Ramiz Rövşən: “Ədəbiyyat insanı tənhalıqdan xilas edir” - MÜSAHİBƏ

Ramiz Rövşənin Özbəkistanın məşhur "Kitab dünyası” qəzetinə müsahibəsini təqdim edirik.
– Ədəbiyyatın milləti olmur. Elə buna görə də, inamla söyləmək olar ki, Azərbaycanın görkəmli şairi Ramiz Rövşəni də özbək oxucusu öz şairi hesab edir. Bu mənada sənətkarın söz vasitəsi ilə həyatda qazandığı nailiyyətlər barəsində fikir mübadiləsi aparaq.
– Özbək oxucusunun məni öz şairi hesab etməsi, əlbəttə, çox sevindiricidir. Çünki şeiriyyət də dil kimi ayrı-ayrı xalqlara, cəmiyyətlərə deyil, insanlara xasdır. Şair və oxucu arasındakı əlaqə son dərəcə sirli və nəşəlidir. Nəyə görə oxucular bütün şairləri deyil, müəyyən şairləri sevirlər? Bu suala cavab vermək bəzən həmin sevimli şairin özü üçün də müəyyən çətinliklər doğurur. Bəlkə belə cavaba heç bir ehtiyac da yoxdur. Çünki o sualın cavabını tapan şair həmi vaxtdan etibarən hər bir yazdığı şeir vasitəsilə oxucunun məhəbbətini qazanmaq üçün səy göstərəcək və yavaş-yavaş bir vaxtlar təbii şəkildə doğulmuş mehri tədricən itirməyə başlayacaq.
Mən şeir yazarkən heç vaxt oxucu haqqında düşünmürəm. Elə buna görə də mən onun önündə əsla utanmıram. Şeirlərimi oxuyuyb sevənlərin, hətta əzbərləyənlərin hamısı o sətirlərdə mən demək istədiklərimi axıra qədər anlamaları fikrindən də uzağam. Şair yazmaq istədiyini yazır. Oxucu oxuduğunu mütaliə edir. Anna Axmatova deyir ki, oxucu öz sözü kimi qəbul etdiyi, "dilimin ucundakı söz”, hesab etdiyi şeir ən yaxşı şeirdir. Əlbəttə, oxucunun belə təsəvvürü aldadıcıdır, amma bunda da müəyyən qədər həqiqət mövcuddur. Çünki şair yalnız özü hiss etdiyini deyil, başqalarının da könlündən keçirdiyi, amma dil ilə ifadə edə bilmədiyi duyğularını, dərdlərini, ağrı və iztirablarını da sözə köçürür və hansısa mənada həmin insanları dərd-qəmdən azad edir. Bu cəhətdən "Ədəbiyyat insanı yalqızlıqdan xilas edir” deyərkən Lev Tolstoy haqlı idi.
– Sizi hansı kitablar daha çox heyrətləndirir?
– Sözün düzü, məni heyrətləndirən kitabları uşaqlığımda, erkən gəncliyimdə oxumuşam. Çoxdandır, Nazim Hikmət demişkən, söz məni sərxoş edə bilmir. Nə özümünkü, nə özgəninki... Görünür, bunun səbəblərindən biri mənim təkcə oxucu deyil, həm də yazıçı olmağımdır. Mən mütaliə elədiyim əsərlərə, istər-istəməz, peşəkar ədəbiyyatçı nəzəri ilə yanaşıram, həmin ədəbi mətnlərin (şeir, hekayə, roman və s.) təkcə "üz”ünü deyil, "astar”ını da görürəm, yazıçının "biçim”lərini, nəyin hardan gəldiyini və hara gedəcəyini təsəvvür edə bilirəm..
