Cavid Ramazanlı - Möcüzənin qarşısını kəsmək

Şimali Koreya dünyanın ən maraqlı ölkələrindən biridir. Öz vətəndaşları üçün yəqin o qədər də yox, amma başqaları üçün hər halda maraqlıdır.
İnternetdə bu ölkəyə dair video materiallara yüz minlərlə baxış var. Mən özüm də boş vaxtım yaranan kimi hərdən "Youtube”da Şimali Koreyadan bəhs edən sənədli filmlərə baxıram. Məni ən çox cəlb edən bu ölkənin qaranlıq sirliliyidir.
Fikir vermişəm, adamlar televizorda göstərilən heyvanlar aləmi, yad planetlilər barədə verilişlərə necə heyrətlə baxırlarsa, Şimali Koreyaya dair videolara da eyni heyrətlə baxırlar.
Maraqlı olan odur ki, dünyadan tamamilə təcrid olunmuş qəfəs kimi ölkədə milyonlarla insan necə yaşayır; heç bir alternativ informasiya almamaq necə şeydir; internetsizlik, başqa ölkəyə çıxışın olmaması nə deməkdir; heç nədən xəbəri olmamaq necə hissdir?
Şimali Koreyada alternativ yoxdur. Uzağı ölkədən qaça bilərsən. Bu da tək-tük insanlara müyəssər olur, tutulanlar isə ya ölüm cəzası alır, ya da katorqaya göndərilir.
Videolarda görünür ki, bu ölkənin sakinləri yoxsul və zombi sayaq həyat yaşamaqdan elə də narazı deyillər, çünki alternativin nə olduğunu ümumiyyətlə bilmirlər.
Şimali Koreyada hamı əsgərdir, Kim Çen In-ın yolunda ölümə getməyə, ölkənin düşmənlərini diz çökdürmək üçün əllərindən gələni etməyə hazırdırlar. Şimali koreyalıların adi danışıq dili belə hərbi tondadır. Adam adi bir şeydən danışır, məsələn, çəltiyin yaxşı məhsul verməsindən, amma elə danışır, elə bil komandir qarşısında raport verir.
İncəsənətdə öncəgörmənin şedevrlərindən biri olan Corc Oruellin "1984” romanında deyilən "Müharibə-Sülhdür, Azadlıq – Köləlikdir, Cəhalət – Qüvvədir” şüarı Şimali Koreyada reallıqdır.
Və bu ölkənin ən yaxın qonşusu Cənubi Koreya dünyanın ən inkişaf eləmiş ölkələrindən biridir. İki ölkədə yaşayan eyni xalq: biri artıq tamamilə zombiləşib, o birisi isə dünyanın ən azad, ən kreativ, ən zəngin xalqlarından biridir. Bir çox azərbaycanlıların dünyadan xəbərsiz şəkildə istifadə etdiyi "Samsung”, "LG”, "Hyundai”, "Daewoo”, "Kia” və s. brendlər Cənubi Koreya məhsuludur. Bu ölkənin incəsənətdə də uğurları saysız-hesabsızdır. Mənim ən sevdiyim kino rejissorlardan olan Kim Ki Duk cənubi koreyalıdır.
Cənubi Koreya, Yaponiya kimi ölkələrdəki inkişafa və rifaha insanlar uzaqdan uzağa ağızları sulanaraq baxırlar. Amma bir fakt var, olduqca dəhşətli və qorxuncdur. Adı çəkilən ölkələrin əhalisini daimi gərginlikdə saxlayan fakt odur ki, Şimali Koreyanın atom və ballistik silahları var, bu silahlar bir neçə dəqiqənin içində böyük yaşayış məskənlərini, saysız-hesabsız insanı külə döndərməyə qadirdir. Şimali Koreya isə tez-tez cənubdakı qonşusunu və Yaponiyanı istənilən an vura biləcəyi ilə təhdid edir.
Təsəvvür edin, Şimali Koreya ilə qonşusuz və ordan dəqiqədə bir sizi hər an bombalaya biləcəkləriylə hədələyirlər.
Bu yəqin, doğrudan da çox çətin həyatdır. Bütün gözəlliklərə kölgə salan mütləq nəsə olur. Yüksək rifaha sahib Cənubi Koreya və Yaponiyada da milyonlarla insan qorxu içindədir ki, birdən Kim Çen In yoldaşın beyni çönər, onların başına atom bombasından, ballistik raketdən-zaddan atar.
Deyilənə görə, ildə iki dəfə Cənubi Koreyada həyat dayanır. Atom bombası həyacanına görə, 10 dəqiqəlik sınaq həyata keçirilir ki, bomba atılsa, insanlar nə etməli və harada sığınmalıdırlar.
Hazırda Cənubi Koreyanın Şimali Koreya ilə sərhədini 2 milyon əsgər qoruyur. Bu, dünyanın ən hərbiləşmiş sərhədidir.
Amma orada situasiya hər zaman belə olmayıb. Cəmi 30-40 il əvvəl vəziyyət tamamilə əksinə idi. 1970-ci illərdə Cənubi Koreyanın iqtisadiyyatı Şimali Koreya iqtisadiyyatından bir neçə dəfə geri qalırdı. O vaxtlar Cənubi Koreya dünyanın ən çalxantılı ölkələrindən biriydi. Ölkədə avtoritar rejimlər, xuntalar və xaos hökm sürürdü. Əksər sahələrdə cənublular şimallılardan geri qalırdılar.
Ancaq sadə bir kombinasiya iki ölkə arasındakı fərqi 180 dərəcədə dəyişdi: zaman keçdikcə birisi daha da qapanmağa, o birisi isə dünyaya açılmağa üz tutdu.
İndi fərq ortadadır.
İnformasiya azadlığının, ölkənin açılıma getməsinin nəyə qadir olduğu iki Koreyanın timsalında açıqca görünür. Hazırda Şimali Koreya dünyanın ən təcrid olunmuş ölkəsidir, insanlar bu ölkəyə dəhşət və heyrətlə baxırlar. Cənubi Koreya isə bütün dünyanı informasiya ötürücüləri olan televizorlarla, kompüterlərlə, smartfonlarla təchiz edir. Dünyanın ən demokratik, ən açıq, gələcəyi parlaq ölkələrindən biridir.
Bizim ölkədə də çox məşhur olan "Yapon möcüzəsi” diskussiyası indi yerini "Koreya möcüzəsi”nə təslim edir...
***
Nə qədər azad ölkədə yaşayırsansa, o qədər azadsan. Nə qədər çox düşüncə və məlumat azadlığın varsa, o qədər çox inkişaf etmisən. Nə qədər çox dil, xüsusilə ingilis dilini bilirsənsə, mətnlər və alternativ informasiyalar dünyasına girişin o qədər asandır.
İnsanın azad informasiyaya çıxışının olmaması, propaqandanın təsiri altında olması xəcalətli və vahiməli bir vəziyyətdir. Belə insanların sayı bir ölkədə nə qədər çoxdursa, o ölkədə vəziyyət o qədər çətindir...
Bir əhvalatı paylaşmaq istəyirəm.
Avropa Oyunları zamanı Bakıya qonaq gələn 40-45 yaşlarındakı rusa və onun 14 yaşlı oğluna bir neçə gün yoldaşlıq eləməli oldum. Bakıya gəzməyə, idman yarışlarına baxmağa gəlmişdilər. Böyük rus məni görən kimi dərhal bildirdi ki, əvvəllər daha yaxşı idi: "Hamımız bir ölkədə yaşayırdıq, SSRİ daha yaxşı idi”. Sonra Putini tərifləməyə başladı, bəyan elədi ki, Putin dünyanın ən yaxşı prezidentidir, onların bəxti gətirib ki, belə bir prezidentləri var. Sonra amerikalıları lənətləməyə başladı. Sonra Rusiyada gənclərin ingilis dilinə olan marağını, ingiliscə danışmağını pislədi. Mənim də ingilis dilini bildiyimi öyrənəndə, biraz yavaşladı, amma heyrət və ironiya ilə soruşdu ki, belə mənasız dili necə öyrənmişəm, ona necə vaxt sərf etmişəm?
Bu zaman ərzində isə, 14 yaşlı yeniyetmə rus məni tez-tez sual atəşinə tuturdu: "Azərbaycanda nə qədər rus yaşayır? Sizdə Rusiyaya münasibət necədir? Bakıda nə qədər rusdilli yaşayır? Əvvəllər çox rusca danışırdılar, yoxsa indi? Yeniyetmələr, 90-cı illərdə doğulanlar rusca bilirlərmi? Kinoteatrlar rusca dublyaj verirmi? Azərbaycanda rusca televiziya kanalı varmı, rusca veriliş varmı? Türkiyə ilə diliniz nə qədər yaxındır? Türkiyə ilə münasibətləriniz necədir? Gürcüstanda, Ukrayada baş verənlərə münasibətiniz necədir?” və s. və ilaxır.
Ən sonda böyük rus Stalini tərifləməyə başlayanda, onun əslində çox böyük lider olduğunu, addımlarını sırf dövləti qorumaq naminə atdığını deyəndə, dözmədim, onu acıladım. 20 milyon insanın ölümünə səbəb olan şəxs, Hitlerlə əvvəlcə müttəfiq, sonra məcburən düşmən olan şəxs necə tərifəlayiq şəxs ola bilər?
Qonaqlarımız bu sualdan sonra tərifnamələrini biraz azaltdılar, ancaq onların danışıqlarından sonra az da olsun anladım ki, Rusiyada nəyə görə Stalinin reytinqi 80%-dən aşağı düşmür.
Oyunlar qutardıqdan sonra, Rusiyadan gəlmiş qonaqların təyyarə və normal avtobusla geri qayıtmağa pulları yox idi. Yayın cırhacırında kondisionersiz köhnə "İkarus”la geri qayıtmalı oldular, 2 gün yol gedəcəkdilər. Ancaq nə olsun ki?.. Dağıstandan keçib getməyə, istiyə düşməkdən qorxsalar da, başqa şeylərdən məmnun idilər. Sanksiyaların onları kasıblaşdırmasının, ölkələrinin getdikcə qapanmasının, inkişafdan qaldıqlarının fərqində deyildilər. Propaqandanın təsiri altında olan, alternativ informasiya almaq imkanı olmayan tipik, sadə vətəndaşlar idi...
Tarix nə üçündü bilmək olmur - kitablardakı filan vaxt, filan yerdə filan hadisə baş verib, filan qədər adam ölüb, filan qədər yaralanıb, filan qədəri bədbəxt olub kimi mətnləri oxumaq üçünmü?
Tarixi deyəsən, insanlar fantastik, dedektiv, yüngül romanları necə oxuyurlarsa, elə oxuyurlar. Tarixdən dərs götürmək söhbəti deyəsən fikşndır.
Bir vaxtlar Şimali Koreyaya çox oxşayan, eyni ideologiyası, eyni cür qapalılığı, eyni cür iqtisadi siyasəti olan nəhəng, SSRİ adlı bir ölkə varıydı. Sonra insanlar azad olmaq üçün, alternativləri oxumaq, görmək və yaşamaq üçün, daha gözəl həyat qurmaq üçün azad olmağı, azad ölkələrdə yaşamağı seçdilər.
Amma indi yenidən geriyə qayıtmaq, qapanmaq yolunu tuturlar. Ya da insanlar bu prosesə biganə yanaşırlar.
İndi tez-tez söhbətlər gəzir ki, Rusiyada "Facebook”, "Twitter”, "Youtube” kimi sosial şəbəkələr məhdudlaşdırılacaq, ya da qapadılacaq. Bir neçə gün əvvəl "Wikipedia”ya giriş bu ölkədə məhdudlaşdırılmışdı.
Adətən Rusiyada nə baş versə, bəzi postsovet ölkələri də eyni yolu tuturlar. Qazaxıstan, Tacikistan, Özbəkistan kimi ölkələrdən də oxşar xəbərlər gəlir.
Bizimkilər də indi sosial şəbəkələri lisenziyalaşdırmaqdan danışırlar. Hələ tam olaraq dərk etməmişəm, söhbət nədən gedir. Amma deyəsən məhdudlaşdırma olacaq, ya da ödənişsiz istifadə edilən bəzi sosial şəbəkələri bir müddətdən sonra məcburən ödənişli əsaslarla istifadə edəcəyik. Xüsusi terminologiya ilə bol açıqlamaları tam başa düşmək olmasa da, pərdənin arxasında nəsə sirli, qaranlıq hadisələr baş verir.
Çətindir.
Kosmos köməyimiz olsun...
Cavid Ramazanlı
www.ann.az
























