"Sovetski", "Papanin" kimi qədim məhəllələr daha olmayacaq" - MÜSAHİBƏ

ANN.Az xəbər portalının qonağı Tarixi, Mədəni və Təbii İrsin Qorunması üzrə QHT-lərinin İctimai Nəzarət Komitəsinin əlaqələndiricisi Aytəkin İmranovadır. Onunla müsahibəni oxuculara təqdim edirik:
- Paytaxt Bakıda bina və abidələrin tez-tez restavrasiyaya məruz qalmasının, öngörüşünün rekonstruksiya edilməsinin səbəbi nədir? Elə abidələr var ki, onlar yenidən bərpa edildikdə əvvəlki gözəl görünüşündən əsər-əlamət qalmır. Bu kimi abidələrin mühafizəsinə nə üçün önəm verilmir?
- Bunu əslində bu işlərə görə məsuliyyət daşıyanlar cavab verməlidirlər. Fikrimcə, binaların tez-tez rekonstruksiya edilməsində əsas məqsəd xaricdən gələn qonaqlara şəhərin gözəlliyini bir daha sübut etməkdir. Rekonstruksiya dedikdə tək binanın üz örtüyü nəzərdə tutulmamalıdır, həm də binanın hər hansı fəsadı, qəzaya məruz qalmış yerləri təmir olunmalıdır. Bina rekonstruksiya olunanda onun üz örtüyünü elə formalaşdırırlar ki, bu bəzi vaxt bina sakinlərinin eyvanlarının ölçüləri ilə üst- üstə düşmür və nəticədə üzdə yaxşı görünsə də evin daxilindən o mənzərə heç də yaxşı görünmür. Bu həm də sakinlərin evlərinin işiqlandırılmasına, havalandırılmasına da öz təsirini göstərir. Əvvəllər, misal üçün, İçərişəhərdaxili tikililər, hətta bütün küçələr inşa olunarkən xəzri də, gilavar da nəzərə alınırdı ki, havalanma hər tərəf üçün uyğun olsun. Amma indiki inşaat işlərində bunların heç biri nəzərə alınmır. Əslində bina rekonstruksiya olunursa, həmin ərazidə heç kim olmamalı, yaşayış məntəqələrindən xeyli məsafədə aralı olmalıdır. Amma hazırda şəhərin mərkəzində təmir işləri zamanı binanın üz örtüyünün qaşınması zamanı bütün şəhər toz-dumana bürünür. Bu cür hallar dünya ölkələrində qadağan olunub ki, daş yonan texnika şəhər mərkəzində, ümumiyyətlə, insanlar olan ərazidə istifadə oluna bilməz. Amma çox təəssüflər olsun ki, hələ də bu hallara tez-tez rast gəlirik.
Restavrasiya ilkin görünüşün bərpası deməkdir. Əslində hər hansı bir tarixi abidə restavrasiya edilərkən həmin abidənin arxivi araşdırılmalı, əvvəlki görünüşü (o abidənin quruluşu, hansı texnika ilə bu abidə üzərində daha yaxşı çalışmaq olar və.s) hansı vəziyyətdə olubsa, o vəziyyətə də gətirilməlidir. Xarici ölkələrdə qədim abidə restavrasiya edilərkən onu fırça ilə çox incəliklə üzərində çalışırlar ki, o abidə öz əvvəlki gözəlliyini itirməsin. Amma biz də vəziyyət belə deyil. Biz də bu abidələrə nəzarət praktiki deyil, nəzəri yerinə yetirilir. Ona görə də bu problemlərlə biz tez-tez qarşılaşırıq. Regionlarda, məsələn Şəkidə tarixi abidələrin qorunmasına yetəri qədər nəzarət olunur. Belə nəzarət tək Şəkidə deyil, hər bir bölgələrimizdə olmalıdır ki, tarixi abidələr məhv olunmasın. Tarixi abidələrin qorunması üçün xüsusi bərpa mütəxəssisləri yetişməlidir.
- Paytaxtda, eləcə də digər böyük şəhərlərdə binaların plastik materiallarla üz örtüyü yenilənir. Əsasən də belə inşaat işləri ölkəmizdə keçiriləcək hər hansı beynəlxalq tədbirlər öncəsi, həm də tələm-tələsik edilir. Bu kimi təmir növünü necə qiymətləndirirsiniz?
- Hər hansı addım atılırsa, ən əvvəl ölkə vətəndaşları diqqətə alınmalıdır, daha sonra respublikamıza gələcək qonaqlar. Çünki bu ölkə üçün onun vətəndaşları əziyyət çəkir, iş görür, qonaqlar sadəcə bura gəzməyə, yeyib-içməyə, tamaşa etməyə gəlirlər. Avropa Oyunlarının məşəlinin ilk alovlanacağı yerin Suraxanıdakı "Atəşgah" abidəsinin olacağı deyilir. Niyə məhz Şəhidlər Xiyabanından yox, Yanardağdan yox, oradan başlayır? Bu "Atəşgah" 17-18 əsrdə hindli tacirlər tərəfindən tikilib, düzdür tarix abidəmizdir, amma niyə məhz ora? Bizim daha qədim tarixi abidələrimiz, yerlərimiz var axı.
Binaların üz örtükləri yenilənə bilər, bunda pis heç bir şey yoxdur. Amma bu yenilik olan zaman sakinlər də nəzərə alınmalıdır. Ucuz və daha tez alışan materiallardan istifadə olunmamalıdır. Çünki bu materiallardan istifadə neçə-neçə ailələr üçün təhlükələr yarada bilər. Bu yaxınlarda 9 mərtəbəli bir binada bu cür yanğın hadisəsi baş verdi. Bu hadisədən ibrət götürülməlidir. Xarici ölkələrdə hər hansı təmir işləri aparılarkən, keyfiyyət baxımından yaxşı, amma daha az məsrəf tələb edən materiallardan istifadə edib, gözəl bir tikili ortaya qoyurlar. Biz də isə keyfiyyətdən daha çox istifadə olunacaq materialların qiymətinin baha olmasına üstünlük verilir.
- Bakının əksər qədim binalarının üzərində simvolik işarələr var. Bəzi KİV orqanları və onların əməkdaşları həmin simvollarda massonların rəmzi kimi qiymətləndirirlər. Bu fikirləri necə şərh edərdiniz?
- Bu işarələrin onlarla əlaqəsi olduğunu deməzdim. Sadəcə olaraq yeni bina tikintisinə başlayanlar əvvəlki üsullara - yəni əvvəlki bina üslublarına bənzətməyə çalışırlar. Bakı şəhərinin tikintisi ilə məşğul olanlar çox güclü memarlar olub. Onlar arasında azərbaycanlılarla yanaşı polyaklar, ruslar və başqa mütəxəssislər vardı. Bu mütəxəssislər Azərbaycan xalqının mədəniyyətini, tarixini yaxşı araşdırıb daha sonra şəhərin memarlıq işlərinə başlayıblar. Bu memarların verdikləri dizayn məhz bu simvolik formalarda olub. Bu cür istedadlı memarlar indi də yaşasaydılar, Bakı öz gözəlliyi ilə dünyada öz sözünü deyə bilərdi.
- Yeni tikilib istifadəyə verilmiş binaların yüksək maqnitulalı zəlzələ gücünə davamlı olduğu söylənilsə də, ən yüngül təkandan sonra həmin binalarda ciddi fəsadlar, təhlükələr meydana gəlir. Bunun əsas səbəbləri nədir? Bu işlərə ciddi nəzarət həyata keçirilmir, yoxsa başqa səbəb var. Axı burada insan taleyindən söhbət gedir.
- Bu halların baş verməsi binaların təhlükəsizliyinə nəzarət olunmadığını bir daha açıq-aydın şəkildə göstərir. Bunun əsas səbəblərindən biri tikinti zamanı işlərin keyfiyyətli aparılmaması, istifadəyə daha az yararlı materiallardan istifadə, tikinti mallarının mənimsənilməsi və daha az istifadə olunması və.s hallardır.
- Paytaxtımızın ən qədim abidələrindən biri sayılan Qız Qalası artıq neçənci dəfədir restavrasiya edilir. Tarixi abidələrin restavrasiya olunmasını necə qiymətləndirirsiniz?
- Söhbət əsl restavrasiyadan gedirsə, burada pis heç nə yoxdur. Amma restavrasiyadan yox, müasirləşdirməkdən söhbət gedirsə, o zaman həmin insanlara başa salmaq lazımdır ki, qədim abidənin müasirliyi elə onun qədimi formada saxlanılmasıdır. Yenidən onun üzərində başqa işlər görmək müasirlik demək deyil. Əgər o abidənin görünüşü, cəlbediciliyi yarandığı dövrdəki ilə eynidirsə, həmin abidə üçün bu əsl gözəllikdir.
- Yeni tikilən obyektlərin, komplekslərin, ümumiyyətlə tikililərin dizaynı memarlıq baxımından müasir standartlara cavab verirmi?
- Müasir standart dedikdə əslində bizim öz uyğunlaşacağımız, bizim rahatlığımız üçün olan tikintini nəzərdə tuturuq. Əgər yaşayış binasının tikintisi ilə məşğil olan şəxs bina sakinlərinin rahatlığını, yaxşı şəraiti nəzərə alırsa, o zaman bina tikintisində heç bir qüsura yol verməməlidir. Nəticədə tikilən bina müasir standartlara əməl etmiş hesab olunacaq. Əgər bir vətəndaş yaşayış binasında evinin pəncərəsini açan zaman qonşunun pəncərəsinə toxunursa burada hansı standartlardan söhbət gedə bilər.
- Ölkəmizdə aparılan tikinti, yenidən qurma layihələrində niyə məhz Azərbaycan memarlarına yox, digər xarici ölkələrdən gətirilən memarlara üstünlük verirlər. Bunun əsas səbəbi nədir?
- Normalda tender elan olunmalıdır. Ora öz memarlarımızla yanaşı xarici ölkə mütəxəssisləri də layihə təqdim edə bilər. Bu layihələrdə münsiflər heyəti təşkil olunur və memarların nümayiş etdirdikləri işlərdən hansı bəyənilirsə, o memarla əlaqələr yaradılır. Sadəcə tenderlər zamanı yalnız xarici memarlara üstünlük verilməsi, ölkəmizdə olan mütəxəssislər, memarlar üçün də bir təhqirdir.
- "Sovetski”, "Papanin” kimi bəzi başqa qədim ərazilərinin sökülməsi artıq demək olar ki, qədim Bakı ifadəsini də yox etdi. Belə qədim ərazilərin sökülməsini necə qiymətləndirirsiniz?
- Bu əraziləri biz qoruyub saxlamalı idik. Bu yerləri biz bundan sonrakı nəsillərə də göstərməli idik ki, belə qədim məhəllə, küçələrimiz, yaşayış yerlərimiz olub. Amma bunu etməyi bacarmadıq. Sözün əsl mənasında qədim Bakı yox olur. Bu əraziləri sökmək yox, qorumalı idik. Çox gec dərk edəcəyik ki, "Sovetski", "Papanin" kimi qədmi məhəllələr daha olmayacaq.
Orxan Aslanlı
