Yeri gəlmişkən deyim ki, mən həm də kinossenaristəm. Yazdığım ssenarilər əsasında bir neçə bədii filmlər çəkilib. Amma nədənsə, kino aləmində özümü professional deyil, adi tamaşaçı kimi daha çox təsəvvür edirəm. Onun nöqsanlarına, çatışmayan cəhətlərinə göz yumuram, bəzən ortabab filmdən də təsirlənirəm. Amma burada da, eynən oxucu kimi, son dərəcə tələbkaram. Məlumdur ki, bu da bədii sözə xəsisliklə yanaşmağın nəticəsidir. Yazıçı təxəyyülünün gözlənilməzliyi və sirliliyi ilə məni hədsiz dərəcədə təsirləndirən sonuncu əsər, bundan təxminən 25 il əvvəl oxuduğum, alman ədibi Zyuskindin "İfar” romanıdır. Təəssüf ki, həmin roman əsasında çəkilən eyniadlı film məni o qədər də həyəcanlandırmadı.
- Dünyanın məşhur yazıçılarından biri Ernest Heminquey öz şagirdinə həyatı boyu oxuması zəruri olan 15 əsərin siyahısını verib. Siz də bir ustad kimi bugünkü gənc nəsilə hansı əsərləri oxumağı tövsiyə edirsiz?
– Məncə, kiməsə hansısa kitabı oxumağı məsləhət görmək müəyyən bir adama hansısa dərmanı tövsiyə etmək kimi bir şeydir. Eynən dərman kimi həmin kitab da müxtəlif adamlara müxtəlif tərzdə və dərəcədə təsir göstərə bilər. Amma hər halda mən gənc yazıçılarımıza öncə özümüzü tanımağı, Şərqin böyük söz sənətkarlarını mütaliə etməyi məsləhət görərdim. Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi”sini, Nizami Gəncəvi və Əlişir Nəvainin "Xəmsə”lərini, Yunus Əmrənin şeirlərini, Füzulinin qəzəllərini... Əsərləri həm xarici, həm də daxili məna-məzmun, çoxcəhətli təşbeh və bənzətmələrlə zəngin olan bu söz sənətkarlarından bugün çox şeyləri öyrənmək mümkündür. Eyni zamanda, bu şairlərin tamamilə əksi olan, heç bir bəzək-düzəksiz, ibarəsiz, mübaliğəsiz, sadə və bəsit dildə yazılmış, bir neçə sətir vasitəsilə duyğunun obrazını, bütöv bir poetik lövhəni yarada bilən Çin oyanış dövrü şeiriyyəti şairlərinin (Li Bo, Van Vey, Du Fu) şeirlərini, yapon xoykularını oxumağı da vacib hesab edərdim: az sözlə çox şey deyə bilmək məharətinə yiyələnmək üçün. Ümumən, dünya şeiriyyətində mənim sevdiyim və bəzilərini ana dilimə tərcümə etdiyim şairləri saysam, çaşa bilərəm. Gəlin mən də həmin şairlərdən 15-ni qeyd etməklə kifayətlənim: Şarl Bodler, Artur Rembo, Pol Verlen, Pol Elyuar, Giyom Apolliner, Rayner Mariya Rilke, Emil Verxarn, Robert Frost, Federiko Qarsia Lorka, Pablo Neruda, Vyaçeslav Nezval, Boris Pasternak, Osip Mandelştam, Anna Axmatova, Marina Svetayeva.
– Bilirik ki, biz bugün müxtəlif xəbərlər və informasiyalar axınının vüsətlə genişləndiyi, insanın beyni, şüuru və qəlbinə mənfi təsir edən, cürbəcür mənfi hadisələrin sürətlə törəməkdə olduğu bir dövrdə yaşayırıq. Belə bir şəraitdə kitabın qüdrəti və imkanları insanın mənəvi aləmini qorumağa, xilas etməyə çatarmı?
– Məlumdur ki, hava, efir əslində maddədir, amma əllə tutmaq, saxlamaq mümkün deyil. Min illərdən bəri müşahidə edirlər: efir – ruhun zəminidir. XX əsrdə radio, televiziya və nəhayət, internetin kəşf edilməsi ilə efir zəbt edildi. Yəni ruhun zəmini işğal olundu.
Xəbərlər axını hər tərəfdən üstümüzə yağılmaqda və bu çirkli havada çürümək təhlükəsini gücləndirməkdədir. Bu cəhətdən uğurlarımız şübhə altında qalsa da, itirdiklərimiz göz önündədir. Burada mən təkcə mənəvi, əxlaqi məğlubiyyətləri-mizi nəzərdə tutmuram. Maraqlıdır ki, Sovet dövründə itirməkdən qorxduğumuz, bütün varlığımızla müdafiə etdiyimiz ana dilimiz bugün daha da çirklənib, zibillənib getməkdədir. Ən heyrətamizi budur ki, bütün bunlar şairlik, yazıçılıq iddiasında olnaların dilə münasibəti nəticəsində reallaşır. Adı yadımdan çıxmış bir gənc şairin nə vaxtlarsa bir jurnalda dilə aid bildirdiyi fikirlərini hələ də unuda bilmirəm. O dilimizi təmizləməyi, onu yaradıcılıq xüsusiyyətlərindən məhrum etməyi bir məqsəd kimi irəli sürürüdü. Belə mülahizələr, təxminən, qayıqla üzməyi sevən adamın öz dənizini qurutmaq istəyi qədər axmaq və gülməlidir. Əgər bunu gülməli hesab etməsək, onda həmin gəncin öz ana dilinə qarşı düşmənçiliyi, nifrəti kimi dəyərləndirməliyik.
Bugün ana dilimizdə olan gözəl əsərləri mütaliə etmək bizə bu ünsiyyət vasitəmizin geniş imkanlarını,əzəmətini və heyrətamiz cəhətlərini yenidən hiss etmək imkanı verir. Mən didaktik ədəbiyyatı, şagiridinə dərs verən şair və yazıçıları heç vaxt xoşlamamışam. Amma min illərdən bəri yaradılmış dünya ədəbiyyatının ən gözəl nümunələri bizə dərs verməkdədir: məhəbbət dərsini keçməkdədir. Böyük ilahi eşqdən adi insani sevgiyə qədər.
Bundan çox illər əvvəl Yaponiya ilə bağlı maraqlı bir xəbəri oxumuşdum. Ekoloji cəhətdən havası hədsiz çirkləmiş Tokio şəhərində telefon budkalarına bənzəyən "hava budkaları” qurulub. Hər bir adam o cür budkalara girib, haqqını ödəyib, bir neçə dəqiqə ərzində təmiz havadan nəfəs almağı mümkündür. Bugün yalnız təbii deyil, bəlkə, mənəvi ekologiyası da həddən artıq pozulmuş dünyamızda gözəl kitabları mütaliə etmək eynən həmin təmiz, saf havadan nəfəs almaq kimi bir şeydir.
–Yaradıcı adamın bir qanadı, şübhəsiz ki, istedaddır. Sizcə, onun ikinci qanadı nədir? Etiqaddırmı, bilikdirmi, təmiz qəlbdirmi?
– Saydıqlarınız hamısı sənətkar üçün hədsiz mühümdür. Hətta saf qəlbli, yaxşı adam olmaq da son dərəcə zəruridir. Böyük rus şairi Boris Pasternak hansısa şairi tərifləyərkən, təəccüblə soruşublar: "O necə yaxşı şair ola bilər? O axı çox pis adamdır”.
Amma şair üçün istedaddan sonra ən gərəkli keyfiyyət, məncə, səmimiyyətdir: oxucuya səmimiyyətə nisbətən şairin bilavasitə özünə səmimiyyəti. Şair özü ilə bağlı vəziyyəti şeirlərində səmimi tərzdə ifadələyərkən onu bu hala salan mühitin mənzərəsini təsvir edir. Bu cəhətdən bəzən hədsiz şəxsi mövzularda yazılmış şeirlər də, istər-istəməz, ictimai məzmun qazanır. Artur Şopenhauer deyir ki, əsl poeziya öz dövrü haqqında tarix kitablarından daha yaxşı təsəvvür oyada bilir. Və bu mənada onu da vurğulamaq lazımdır ki, özünə münasibətdə səmimi olmayan, yalan yazan şairlər yalnız ədəbi deyil, tarixi saxtakarlığa da imza atmış olurlar.
