“DOST” mərkəzlərinə yeni səlahiyyətlər verildi - QƏRAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə, Sosial Xidmətlər Agentliyinə və "DOST” mərkəzlərinə yeni səlahiyyətlər verilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərarlar imzalayıb.
Həmçinin, peşə hazırlığı, yenidən hazırlıq və işə düzəltmə insan alveri qurbanları üçün yardım mərkəzlərinin göndərişi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və "DOST” mərkəzləri tərəfindən həyata keçiriləcək.
Digər qərardakı dəyişikliyə əsasən, qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sanatoriya-kurort putyovkası ilə (sanatoriya-kurort müalicə yerlərinə gediş-gəliş xərcləri daxil olmaqla) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və "DOST” mərkəzləri tərəfindən təmin olunacaqlar.
Eyni zamanda digər dəyişikliklə şəhid ailəsi statusunun təsdiq edilməsi ilə bağlı vəsiqə ailələrin yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən veriləcək.
www.anews.az
























