"Jurnalist Rasim Əliyev İfadə azadlığı qurbanıdır"

Jurnalist Rasim Əliyevin öldürülməsindən sonra şübhəli şəxs kimi həbs olunalardan birinın- futbolçu Cavid Hüseynovun vəkilinin mediada yayılan açıqlaması sosial şəbəkədə diqqətimi çəkdi. Vəkil, israrla bu hadisənin məişət zəminində baş verdiyini önə çəkərək Avropa Şurasının baş katibi cənab Torbyorn Yaqlandı ittiham edir.
Bir vəkil müvəkkilinin hüquqlarını qorumalıdır. Bu doğru. Lakin, hüquqlarını qorumaq yerinə onun vəziyyətini daha da çıxılmaza salmamalıdır.
Jurnalist Rasim Əliyev ictimai-siyasi proseslərdə hər zaman öndə olan jurnalist idi. Onun aksiyalarda jurnalist fəaliyyətinə görə döyüldüyünü, həbs olunduğunu, zorakılığa məruz qaldığını göstərən onlarla kadrlar var və internetdə xırda bir görüntülü axratış verməklə bunları görmək mümkündür. Ayrıca, "Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu”nun (RATİ) 2014-cü ilin payızında Ədliyyə Nazirliyinə təqdim etdiyi sənədlərdə də jurnalist Rasim Əliyevin "Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu”nun (RATİ) direktoru kimi son ümumi yığıncaqda seçildiyi bəlli olub və qurumun digər əməkdaşları tərəfindən də təsdiq edilib. Yəni öldürülən şəxsin həm www.ann.az saytının jurnalistı olması, həm RATİ-nin son direktoru olması faktdır.
Onun jurnalist fəaliyyətinə görə öldürülmədiyi iddiasına gəldikdə, bu iddia təəssüf ki, media hüququ ilə məşğul olmayan bəzi hüquqşünasları çaşdırır. Əslində yerli qanunvericiliyə baxdığımızda bu sualın da cavabı çox netdir. Rasim Əliyev söz azadlığının qurbanı olub. Fikir və Söz azadlığı (ifadə azadlığı) Konstitusiyanın 47-ci maddəsində qorunur. "Hər kəsin öz fikir və söz azadlığı vardır.” Gördüyünüz kimi jurnalistin yox, hər kəsin hüququdur bu. Konstitusiyanın 50-ci maddəsi isə "Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır”- deyir. Burda da hər kəsin istədiyi məlumatı yaymaq azadlığına təminat verilib. Rasim Əliyev hətta jurnalist olmasa belə onun fikirlərini ifadə etdiyinə görə öldürüldüyü danılmaz bir həqiqətditr. Onu döymək üçün sifariş verən və döyməyə gələn şəxslər məişət zəminində təsadüfən hadisə yerində gəlməyiblər, Cavidin xoşuna gəlməyən ifadələrini Rasimə "yedirtmək” üçün ona tələ qurub, namərdçə çay içmək adı altında ora çağırıblar və döyüb öldürüblər.
İndi Rasimin internetdə yayılan ifadəsi nədir?
Cənab vəkil, cənab Torbyorn Yaqlanda məktub yazmadan öncə gərək ölkə qanunlarına bir də göz ataydı ki, onun qanunvericilik bilgisi şübhə ilə qarşılaşmayaydı. 7 dekabr 1999-cu il taixdə qəbul edilən № 769-IQ saylı Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi Əsas anlayışları təsvir edir. "Kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları;
Maddədən göründüyü kimi, İnternetin KİV sayıldığını qanun deyir. Rasimin internetdə yayılan ifadəsi KİV-də yayılan ifadədir. KİV-də jurnalistlər istənilən formada məlumat yaya bilir. Bu fəktları əhatə edən xəbər olduğu kimi, fakt olmayan rəylər də ola bilər. Rasimin KİV-də yayılan rəyinə görə öldürülməsi faktdır. Cənab Torbyorn Yaqland da bunu deyib.
Azərbaycan Prezidenti də hadisəni məişət zəminində bir münaqişə kimi görməyib, "söz və məlumat azadlığına təhlükə və təhdid” kimi qiymətləndirib. Odur ki, hadisənin mahiyyətini dəyişməyə cəhdlər etmək təəssüf doğurur. //alasgarmaammadli.blogspot.com
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























