Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib

Vergi yoxlaması aparılmaması və cərimə tətbiq edilməməsi müqabilində sahibkarlardan ümumilikdə 200 min manat rüşvət almaqda ittiham olunan üç vergi əməkdaşının cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında araşdırma aparılıb və cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədov, həmin baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədov 2026-cı ilin may ayında Bakıdakı ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamalarının keçirilməməsi, cərimələrin tətbiq olunmaması və digər məqsədlərlə ümumilikdə 200 min manat rüşvət almaqda şübhəli bilinirlər.
Toplanmış sübutlar əsasında hər üç şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
























