“Azərxalça”nın rəhbəri HƏBS EDİLDİ

"Azərxalça” ASC-nin İdarə heyətinin sədrinin qanunsuz əməlləri ifşa edilib.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Aparılmış istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq "Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu "Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyərək "Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Hazırda "Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.anews.az
























