Hələ çox gəmilər batacaq - KÖŞƏ

Orxan Aslanlı
Türkiyədə dəniz sahilində tapılmış 3 yaşlı uşağın cəsədinin fotosu bir anda bütün sosial şəbəkələrin, dünya mətbuatının gündəminə çevrildi. Hamı üzüldüyünü, insanlığın öldüyünü, mərhəmət hissinin məhv olduğunu dilə gətirdi, bu faciəyə, sözsüz ki, bizlər də çox məyus olduq.
Dəniz sularının yuduğu qumluqda üzüstə, qolları yanına düşmüş 3 yaşlı Aylanın faciəsi çox rəssamın mövzusuna çevrildi, kimi onu həmin vəziyyətdə çarpayı üstündə yatmış "gördü", kimisi mələk kimi göylərə uçurmuş kimi, kimisi onu ayrılmış dəniz dalğalarının arasından Musa peyğəmbərinin keçdiyi kimi təsvir etməyə başladı. Amma bu məsələnin əsas mahiyyəti deyil. Çoxları azyaşlı uşaqların öldürülməsindən, uşaqlara qarşı zorakılıqdan yazsalar da məsələnin ən böyük mahiyyətini kənarda saxladılar. Əsas problem artıq dünyanın yarısından çoxunu saran qaçqınlıq, mühacirət məsələsidir və təəssüf ki, dünya buna öyrəncəli olub.
Ölkədə baş verən siyasi böhran, müharibə, işğal, aclıq və ya digər hadisələrdən bezən insanlar çıxış yolunu digər dövlətlərə sığınmaqda görürlər. Bu çox məyusedici hal olsa da BMT-nin hesabatlarında göstərilir ki, dünyada qaçqınların, sığınacaq axtaranların və məcburi köçkünlərin sayı 50 milyon nəfəri ötüb.
Hesabatda göstərilir ki, BMT-nin himayəsi altında olan ən çox qaçqın əhali mənşə etibarilə əfqanlar, suriyalılar və somalililərdir. Onların birlikdə sayı dünya üzrə bütün qaçqınların ümumi sayının yarısından çoxunu təşkil edir.
Regionlar üzrə götürüldükdə Asiya və Sakit okean regionundan qaçqın düşənlərin sayı daha çoxdur – ümumilikdə 3,5 milyon nəfər. Afrikanın cənubi Saxara bölgəsindən 2,9 milyon nəfər, Orta Şərqdən və Şimali Afrikadan isə 2,6 milyon nəfər qaçqın düşən var.
Təəssüf ki, bu sətirlərin yazıldığı və ya yazının oxunduğu dəqiqələrdə belə dəhşətli statistika dəyişir. Qaçqın mənzərəsini daha faciəli duruma gətirən bu xəbərlər olur: 10-larla mühacir Avropa və ya ərəb ölkələrinə qanunsuz keçərkən sərhəd zonalarında yaxalanıblar. Və ya qaçqınlar digər ölkələrə keçmək istəyərkən gəmi batıb və ya qayıq çevrilib, yüzlərlə qaçqın dənizdə batıb. Günümüzün əsas mövzusuna çevrilən, bu xəbərlər artıq hər kəsdə təlaş yaradır, qorxuya salır.
Mütəxəssislər də sübut ediblər ki, bir çox xəstəliklərin yaranmasına qorxu hissi səbəb olur və bu bəladan qurtulmaq o qədər də asan deyil. İnsanlar niyə öz ölkələrindən qaçqın düşürlər? Qorxduqlar üçün. İnsanlar nə üçün az tutumlu qayıqlara minib qorxulu səfərə çıxırlar? Qorxduqları üçün. Çünki hər dəfə həyatlarında yaşadıqları ən böyük qorxu hissi onların kölgəsinə çevrilib və onları anbaan izləyir, böyük qorxunu dəf etmək üçün insanlar digər qorxularının üstünə getməyə məhkumdurlar. İŞİD qorxusundan vətənlərindən didərgin düşərək Türkiyəyə qaçan insanları götürək. Onlar böyük, yaxud əsas qorxularından qurtulmaq üçün hər cür təhlükə və bəlalara atılırlar ki, (gəminin motorxanasında gizlənirlər, ən təhlükəli yerlərə gedirlər, adlarını, simalarını dəyişirlər və.s) təki xilas ola bilsinlər, rahatlıq tapa bilsinlər. Nəticə nə olur? Faciə.
Aylanın ailəsi kimi təhlükəli dəniz yolu vasitəsilə Avropaya getmək istəyən, bəzən buna müvəffəq olan ailələr də var. Onları Avropada hansı həyat, hansı sonluq gözləyir? Yaxşımı olacaq, yoxsa daha böyük acı tale ilə qarşılacaqlar, bunu demək çox çətin olsa da, bir yeniyetmənin açıqlaması diqqətimi cəlb etmişdi: "Avropa niyə İŞİD-i susdurmağa kömək eləmir? Bizim torpaqlarımızda müharibə getməsə, mən və ailəm bura niyə gələk ki? Biz də sakit, sülh şəraitində yaşamaq istəyirik. Bu, bizim haqqımızdır. Necə ki, Avropada belə yaşayırlar...”
Bəs Avropa liderləri bu duruma necə münasibət bildirirlər? Təəssüf ki, bəziləri Aylan faciəsinə ikili yanaşma nümayiş etdirdilər. Bir ata, bir valideyn kimi üzüldüklərini, ağladıqlarını, amma bir siyasətçi kimi quru, etinasiz mövqe nümayiş etdirməkdən çəkinmədilər:
Macarıstanın baş naziri Viktor Orban qeyd edib ki, Türkiyə çox etibarlı bir ölkədir: "Orada qalın, gəlmək çox risklidir. Ailələrinizi, uşaqlarınızı, özünüzü düşünün, orada qalmaq daha yaxşıdır. İndi biz desək ki, gəlin, hər kəsi qəbul etməyə hazırıq, belə bir təəssürat yaratsaq, bu, əxlaqi bir səhv olar. Bu səbəbdən də gəlməyin deyirik. Bu qədər qaçqının Avropaya axışması xristianlar üçün təhdiddir”.
İtalyanın baş naziri Matteo Renzi: "Avropa artıq hərəkətə keçmək məcburiyyətindədir”.
Fransanın baş naziri Manuel Valls: "Onun bir adı vardı: Aylan Kurdi. Təcili olaraq hərəkətə keçmək lazımdır. Təcili olaraq Avropa daxilində bir səfərlik yaratmaq lazımdır".
Hadisədən sonra BBC-yə danışan Aylan Kurdinin atası Abdullah Kurdi vurğulayıb ki, uşaqlarımı və yoldaşımı tutmağa çalışdım, amma olmadı: "Onlar bir-birinin ardınca öldülər". Həqiqətən də, bir atanın bu cür ifadələr işlətməsi, gözləri qarşısında ailəsinin məhv olmasını izləmək bəlkə də ona verilən ən ağır cəzadır. İndi o ata Kobaniyə – qorxusunun başlanğıc götürdüyü yerə dönmək istəyir. Qorxusunu dəf etmək üçün...
Amma dünyada nə qədər ki, haqsızlıq, tamahkarlıq, hakimiyyəti uğrundan mübarizə, böyük həmişə kiçiyi əzməlidir prinsipləri hakim olacaqsa, qorxunu dəf etmək mümkün olmayacaq, istər ondan qaçmaqla, istər onun üzərinə getməklə...
Bəlkə də baş verən bədbəxt hadisələrin günahkarları məhz özümüzük. Çünki bir-birimizi əzməklə, ayaq altına salmaqla yüksəlməyə çalışırıq. "Qaçqınların sayı artacaq, sığınacaq istəyənlər çoxalacaq, məcburi köçkünlər zorla köçülürəcək” və s. daha nələr, nələr. Nə qədər ki, belə hadisələrə uzaqdan durub baxacayıq, lazımi tədbir görülməyəcək, hələ çox adamın gəmisi batacaq. Bunu istər hərfi mənada başa düşün, istər məcazi...












www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























