• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevin ölümü Azərbaycan futbolunun nüfuzuna necə təsir edəcək? - AÇIQLAMALAR

Rasim Əliyevin ölümü Azərbaycan futbolunun nüfuzuna necə təsir edəcək? - AÇIQLAMALAR
12.08.2015 17:17
Jurnalist Rasim Əliyevin sabiq futbolçu və onun yaxın dostlarının fiziki işgəncələrindən sonra xəstəxanada dünyasını dəyişməsi ölkədə idman sahəsinə qarşı fərqli fikirlərin meydana gəlməsinə səbəb olub.
 

İstər ictimai müzakirələrdə, istərsə də sosial şəbəkələrdə vətəndaşlar  Rasim Əliyevin haqsız öldürüldüyünü yazır, sosial şəbəkədə hansısa bir statusa görə ölüm faktını hər kəs üçün təhlükəli hesab ediblər.
 

Eyni zamanda bu məsələyə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə əksər sosial şəbəkə istifadəçiləri jurnalist Rasim Əliyevin fotosunu özlərinin profil şəklinə çevirib. Bu arada təkliflər səsləndirənlər də var:  "Report” İnformasiya Agentliyinin fotoqrafı Orxan Əzim bu haqsızlığa qarşı öz etirazını belə bildirib: "Həmkarım Rasimin öldürülməsi ilə bu gündən bir vətəndaş, azarkeş və fotojurnalist olaraq futbol oyunlarını fotomakinamın yaddaşına köçürməkdən imtina edirəm. İnanıram ki, cinayətkarlar layiqli cəzalarını almayana qədər futbol oyunlarını lentə almayacam”. 
 


Sosial şəbəkələrdəki bu kimi aksiyalar ölkə idmanına marağı azalda bilərmi? Hər hansı bir tənqidə (təhqirdən söhbət gedə bilməz – red.) görə bir nəfərin üstünə 6 idman cüssəli adamın düşüb döyməsi, fiziki işgəncələrin fəsadı olan daxili qanaxma nəticəsində xəstəxanada vəfat etməsi faktından sonra idmançılara və idmana qarşı münasibət hansı səviyyədə olacaq? "Qəbələ” futbol klubuna AFFA tərəfindən hər hansı xəbərdarlıq olunmalıdırmı? Bu sualları cavablandırmaq üçün ANN.Az əməkdaşı idman mütəxəssislərinə müraciət edib.
 
 
 

İdman mütəxəssisi, ekspert Rövşən Binnətli ANN.Az-a açıqlamasında bildirib ki, baş vermiş faciə hazırda araşdırılır, amma Azərbaycan adına çox üzücü hadisənin baş verməsi və insidentin futbol çərçivəsini aşaraq, beynəlxalq müstəviyə çıxması hər birimizin ürəyini ağrıdan, ciddi narahat edən təkzibolunmaz faktdır: "Bütün bunlar, təbii ki, ölkə futboluna və futbolçularına münasibətdə soyuqluq yaradır, inamı zəiflədir. Lakin söhbət təkcə azarkeşlərin münasibətindən getmir, elə futbolçuların özləri üçün də oynamaq çətindir. "Qəbələ” - "Qarabağ” görüşündən sonra mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun bunu etiraf etməsi deyilənlərə sübutdur”.

Ekspert vurğulayıb ki, zənnimcə, təkcə "Qəbələ”yə deyil, klubların hamısına müraciət olunmalı, ciddi xəbərdarlıq edilməlidir ki, futbolçular, eləcə də klub rəsmiləri sosial şəbəkələrdəki fəaliyyətlərində, rəylərə münasibətdə müəyyən həddi, ölçüləri gözləsinlər: "Necə olur ki, futbolçulara icazəsiz müsahibə vermək qadağan edilir, bəzi hallarda bu, hətta müqavilədə əksini tapır, amma onlara sosial şəbəkələrdə azadlıq verilir?! Sosial şəbəkələrdə də müəyyən qadağalar tətbiq edilə bilər. Hazırkı şəraitdə bu, çox vacibdir. Futbolçunun, məşqçinin, yaxud klub rəsmisinin ünvanına təhqir yazılıbsa, bunun hüquqi həlli yolları var və yalnız o çərçivədə davranmaq lazımdır. Bu qandonduran hadisədə də Cavid Hüseynov problemin özfəaliyyət şəklində yox, klub rəsmilərinə müraciət edib məhkəməyə üz tutmaq yolu ilə həllini düşünsəydi, nə özü barmaqlıqlar arasına düşərdi, nə də bir gəncin həyatı nakam sonluqla bitərdi”.

 
 
Mütəxəssis Elçin Cəlilov ANN.Az-a açıqlamasında tanınmış futbolçu olan Cavid Hüseynovun bu hadisədə adının hallanmasını ölkә futbolunun iqliminә önәmli tәsir edәcәyini bildirib: "Ümumiyyətlə, analoji olaylar tez-tez olur. Azarkeşә tәzyiq vә s. barәdә çox yazılıb, amma ölçü götürülməyib. Son hadisə isə yanlış sistemin nәticәsi kimi baş verən partlayış idi”. 