– Bəzi sənətkarlar yaradıcılığı əlacsızlıqdan tapılmış çarə kimi dəyərləndirirlər. Sizcə, yazıçı yaradıcılıqla məşğul olmaq üçün mütləq müşkül vəziyyətə düşməlidirmi?
– Öz dövründə dəyərləndirilməyən, ehtiyac və yoxsulluq içində yaşayan dahilər az deyil. Bir çox sənətkarların öz dövrü ilə, mühiti ilə ziddiyyəti, qarşı-qarşıya gəlməsi dünya ədəbiyyatında onlarla gözəl əsərlərin yaradılmasına səbəb olub. Bu, təxminən, dişli çarxların bir-birini darta-darta çəkib hərəkətə gətirməsinə bənzəyir. Amma istedad öz yaradıcılıq qüdrətini yalnız əzab və möhnətdən, ehtiyac və yoxsulluqdan alsaydı, Lev Tolstoy adlı yazıçı dünyada olmazdı. Əslində isə bütün bu həyati dərd və qayğılar, ağır, məşəqqətli gün-güzaran yaradıcı adam üçün yalnız müəyyən məna kəsb edir. Bu mənada Markesin bir fikrini gətirməklə kifayətlənmək istərdim: "Həmin o adamların – şairlər, yazıçılar haqqında çox müşahidə aparanların, "yaxşı yazmaq üçün yaman şəraitdə yaşamaq lazım” deyənlərin özlərini o cür həyat keçirməyə məcbur etmək lazımıdır ki, görsünlər, bu necə nəticə verir”
– Qərb ədibi Ceyms Coysun "Hər bir yazıçının qələmində bir romana çatacaq qədər mürəkkəb olur”, – yaradıcılıq prosesi ilə bağlı çox mənalı sözləri var. Şairin şeir əhvali-ruhiyyəsi, şeir ilə, kağız ilə üzbəüz olduğu halət, şübhəsiz ki, heyrətamizdir. Bir şeiri yazan şair başqa lirik vəziyyətə keçərkən tamamilə başqa bir ruhi vəziyyəti yaşayır. Burada bütün yaradıcılığı ərzində təkcə bir əsər yazmaq, yəni üslub – yaradıcının özüdür, fikrinə necə baxırsınız?
– Üslub əslində hər bir şairin, yazıçının özünü ifadə şəklidir. Dünyanın böyük sənətkarlarını oxuyarkən özünü ifadə etməyin rəngbərəng yollarını və üsullarını görürük. Amma siz özünüz cəlbedici olmasanız, heç bir gözəl üslub, şəkil sizi maraqlı, cazibədar edə bilməz. Mən şəkil axtarışları ilə gəncliyimdə, xüsusən, 60-cı illərin axırlarında ciddi məşğul olmuşam. O illər mənim üçün özünü təsdiq dövrü idi. Sənətdə də, həyatda da fərqli görünüşə, bənzərsizliyə can atmaq – fərqli yazmaq, fərqli geyinmək deməkdir. Lakin burada söhbət əsl poeziya haqqında gedərkən, hər bir şeir öz ifadə şəklini, ahəngini, intonasiyasını özü gətirib gəlməyini vurğulamaq istəyirəm. Şairin fərqliliyi, bənzərsizliyi onun dünyaya necə görünməyində deyil, əksinə, o, dünyanı necə görməyindədir.
– Gəncliyin öz şeirləri var. Eyni zamanda, müəyyən dövr keçəndən sonra həyata son dərəcə ciddi yanaşıb, dərin düşüncə ilə yazılmış şeirlər də mövcuddur. Müqəddəs kitablarda, ruh ölməzdir, deyilir. Şair ruhu, şeir ruhu bizim ötəri ömrümüzlə necə və nə dərəcədə hesablaşır?
– Şeiriyyətdə, musiqidə, ümumən, mədəniyyətdə ilahi ibtidanın mövcudluğu şübhəsizdir. Qədim latın mədəniyyətində söz iki mənanı bildirib: kultura aqri – torpqadan yaranmaq və kultura Dei – Allaha çatmaq. İstedad Allahın ənamıdır. Onu hansısa yolla ələ keçirmək, ona yiylənmək mümkün deyil. Aristotel şairləri "Tanrı divanəsi” adlandırır. Tanrı ölümsüz olduğu kimi, mahiyyətində ilahi eşq olan şeiriyyət də ölümdən xalidir. Biz allahsızlıq (ateizm) dərsi keçilən SSRİ ölkələrinin məktəblərində təhsil alsaq da, allahsız olmadıq. Əgər 60-cı illər bizim üçün şeiriyyətimzdə şəkil axtarmaq, dünya ilə ünsiyyət dövrü sayılsa, 70-ci illər özünəqayıdış dövrüdür. İnqilabdan sonra şeiriyyətimizdən qovulan metofizik düşüncə, Allah və insan münasibətləri bu illərdə poeziyamıza yenidən qayıtdı. Və Qərbin ekzistensializm fəlsəfəsi ilə Şərqin sufilik görüşlərindən gözəl və təkrarsız bir sintez peyda oldu. Təəssüf ki, bu poeziya vaxtında özünə layiq dərəcədə tərcümə edilib, dünyaya təqdim olunmadı. İnanıram ki, gec də olsa, buna nail olacağıq.
İsa peyğəmbər (ə.s) : "Mənsiz heç bir şey yarada bilməzsiz”, – deyə hökm vermişdi. Təəssüf ki, bugün "yaradıcılar dünyası”nda deyil, istehlakçılar aləmində yaşayırıq. Bunun parlaq bir nümunəsi – bugün geniş yayılmaqda olan postmodern ədəbiyyat və mədəniyyətdir. Dürlü janrlarda və müxtəlif şəkillərdə yaradılan, mahiyyətinə ironik mənalar qarışmış, maraqlı və ya maraqsız tərzdə "yenidən işlənmiş” bu mədəniyyətin nəsr və kinodan fərqli olaraq, poeziyada müəyyən bir ciddi uğura nail ola bilməməsinin yeganə əsası səbəbi var: şeiriyyət süni "çoxaltma” yolu ilə yaradıla bilməz və şeir yalnız dil hadisəsi, sözlərin müxtəlif kombinasiyaları da deyil. Ən əsas olan isə həmin cansız sözlərə hava verən daxili poetik ruhdur. Amma bu proses hansı istiqamətə yön almaqdadır? Bu suala cavab vermək şox çətindir. Çünki bu məsələ artıq ədəbiyyat deyil, kimyagərlikdir. Böyük dramaturqumuz M.F.Axundovun bir səhnə əsərində gülüş obyektinə çevirdiyi kimi, misdən qızıl almağa can atmaqdır. Və ən heyrətamizi budur ki, bunu şeiriyyətə tədbiq etmək istəyirlər.
– Şeirdə ən mühüm nədir? Əlbəttə, aşağıdakı amillərin hər birini, istedad və məhəbbəti əsas götürərək, göstərmək olar: obrazlılıq, dərin fikir və fəlsəfi xülasələr, ruhi mənzərələrin ani, həm də əbədi təsvirləri və ya həyatilik. Sizcə, bunların hansı birini ön plana çıxarmaq mümkündür?
– Şeirə resept vermək çox çətindir. Hansısa şeirdə yuxarıda sayılan bütün "ərzaq”lar artıqlaması ilə ola bilər, amma o şeir sizin qəlbinizə təsir eməz. Bu "ərzaq”ların heç biri olmayan, 2x2=4 qədər sadə şeir bəlkə də sizi lərzəyə sala bilər. Ümumən, istedad sadə şeyləri mürəkkəb tərzdə söyləmək deyil, əksinə, ən çətin, mürəkkəb şeyləri sadə ifadə etmək məharətidir. Böyük şairlərin yaradıcılığına nəzər salsanız, onların getdikcə sadələşdiyini müşahidə edirsiniz. Hətta Pasternak kimi çox mürəkkəb şairin də son şeirləri ağlasığmaz dərəcədə sadəliyi ilə diqqəti cəlb edir. Əslində təcrübə bizə yazmaqdansa, pozmağı daha çox öyrədir. "Poeziya musiqi olmağa can atır”. Bu məşhur ibarədə böyük həqiqət var. Həqiqətən də belədir, şeir özünün ən yüksək nöqtəsinə çatanda musiqiyə çevrilməyə, bütün artıq şeylərdən, hətta sözdən də xilas olmağa can atır. Amma təəssüf ki, bu mümkün deyil.
– Əlişir Nəvainin "Xəmsə”si cəmi 300 nüsxədə köçürülüb. Buna baxmayaraq, o Turan və Xorasanda öz vaxtında çox məşhur olub. Bugün Nobel laureatı olan yazıçıları da tanımırıq və ya adını həmin mükafatı aldığı vaxtda eşitməyə başlayırıq. İndi unutmaq da o qədər çətin deyil. Bu mənada məşhurluğun şair qismətindəki yerini necə görürsünüz?
– Məşhurluq, görkəmlilik istedadın əsas əlaməti deyil, tanınmamış istedadlı şairlər də var. Amma hər halda məşhur olamq üçün də istedad lazımdır, çünki məşhurluq şeirlərimizin oxucu qəlbindən gələn əks-sədasıdır. Məlumdur ki, soyuq, məzmunsuz şeirlər ilə kiminsə qəlbini tərpətmək çox çətin məsələdir. Bir sözlə, məşhurluq şair üçün hər şey deyil, amma onu sanki heç şey deyə hasablayan şairlərin səmimiyyətinə də inanmıram. Çünki onların azsaylı oxucu diqqətindən nə qədər sevindiklərini çox müşahidə etmişəm.
– Yazmadığınız günlərinizin hayıfını necə çıxırsınız? Və ya sənətkar həmişə, müntəzəm yazmalıdırmı?
– Mən özümdən şeir "düzəltmirəm”. Təbii ki, şeir yazmayan günlərim şeir yazan günlərimdən hədsiz çoxdur. Gəncliyimdə şeirə, sözə köçürmək istədiyim hər bir fikrimi, duyğumu əldən verməzdim. İndi isə sözə daha xəsisəm. Əslində, nə gəldi, ona poetik tərif verib, hansısa sözlərdən bədii kombinasiyalar qurmaq o qədər də çətin iş deyil. Bu dünyanın tozundan tutmuş ulduzuna qədər olan bütün varlıq dillənməyi, düşünməyi, sözə çevrilməyi istəyir. Məncə, bizim yazdığımız şeirlərimiz bizsiz də var idi. Və bundan sonra yazılacaq sətirlərimiz də bizsiz mövcuddur. Amma biz həmin şeirləri görə bilməyimiz və ya görmədən yanından ötüb keçməyimiz də mümkündür. Onları görmək üçün həmişə şeir əhval-ruhiyyəsində yaşamaq gərəkdir. Ömür-gün qayğılarına batıb qalmış şair gözünün önündəki şeiri də görə bilmir. Belə bir təsəvvür var ki, insan yaşa dolduqca qayğıları azalır və bunun dərdini çəkməyə başlayır. Amma mənim müşahidə etdiyim mənzərə əksinədir: yaş artdıqca dərdlərimiz də artmaqda davam edir. Daha bir mühüm məsələ ondan ibarətdir ki, az və ya çox yazmaq da nisbidir. Əsas məsələ nə qədər yazmaqda deyil, nəyi yazmaqdadır. Gənclikdən fərqli olaraq mən bugün xəyalımdan keçən, yazılmağı istəyən bütün şeirləri deyil, daha çox mən yazmağı istədiyim şeirləri kağıza köçürürəm. Onu da etiraf edim ki, indiyə kimi yazdığım yüzlərlə şeirlərin heç biri mən tam mənada yazmaq istədiyim şeirlər deyil. Hər səfər yazmaq istəyi ilə kağıza köçürdüyüm şeirlərin arasında hansısa qayibanə təsirin, ziddiyyətin nəfəsini hiss edirəm. Mənə elə gəlir ki, onlar həmin itirdiyim, bəlkə də illərlə yazmaq istədiyim ən gözəl şeirlərimin varlığının nişanələridir.
- Sizin "Süd dişinin ağrısı” poemanız və çoxlu şeirləriniz özbək oxucusuna yaxşı tanışdır və onların hamısından Ramiz Rövşən adlı böyük bir ağrını, iztirabı, hicranı, məhəbbəti, ümumən, diri və həssas Ürəyin yaşantılarını dinləyirik. Bu gün bu şairi ən çox narahat edən nələrdir?
- Bizim bütün sətirlərimizdə, hətta son dərəcə absurd, abstrakt əsərlərdə də öz tərcümeyi-halımızdan uzaq bəzi məqamlar olsa da, şeirlərdə ifadə olunan bütün dərd-ağrıları bilavasitə şairin özünə aid hesab etmək, yanlışdır. Bundan 500 il əvvəl yaşamış böyük Füzuli deyirdi: "Dərd çox, həmdərd yox”. Şairlik təkcə dərd çəkmək deyil, həm də əzab çəkənlərə həmdərd olmaqdır. "Ədəbiyyat həyatın güzgüsüdür” deyirlər. Amma o fəqət həyatda gördüklərimizi, eşitdiklərimizi göstərmək, təsvir etmək deyil, həm də həyatda itirdiklərimizi bədii təxəyyülün qüvvəsi ilə ağappaq kağız üzərində qeyd edərək, "diriltməyə”, yaşatmağa cəhddir. "Nə vaxtlarsa, yaşadığımız məskənlərimizə yenidən qayıtmaq mümkün olsa da, yaşadığımız illərə isə heç vaxt qayıda bilmərəm”. 90-cı illərəcən, Qarabağdakı müharibəyə qədər bu fikir mənim üçün aksioma tək duyulardı. Amma bugün nə vaxtlarsa yaşadığım, gəzdiyim, sevdiyim yerlərə qayıtmaq yaşadığım illərimə qayıtmaq qədər imkansızdır. Bu çarəsizlik mənim iztirablarım "sıra”sından yer alan yeni bir dərddir.
- Əgər yenə Ramiz Rövşən kimi bir şair doğulubdu, desələr, Siz ona hansı məsləhəti verərdiniz?
- Əgər nə vaxtsa Ramiz Rövşən kimi şair dünyaya gələrsə, mən ona ikinci Ramiz Rövşən olmaqdansa, özü kimi birinci olmağı məsləhət verərdim.
- Ədəbi ictimaiyyətin görkəmli nümayəndəsi kimi iki qardaş xalqın gələcəyi, dostluğu, rövnəqi yolunda həyata keçirilən ədəbi əlaqələr barəsində düşündüklərinizi bölüşsəniz.
- Müstəqillik qazanandan sonra hər bir qardaş xalq öz evi, öz ailəsinə sahib oldu və təbii ki, münasibətlərimiz də yeni keyfiyyətdə reallaşmağa başladı. Bugün bu əlaqələri möhkəmləndirmək üçün ehtiyac var, öncə qardaşlığımız və mənəvi əlaqələrimiz tarixinin gözəl ənənələrini davam etdirməli, zənginləşdirməliyik.. Bakıda Özbəkistanın, Daşkənddə isə Azərbaycanın ədəbiyyat və mədəniyyət günlərini keçirməkdən başlamaq lazımdır. Qalanları isə öz-özünə həyat keçəcək.
- Özbək xalqına istəkləriniz...
- Öz xalqımın gələcəyi ilə bağlı olan ən gözəl istəklərimi, diləklərimi qardaş özbək xalqına da arzulayıram...
Özbəkcədən çevirən: Yaşar Qasımbəyli
Kult.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























