“Azərbaycan Avropaya özünü göstərməlidir” - AÇIQLAMA

"Avropa Parlamentinin Azərbaycana qarşı atdığı sonuncu addımına görə ölkəmizin qərbdəki diplomatik qurumlarının heç birini günahlandırmaq olmaz” – politoloq Qabil Hüseynli belə hesab edir.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirəsi zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərvaycanı xaricdə təmsil edən səfirlikləri kəskin tənqid edib: "Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edildiyi iclasda 638 deputat iştirak edib. Bu deputatlardan 273-ü qətnamənin əleyhinə səs verib, 33 deputat bitərəf qalıb, qalaları isə qətnamənin lehinə səs verib. Əleyhimizə olan qətnamənin qəbuluna səs verən ölkələrə baxanda sual yaranır ki, Azərbaycanın bu ölkələrdəki səfirləri hansı işlərlə məşğuldur, səfirliklərə ayrılan vəsaitlər hara sərf olunur? ”
ANN.Az xəbər verir ki, politoloq Qabil Hüseynli Azərbaycana qarşı çıxan dairələrin fəaliyyətindən söz açmağı daha doğru hesab edib: "Ola bilsin ki, bu dairələrdə erməni lobbisi çox güclüdür və yüksək səviyyədə təbliğat apara bilirlər. Ümumilikdə isə, hazırda elə bir Avropa ölkəsi yoxdur ki, ermənilər orada Azərbaycana qarşı işlər görməsinlər. Bu işlərin əsas məqsədi Azərbaycanı Avropanın gözündən salmaq, qondarma erməni soyqırımını dünyaya tanıtdırmaqdır. Eyni zamanda Avropa heç vaxt istəmir ki, islam ölkələri önə çıxsın, onlara kimsə yardımçı olsun. Azərbaycan da islam ölkəsidir, islam mədəniyyətinin daşıyıcısıdır. Artıq uzun illərdir Avropa Türkiyəyə siyasi yolla bu davranışı nümayiş etdirir, eləcə də indi Azərbaycana qarşı məkrli simalarını göstərməyə başlayıblar. Ola bilsin, Azərbaycana qarşı qətnamənin imzalanmasında islamofobiyanın təsiri altına düşən ölkələr var və səsvermə prosesində böyük səylər göstəriblər”.
Politoloq Azərbaycanın Avropa Parlamentinin tam hüquqlu üzvü olmadığını xatırladıb: "Bu çox böyük etikasızlıqdır ki, üzvü olmayan bir ölkə haqqında hər hansı bir qurum, hansısa qərar qəbul etsin. Azərbaycan Avropa Şurası qarşısında öz üzərinə öhdəliklər götürüb, Avropa Parlamenti ilə bağlı yox. Bundan başqa Azərbaycanın Avropa Birliyinə, NATO-ya daxil olmaq kimi niyyəti yoxdur. Bu baxımdan Azərbaycana qarşı qəbul edilmiş bu qətnamə həm yersiz, həm əsassız, həm də bir növ təxribatçı xarakter daşıyır. Azərbaycan öz işlərini hansı səviyyədə apardıqlarını, necə hərəkət etdiklərini, necə göründüklərini Avropaya göstərməlidir. Belə məsələlərdə çox ayıq-sayqı olmalı, bütün hadisələrə, bu məsələlərin gedişatına fikir verilməlidir”.
Azərbaycana qarşı qəbul olunmuş qətnamədə səfirliklərin iş fəaliyyətlərinin zəif olması və onları günahlandırılması məsələsinə münasibət bildirən politoloq qətnamənin qəbul olunmasında onların heç bir gühanlarının olmadığı deyib: "Əgər Avropa Azərbaycana qarşı belə bir qətnamə qəbul edəcəyini planlayırsa, böyük ehtimal ki, onun tərkibində olan ölkələr də bu fikri dəstəkləyəcəklər. Azərbaycan səfirlikləri həmin ölkələrdə nə qədər öz işlərini yüksək səviyyədə aparsalar da, ölkə rəhbərləri Avropa Parlamentindən asılıdırlar. Bu bir daha sübut olundu”.
Orxan Aslanlı
www.ann.az
