İdman mütəxəssisi hesab edir ki, AFFA-nın "Qәbәlә" klubuna hansısa xәbәrdarlıq elәmәyi mümkün deyil: "Çünki klubun hadisәdә hansı rol oynadığı nә mәlumdur, nә dә istintaq sona çatıb - hәlә heç nә sübut olunmayıb, tədqiqat, araşdırma bitmәyib. Ümumiyyәtlә, bu, şәxsi zәmindә baş vermiş olaydı, klubun burda hansısa rolunu görmürәm. İstintaqın nәticәlәrini, mәhkәmәnin hökmünü gözlәyәk”.
 
 

Qol.Az xəbər portalının yazarı Ergün Seyid ANN.Az-a  açıqlamasında qeyd edib ki, Azərbaycanda olmasa da, dünya futbolunda bu tip hadisələr tez-tez baş verir: "Bu günə kimi futbolçu-azarkeş münaqişəsi, futbolçu-jurnalist qalmaqalları ilə qarşılaşmışdıq. Amma burada  pik nöqtə ölüm hadisəsinin baş verməsidir. Düşünürəm ki, futbolçunun bu hərəkəti heç də azarkeşlərin futbola olan marağını azaltmayacaq. Bir insanın əməlinə görə hamını günahlandırmaq düzgün deyil axı.  Təsəvvür edin ki, bu hadisə əksinə də ola bilərdi. Yəni Cavid Hüseynov və ya onun qohumu ilə jurnalist arasında olan qalmaqalda futbolçu ölsəydi, buna görə bütün jurnalistikanı günahkar saymaq düzgün olardımı? Bu gün Cavid Hüseynova haqq verənlər də var, onun hərəkətini qınaq obyektinə çevirənlər də. Nəticə odur ki, istər-istəməz Azərbaycan futbolu bu gün ən çox danışılan və müzakirə olunan mövzulardandır”. 

İdman yazarının sözlərinə görə, bu hadisə bir yandan valideyinləri və futbolçu yetişdirən müəllimləri  də diqqətli olmağa vadar edəcək: "Həmçinin məşqçilər də anlamaldırlar ki, onların vəzifələri futbolçulara çıxıb meydana ancaq topun arxasınca qaçın, qələbə qazanın deməklə bitmir.  Futbolçuları bütün istiqamətlərdə - həm idman, həm psixoloji, həm əxlaqı və s. hazırlamaq məşqçilərin borcudur. Bundan sonra klub rəhbərlərinin də öz işlərində məsuliyyətli olacaqlarına inanıram”.

"Qəbələ” futbol klubuna AFFA tərəfindən hər hansı xəbərdarlıq olunması məsələsinə gəlincə, idman yazarı cavab verib ki, klubun burda heç bir günahı yoxdur:  "Qəbələ” klubuna hansısa bir xəbərdarlıq edilməyəcək. Çünki onların burda heç bir günahı yoxdur. Onlar istəyərdimi Avropa Liqasında çox vacib oyun öncəsi adları belə bir hadisə ilə hallandırılsın? Təsəvvür edin, bizə yuxu kimi gələn bir vəziyyət onlara necə təsir edib? Onsuzda klub hazırda furbolçuların psixoloji durumunun yaxşılaşdırılması üçün çətinlik çəkir. Çünki Avropada mübarizə apardıqları 3 klubdan ikisi ilə problem yaşandı.  Son olaylar isə artıq kluba gələn ən böyük bəla oldu”.

Ergün Seyid hesab edir ki, biz təkcə jurnalist itirmədik: "Azərbaycan futbolunun illərlə yetişdirdiyi  bir futbolçu da öz ağılsızlığından məhv oldu”.

Xatırlaqdaq ki, jurnalist Rasim Əliyev avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Avqustun 9-da gecə saatlarında vəziyyəti daha da pisləşən Rasim Əliyev cərrahiyyə əməliyyatı olunsa da, hazırda ictimaiyyətə tam məlum olmayan səbəblərdən vəfat edib. Həkimlərin ilkin rəyinə görə, onun dalağı və mədəaltı vəzisi partlamış, daxili qanaxma baş vermişdi. Bu hadisədən sonra prezident İlham Əliyev Rasim Əliyevin ölüm hadisəsini şəxsi nəzarətinə götürüb. Aparılan araşdırmalardan sonra ölüm faktı ilə əlaqədar artıq 6 nəfər həbs edilib. 

Qeyd edək ki, həbs olunanlardan biri Elşən İsmayılov futbolçu Cavid Hüseynovun bibisi oğludur. O, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunub,  6 ay əvəzedicilərin heyətində qalıb, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. 

Rasim Əliyevi döyənlər arasında daha biri futbolçunun olması ehtimalı da var. Hazırda rəsmi qurumlar tərəfindən təsdiq olunmasa da, 1995-ci il sentyabrın 18-də doğulmuş Camal Məmmədovun "Neftçi"nin sabiq yetirməsi olduğu bildirilir və əvvəllər "Xəzər Lənkəran", "Rəvan" və "Simurq"un əvəzedici komandasında çıxış edib. Müdafiəçi olan Camal ötən mövsüm "Turan Tovuz" kimi tanınan komandada oynayıb. 

Orxan Aslanlı


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol