• $
  • €
  • ₽
  • ₺
  • £

"Nargin": "Pul müqabilində yaradıcılığımıza təsir edəcək kimsənin dəstəyinə ehtiyacımız yoxdur"

"Nargin": "Pul müqabilində yaradıcılığımıza təsir edəcək kimsənin dəstəyinə ehtiyacımız yoxdur"
26.01.2015 12:28
ANN.Az-ın növbəti qonağı Ankaradakı azərbaycanlı gənclərin yaratdığı "Nargin” rok qrupudur.
 
Onlarla soyuq studiyada görüşdük. Qrup tam tərkibi ilə olmasa da məşq edirdi. "Deyil” adlı parça ilə özlərinə, "Olsam həmişə sənlə” adlı parça ilə sevdiklərinə qarşı olan etirazlarını dilə gətirirdilər. Növbəti məşq "Ruhsuz oyuncaqlar” üzərində gedirdi. Hər kəsin pul dalınca qaçan ruhsuz oyuncaqlara dönməsinə qarşı çıxan qrupun məşq etdiyi studiyada tədricən hərarət artmağa başlamışdı.
 
Haqsızlıqlarla yaşamağa immunitet yarandığı, əksəriyyət üçün normal hala çevrildiyi bir vaxtda bütün ədalətsizliklərə etiraz səsini qaldıran bu uşaqların azərbaycanlı olduğuna bəlkə kimsə inanmazdı. Amma onların Azərbaycan dilində və Azərbaycanda baş verənlərə etiraz edərək hayqırdıqlarını gördükcə bunun həqiqət olduğuna inana bildim.
 
Qrup üzvlərinin çoxu Ankaradakı Orta Doğu Texnik Universitetinde təhsil alırlar. Bu ali tədris ocağının tələbələrini Türkiyədə belə tanıyırlar - "OTDÜ-lülər”. Aralarında bioloq da var, kosmos və aviasiya mühəndisliyi oxuyan da, mexanika mühəndisi də. Demək olar ki, hamısı təhsillərini başa vurduqdan sonra Azərbaycana dönmək üçün perspektiv görmürlər. Səbəb oxuduqları sahə üzrə Azərbaycanda şəraitin olmamasıdır. Onlar yalnız ən azı xaricdə karyeralarını tam gücləndirdikdən sonra vətənə dönməyi münasib bilirlər.
 
Qrupda təkcə vokalist Ülkər Şamxalova Hacettepe Universitetinin tibb fakültəsinin məzunudur. Adanada ixtisaslaşmadan keçən Ülkər, təəssüf ki, görüşə qatıla bilməmişdi. Qrupda lyra (Ülkər), Teo, Eleo, Ziko, Edi olsalar da söhbətdə Tural, Elbəy, Zahid və Eldar kimi danışırdılar.

Suallarımızı qrupun adından əsasən, Eldar cavablandırsa da, arada digər üzvlər də onun söylədiklərinə dəstək xarakterli əlavələr edirdi.

 
 

 
 
 
- Gənclər, nədən "Nargin”?

- Nargin cəhənnəm adasıdır. Orada bir vaxtlar insanları edam ediblər. Hətta qrupun keçmiş üzvlərindən birinin yaxını da orda edam olunub. Əvvəlcə qrupun adının "Alkatras” olmasını istədik. Amerikanın cəhənnəmə bənzədilən həbsxanasının adıdır. Amma Azərbaycana aid bir ad olmasını istəyirdik  və "Nargin” fikrimizi tam ifadə edirdi.

- Belə bir qrupun yaradılması kimin ideyası idi?

- Natiq Kamilov, Vüqar Həsənov və mən (Eldar-müəl.) bir araya gəlib 2008-də Azərbaycana yeni növ musiqi gətirmək istədik. "Qafqaz metal” düşünmüşdük. O qrup daha ağır musiqi ilə məşğul olmalı idi. Amma Vüqarla Natiq gedəndən sonra burada mən qaldım və yeni komanda yığmaq lazım oldu.  Qrup üzvləri daima yenilərlə əvəz edilməli olur, təhsilini bitirib gedənlərin yerinə yeniləri gəlir. Sonra qardaşım da bura oxumağa gəldi və qrupa daxil oldu. Son kollektiv artıq 3 ildir fəaliyyət göstərir.

- Rok bir zamanlar qaradərililərin bəyazların təzyiqlərinə etiraz və üsyanından doğan musiqi növü hesab olunurdu. Amma sonradan etirazın obyektləri də dəyişdi. Bəs siz nəyə və kimə etiraz, üsyan edirsiniz?


- Ətrafımızdakı bütün haqsızlıqlara. Həyatımızdakı ədalətsizliklərin bir çoxu elə bəşər övladının özü ilə bağlıdır. Musiqi, şeir və ya bir rəsm əsəri ilə bu haqsızlıqlara etirazı ifadə etmək olar. Biz musiqi ilə insanlardakı ölmüş hissləri oyatmaq istəyirik. Sevgini artırmaq istəyirik. Xüsusilə, cəmiyyətimizdə hər gün gördüyümüz qanunsuzluqlara, ədalətsizliklərə etiraz edirik.
 
 
 
 
- Sizin rok metal sayılmır, eləmi?..

- Alternativ rok deyə bilərik. "Nyu metal” demək istərdik, amma bu gün hələ ki, alternativ hesab olunur.

- İfa etdiyiniz musiqilərin sözlərini kim yazır?

- Bunu belə ifadə etsək, daha doğru olar - sözlər də, bəstələr də qrupundur.

- Kənar müəllif sözlərindən istifadə edirsinizmi?

- Bəzən olur. Elman Aslanov adlı dostumuz var, onun bir neçə şeirindən istifadə etmişik. "Qismət” adlı parçamızın sözləri Ramiz Rövşənin "Ayrılıq” şeirindəndir. Biz musiqini yazıb sonra üzərində sözləri çalışırıq. Amma kənardan söz alanda əksinə olur.
 
 
 
 
- "Qismət”də ayrılıqlara daha sərt üsyan ola bilərdi…

- Bu, bizim ilk səsyazmamız idi. Bəlkə də ola bilərdi. Doğrusu, biz o vaxt bir az çəkindik. Azərbaycan auditoriyası sərt musiqini o qədər də sevmir. Belə musiqiyə öyrəşməyiblər: estrada, toy, rəqs musiqisini daha çox dinləyirlər. Bəlkə onları itirmək istəmədik.

- Buradan Azərbaycan üçün ifa edirsiz…


- Bəli. Buradan Azərbaycan üçün səslənirik. Amma Azərbaycanda hələ səhnəyə çıxmamışıq. Baxmayaraq ki, rok musiqi ilə illərdir məşğul oluruq.

- Araşdırdım ki, 2008-ci ildən bu yana Türkiyədə  xeyli tədbirdə iştirak etmisiniz, hətta öz konsertləriniz də olub. ODTÜ- də "Bir gəncin manifesti” adlı konsertiniz çox uğurlu alınıb.yeri gəlmişkən, söhbət hansı gəncin manifestindən gedirdi?


- Orada konkret bir gəncdən söhbət getmir. Bizim obyektimiz hər hansı bir gənc ola bilər. Amma o, gənc azərbaycanlı bir gəncdir. Bizim parçaların əsas hədəfi etirazdır. Biz görürük ki, azərbaycanlı gənclərdə etiraz hissi yoxdur. Ya işləri gücləri qızlardır, ya da bütün günü internetdə mənasız vaxt keçirirlər. Mesajımız onlara idi. Yəni, ədalətsizliklərə, haqsızlıqlara göz yuman, yaxud öz bioloji etiraz etmə hissini itirən gənclərdən birinin manifesti deyə bilərik.

- Həyata, dünyaya baxışınızın bu cür formalaşmasinda, sizcə, nəyin rolu daha çox olub?


- Məncə, ən başlıcası mütaliə. Hər kəsin adından danışıram,  amma unutmayaq ki, biz eyni fikirli insanlar olduğumuz üçün bir araya gələ bilmişik. Ətrafımızdakı insanlardan təsirlənmişik, bunu deyə bilərəm. Öz adımdan isə qeyd edim ki, Corc Oruellın "1984” romanı həyata baxışlarımın formalaşmasında böyük rolu olub. Hələ 16-17 yaşımda forumlarda gəzirdim, fərqli insanların müxtəlif mövzulara yanaşmasını izləyirdim və düşünürdüm ki, bir gənc nə edə bilər? Mütəlif həll yolları axtarırdım. Rok dinləməyimin də rolu olub. Kapitalist düşüncədə hər şey puldur, mənə görə isə hər şey pul deyil. Bir az utopik olduğunu bilirəm, amma gözəl şeyləri arzulamaq, gözəl enerjini öz üzərinə çəkməyin nəyi pisdir ki... Bəlkə elə ona görə yaşaya bilirik.
 

 
 
 
- Ankara Universitetində Azərbaycan Mədəniyyəti günlərində çıxış etmisiniz. Tamaşaçılarınız, dinləyiciləriniz daha çox kimlər idi ? Ümumiyyətlə, buradakı konsertlərinizə kimlər gəlir?

