünki romançılar arasında sosial şəbəkələr barəsində sevgiylə və coşğuyla danışan kimisə tapmaq asan məsələ deyil. Yazıçıların əksəriyyəti ya elə ilk andaca diqqəti yayındıran bir şey kimi İnterneti rədd edəcək, ya da bundan bezdirici bir şey kimi danışacaqlar. İnternetdən həzz almağı qeyri-ciddi və səthi bir şey kimi qələmə verəcəklər.
 
Həqiqətə gələndə, yazıçı internetdə neçə saat vaxt keçirməlidir, yazıçı sosial mediada fəal olmalıdırmı, əgər olmalıdırsa, nə qədər kimi suallara dəqiq, yekdil cavab yoxdur. Yazmağın müxtəlif formaların olduğu kimi, dijital dünyada ünsiyyət qurmağın da müxtəlif yolları var. Bir müəllif üçün bir şey sərfəlidirsə, digəri üçün olmaya bilər. Mən inanıram ki, biz bu barədə nadir hallarda danışsaq da, coğrafi və mədəni fərqliliklər də var. Conatan Franzen kimi amerikalı yazıçılar üçün sosial şəbəkələri tənqid atəşinə tutmaq və internetə ciddi şəkildə nəzarət edilməsini və idarə edilməsini tələb etmək asandır. Mən isə Türkiyədən olduğuma görə buna qarşı çıxmaq istəyirəm.

Demokratiyanın uzun müddət sadəcə xəyal kimi qaldığı ölkələrin yazıçıları apolitik ola bilməzlər. Türkiyədən, Pakistandan, Nigeriyadan, Misirdən və ya Meksika kimi ölkələrdən olan yazıçılar siyasi sualları tamamilə qulaq ardına vura bilməzlər. Ola bilsin bizim bu suallara cavablarımız yoxdur. Biz məcbur deyilik. Ancaq sual ünvanlamaq yazıçılığa xas bir şeydir. 

Ənənəvi medianın sərt nəzarət altında olduğu ölkələrdə sosial media siyasiləşməyə məcburdur. "Foreign Policy"nin bir müddət apardığı araşdırmaya görə, Türkiyənin onlayn cəmiyyətinin 92 faizi sosial şəbəkələrdən istifadə edir və bu göstəriciylə Türkiyə dünyada birinci yerdədir. Ölkəmdə illər ərzində mətbuat azadlığının və fərqliliyinin sərhədləri kiçildikcə, sosial media siyasi və ideoloji məkana çevrildi. 

"Facebook", "Tvitter", hətta vizual cəhətdən dominant olan "İnstagram" və "Pinterest"də əsasən bayağılıq hakimdi. Ancaq sosial media həm də siyasi platformadı. Bizim siyasi liderlərimiz bunu çox yaxşı başa düşürlər. Buna görə onlar "Youtube"u bağlamışdılar, buna görə bacardıqları vaxta qədər "Tvitter"i qapatmışdılar və hələ də açıq şəkildə dijital dünyaya şübhə etdiklərini göstərirlər.

2013-cü ilin yayında Türkiyəni silkələyən Gezi hadisələrində insanların toplaşmasında və informasiyanın ötürülməsində internet başqa heç bir resursun oynaya bilməyəcəyi rolu oynadı. Türkiyənin özəl telekanalları sənədli filmlər, pinqvinlər və vəhşi təbiətdən reportajlar verəndə, küçələrdəki toqquşmalar internetdən yayımlanırdı. İnsanlar baş verən hadisələri mobil telefonlarına çəkir, şəkillər göndərirdilər. Qəfildən jurnalistika yerin dibinə endi, həmçinin yazıçılıq da. Əlbəttə, həmin zaman çoxlu dezinformasiya da dövr edirdi. Saxta şəkillər, şok mesajlar, dijital linçetmələr də vardı...

Sosial media patriarxal cəmiyyətlərdə yaşayan qadınlar üçün yeni üfüqlər açdı. Bütün dünyada virtual aləmdə qadınlar kişilərdən daha aktivdirlər. Cinsi ayrıseçkiliyin dərin kök saldığı, qadınların ictimai sferadan uzaq qaldığı cəmiyyətlərdə internet mövcudluq üçün yeni məkanlar təklif edir. Qadınlar bunu hiss edir. Onlar bunu qiymətləndirirlər. Bu gün siz Yaxın Şərqin bütün küçələrində, meydanlarında gəzsəniz, daha çox kişi görəcəksiniz. Qadınlar uzaq hücrələrə qapadılıblar. Ancaq internetdən istifadə etməklə onlar gizli tunellərdən və arxa qapılardan ictimai sferaya daxil ola bilirlər. Ola bilər çox xırda bir qələbə kimi görünsün, ancaq ümumiyyətlə seçimin olmamasındansa, bu yaxşıdır. Sinfi və mədəni sərhədlərin çox qatı və inadkar olduğu yerlərdə internet şəbəkə əlaqələrində bərabər imkanlar yaradır. Xarakter etibarilə hibrid olan dijital dünya bənzərsiz elementlərin qəribə qarışığından ibarətdir. Daim dəyişən bu mənalar və simvollar dünyasında intellekt və popsa, müqəddəslik və blasfemiya, fəlsəfə və sitatbazlıq bir-birinə qarışıb. 

Sosial şəbəkələrə qarşı yönəlmiş ən əsas tənqid onun "saxta"lığıyla bağlıdır. Tənqidçilər dayanmadan xatırladırlar: "Facebook"dakı dostlar real dostlar deyillər. Onlar sual verirlər: "Biz həqiqətən "Facebook"dakı insanıqmı?". Ancaq bu suala yek cavab yoxdur. Hə hə, həm də yox. Şəxs bir tək cavabdan ibarət ola bilməz. Hətta bir neçə cavabla ifadə edilə bilməz. Biz həyat yoldaşımızla danışanda başqa Şəxs oluruq, uşaqlarımızla, iş yoldaşlarımızla, müdirimizlə və ya metroda yad bir adamla, gizli sevgilimizlə  danışanda bir başqa Şəxsə çevrilirik. Biz hər dəfə başqa adam oluruq.  Şəxsin monolit və ya ən azından ardıcıl olmasıyla bağlı gözlənti səhvdir, insan ictimaiyyət arasında başqadır, tək olanda başqa. 

İnternetdə çoxlu ciddi problemlərin olmasını inkar etməkdən uzağam. Sosial şəbəkələr Ay kimidir. Onun həm parlaq üzü, həm də görünməyən qaranlıq üzü var. Texnologiya var gücüylə irəliyə çapır, beynəlxalq hüquq və etikalar isə ona çatmaq üçün çox astagəldilər. Qeybət, böhtan, dezinformasiya və təhqir boldu. İnternet müxtəlif cür ekstermizm üçün yuvadır, irqçilik, qadın düşmənçiliyi, ksenofobiya ondan qidalanır. O, həmçinin nəyəsə fokuslanmaq istəyən insanların diqqətini çox yayındırır. Yəqin ki, ən vacibi o bizi dikbaş edir, bir şeyi çox səthi bildiyimiz halda bizə belə bir şey təlqin edir ki, bilmədiyimiz şey yoxdur. Biliklə müdriklik arasındakı uçurum heç vaxt bu qədər dərin olmayıb. 

Yazıçılar daxili dünyalarını qorumağa ehtiyac duyurlar. Bizim hekayələrimiz burda yaranır. Biz internetdə keçirdiyimiz vaxt məsələsində seçici və ehtiyatlı olmalıyıq. Bizə şəxsən faydalı olan şeylər tapmalıyıq. Mən "Tvitter"i "Facebook"dan üstün tuturam. Mənə görə "Tvitter" introvertlər üçün daha münasibdir. İki dildə tvitlər atıram, türkcə və ingiliscə. Mən qeybət eləmirəm. Kitablardan, ideyalardan, mədəniyyətdən, incəsənətdən, siyasətdən və qadınlardan yazıram. Anadolunun ucqar şəhərindən olan izləyicimin Kvebekdən, Dehlidən, ya da Edinburqdan olan izləyicimə cavab verdiyini görəndə xoşbəxt oluram. 

Eyni zamanda İnternetin nizamsız, xaotik təbiətindən narahatam. Mən inanıram ki, həm milli, həm də beynəlxalq sferada fərdlərə və azlıqlara yönəlmiş nifrətli danışığı əngəlləmək üçün ciddi addımlar atmalıyıq. Bəzən internetdən tənqidi gözlə və ağıllı başla istifadə edirik, bəzən də bunun öhdəsindən gəlmirik. Ancaq sosial şəbəkələri dayaz, saxta və əhəmiyyətsiz olduğunu deməklə rədd etmək başqa şeydir. Biz hekayəçilərdən başqa kimi daha yaxşı bilə bilər ki, ən yaxşı həqiqətlər təsəvvür dünyalarında tapılır? 

Mənbə: worldliteraturetoday.org

Tərcümə: Cavid

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol