Cavid Ramazanlı. Erməniylə rəqabət

"Pulitzer" mükafatının bu ilki ədəbiyyat, poeziya üzrə qalibi erməni Peter Balakiyan oldu, "Azon jurnal" əsərinə görə. Bilənlər bilir, "Pulitzer" ABŞ-ın ədəbiyyat, jurnalistika, fotoqrafiya və s. sahədə ən nüfuzlu mükafatıdır. "Pulitzer"in qalibi olmaq dünya şöhrəti deməkdir, qarşında bütün qapıların açılması deməkdir.
Hansı daşı qaldırırsan, altından mütləq bir erməni çıxır. Dünya səviyyəsində saysız-hesabsız adamları - ədəbiyyatçıları, elm adamları, ictimai-siyasi-mədəni xadimləri, aktyorları, futbolçuları, hətta şou-biznes ulduzları belə var. Ermənilər arasında oxumaq, savadlı, dünyagörüşlü olmaq, dil öyrənmək, sənətlə məşğul olmaq daim təşviq olunur. Bizimkilər isə ermənilərlə belə məsələlərdə yox, dolma-badımcan, zurna-balaban kimi məsələlərdə rəqabət aparırlar. Düzgün rəqabət aparılsaydı, indi bizdə də ən azından beş-altı nəfər dünya səviyyəsində brend olardı. Erməni olanda nə olar, adam gərək düşmən saydığından da nəsə öyrənsin. Ən böyük uğurlar rəqabətdən doğmurmu?
Azərbaycan üçün tarixi bir fürsət ələ keçmişdi. Amma bu tarixi fürsət artıq əldən çıxmaqdadır. Neft pulları, milyardlarla dollarlar sağlam düşüncəli, ixtisaslı, təhsilli, perspektivli nəslin yetişməsinə yox, əzələ şişirtməyə, müğənnilərə, manıslara xərcləndi, eqoları sığallamağa xidmət elədi. İnsana investisiya edilməkdənsə, mərmər-betona investisiya edildi. Beş-altı uşağı xaricə oxumağa göndərirdilər, indi o da olmayacaq, ən azı bakalavr oxumağa gedənlər olmayacaq, bu dəqiqdir. Hökumət deyir, təhsil almağa gedənlər üçün pul ayırmağa imkan yoxdur. Əvəzində isə Erməni diasporası Ermənistanın hansısa ucqarında bir balaca istedad qığılcımı olan gənc görəndə, Amerikaya, Avropaya-filan aparıb, hər cür şərait yaradır ki, oxu adam ol, erməni xalqını dünyada layiqincə təmsil et. Strategiya belə qurulur, uğur belə qazanılır. Bizim məmur isə ev yıxır. Hələ şikayət də edir ki, dünya ermənilərin tərəfini tutur.
Aprelin əvvəlində cəbhədə toqquşmalar olanda, dünya mətbuatı bundan xəbərlər, reportajlar hazırlayanda bəlli oldu ki, jurnalisika materiallarının əksəriyyəti Ermənistan tərəfdə hazırlanır. O tərəfdə hazırlanırsa, deməli, oranın mövqeyi daha ağır basacaq. Qərb mətbuatında Ermənistan-Azərbaycan arasındakı münaqişəni yanlış olaraq "xristian-müsəlman" davası olaraq təhrif etmək də, o tərəfin informasiya müharibəsindəki üstünlüyü idi. Bizdə adamlar şikayətlənməyə başladılar ki, dünya mətbuatı Ermənistanın tərəfini tutur. Halbuki jurnalistlərin Ermənistana getməsinin çox bəsit bir səbəbi vardı. Qərbdən Ermənistana viza almaq olduqca asan, Azərbaycana almaq isə olduqca çətindir. Azərbaycan xaricdən viza almaq üçün dünyanın ən çətin ölkələrindən biridir. Şəxən mənim xaricdən tanışlarım var, Azərbaycana viza almaq üçün o qədər prosedura, süründürməçiliyə məruz qalıblar ki, axırda imtina ediblər. Ona görə də Avropadan Gürcüstana gələn turist də bu tərəfə keçmədən qayıdıb gedir, jurnalist də materialı Ermənistandan hazırlayır. Bizimkilər də şikayətlənir. Özü yıxılan ağlamaz.
3-4 günlük müharibə eyforiyası oldu, camaat sevindi, 100-ə yaxın gəncin ömrü yarıda qırıldı, camaat ağlaşdı. Ən axırda iki günah keçisi tapıldı - Əli Kərimli və türk müğənnisi Hadisə. Birinin evinin qabağında mitinqlər keçirdilər, o birinin köynəyində erməni bayrağı kəşf edib vay-şüvən saldılar. Vəssalam. Hər şey bitdi. Yenə lağlağı, yenə ah-uflu aşkım-yavrum söhbətləri, gəvəzəlik, boşluq, ay brat, ay brat...
Şikayətlənmək lazım deyil, bu düşüncə tərzi, məsuliyyətsizlik, etinasızlıqla nəinki Biləcəridən o tərəfə, elə Biləcərinin özünə qədər gedib çıxmaq böyük şeydi. And olsun.
Cavid Ramazanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