- Azərbaycan mədəniyyəti günlərinin təşkil olunması əvvəllər Ankarada ənənə halına çevrilmişdi. Hər il bir universitetdə təşkil olunurdu. Daha çox Azərbaycanı sevən türkiyəli gənclər, burada yaşayan cənubi azərbaycanlı tələbələr, ailələr, Azərbaycan dilini, musiqisini eşitmək istəyənlər belə tədbirlərə gəlirlər. Məsələn, Mənsum İbrahimovun buradakı son konserti belə tədbirlərdən idi (2014-cü ilin dekabr ayında keçirilən konsert barədə yazmışdıq - müəl.). Eyni zamanda, məqsəd birləşmək, bir arada olmaqdır. Birləşə bilməməyimiz bizim ciddi problemimizdir. Əvvəlki Azərbaycan mədəniyyət günləri tədbirlərini o zaman fəaliyyət göstərən Azərbaycan Tələbə Məzunlar Birliyi təşkil edirdi.

- Siz qrup olaraq heç Azərbaycanın Türkiyədəki səfirliyindən dəstək istəmisinizmi?

- Səsyazmalarımızla bağlı hər hansı yardım istəməmişik. Amma 2012-ci ildə Azərbaycandakı rayon kitabxanalarına yardım məqsədiylə konsert keçirmək istədik. O zaman səs sistemlərimizin qurulmasında sıxıntımız yarandı. Səfirliyə müraciət etdik, amma təəssüf ki, yardım etmədilər. Səbəb olaraq səfirliyin bununla bağlı budcəsində maliyyənin olmadığını göstərdilər. Bizim cəmi 400 dollara ehtiyacımız var idi.

- Etiraz musiqisiylə məşğul olmaq sizə müsbət nə verir?


- Qrup üzvlərindən hər kəs bu işdən zövq alır. Bu, bəlkə bir boksçunun məşqdən aldığı zövqdən daha gülcü bir hissdir. Enerji verir deyək.

- Bəs üsyan musiqisi həyatınıza sıxıntılar gətirmirmi?

- Hərdən olur. Bir gün dostlarımdan biri Azərbaycanın rəsmi qurumlarından birinin səlahiyyətli nümayəndələrindən birinin bizimlə görüşmək istədiyini bildirdi. Amma şərtləri var idi ki, yaradıcılığımızda, daha doğrusu dəsti-xəttimizdə dəyişiklik edək. Onların dediklərini həyata keçirsəydik, bizim dünya turuna çıxmağımıza yardımçı olacaqdılar.  Bizi bir növ, saray musiqiçisi etmək istədilər (gülürlər). Biz onlardan biri olsaydıq, daha çox tanınmağımıza dəstək olardılar. Amma olsun, biz bunu rokun gətirdiyi mənfi hal kimi görmürük.

- Qrupun avadanlıq təchizatını necə qarşılayırsınız?

- Hər kəsin öz musiqi aləti var. Bir tək zərbçinin buna ehtiyacı yoxdur. Çünki istər konsert yerlərində, istərsə məşq etdiyimiz studiyalarda zərb aləti olur.
 
 
 
 
 
- Bəs qrup olaraq ayaqda dayanmaq üçün maddi-mənəvi dəstəyi hardan və kimdən alırsınız ?

- Bir-birmizdən. Ehtiyac olan hər şeyi bərabər ödəyirik.

- Ailələrinizdən heç "oğlum, bu nədir, get, ağıllı-başlı bir işlə məşğul ol” deyən varmı?


- (Gülüşürlər): Olub, əvvəllər belə sözlər çox eşitmişik.

- Rokla belə iç-içə olmaq təhsilinizə mane olmur ki?

- (Bu suala qrupun digər üzvləri də eyni cavabı verir): Tam əksinə. Məşğul olduğumuz musiqi bizim ruhumuzu qidalandırır. Çox vaxt dərsdən, imtahanların stresindən, yorğunluqdan məşq edərək dincəlirik.

- Heç vaxt sponsor dəstəyi qəbul etməyəcəksiniz?

- Birisi gəldiyimiz nöqtədən fərqli bir şey oxuyun deyib bizə yardım edəcəksə, biz bunu qəbul etmərik. Biz istədiyimizi deyəcəyik. Bizə dəstək vermək istəyən insan sırf bəyəndiyi üçün bunu edə bilər. "Pulu alın, mənim istədiyimi ifa edin”- deyən heç kimin dəstəyinə ehtiyacımız yoxdur. Bunu qəbul etsək, bizim tənqid etdiyimiz  Azərbaycan gənclərindən fərqimiz olmaz.

Şəhla Əbusəttar Yaman
ANN.Az
Ankara
 




 
 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol