Müharibənin simvolu - FOTOLAR

Binanın qarşısındakı zivələrdə asılan çoxlu rənbərəng paltarlar bayraqlar kimi dalğalanır. Binanın vəziyyəti acınacaqlıdır, baxanda, adamda belə təəssürat oyanır ki, üfürsən onu yerlə-yeksan edə bilərsən. İlk baxışdan tikilinin istismar dövrünün başa çatdığı və qəzalı vəziyyətdə olduğu başa düşülür. Bura bir vaxtlar humanitar kollecin yataqxanası olub, ancaq sonradan bina Qarabağdakı müharibədə didərgin düşən məcburi köçkünlərin sığınacağına çevrildi.

Binanın arxa həyətində çoxlu daxmalar gözə dəyir. Zaman keçdikcə, binanın içinə sığışmayan əhali yataqxananın qabağındakı ərazidə özləri üçün bir mərtəbəli evlər tikib, ora köçüblər. Ətrafda oyun oynayan balaca uşaqlar möhkəm səs-küy salıblar, lap uzaqdakı meydançada isə futbol oynayan yeniyetmələr görünür. Dağıntıların arasında doğulan uşaqlar böyüyürlər...

Binanın qarşısında köhnə maşınında oturan orta yaşlı adam şəkil çəkdiyimizi görüb, problemlərdən danışmağa başlayır:
"Gedin o zirzəmini də çəkin, görün nə gündədir. Köhnə borular sıradan çıxıb. Zirzəmiyə dolan su birinci mərtəbəyə qədər qalxıb. Üfunət iyindən baş çatlayır. Qışda işıq olmur, yayda su, kanalizasiya sistemi də bu gündədir. Camaat belə şəraitdə yaşayır”.

Orta yaşlı adam narazı-narazı deyir: "Bura iki gündən bir jurnalist gəlir, çəkirlər, gedirlər, çəkirlər, gedirlər, nə xeyri var?”
Ad-soyadını öyrənmək, şəklini çəkmək istəyəndə isə etiraz edir. Başını astaca "yox” mənasında tərpədib, başqa yerə baxır.

Binanın içindəki vəziyyət çölündəkindən daha pisdir. Yarıqaranlıq balaca otaqlarda ağır şəraitsizlik hökm sürür. Divarlarda hörümçək toru kimi sallanan elektrik naqilləri, nəmişlik qoxusu buranın insan həyatı üçün təhlükəli olduğunu göstərir. Səadət adlı qadın bir neçə il öncə baş verən yanğından danışır, yanğın binanın içində deyil, çölündəki daxmalarda baş verib. Yanğınsöndürənlər yanğın binaya keçməmiş söndürə biliblər, amma həmin hadisə nəticəsində 30 ev yanıb, bir neçə nəfər xəsarət alıb, tüstüdən zəhərlənənlər olub. Yanğın elə məhz təhlükəli elektrik naqillərindəki qısaqapanmadan baş verib. Səadət xanım divarlardakı köhnə elektrik naqillərini göstərib deyir: "Bunlar təhlükə mənbəyidir, cərayan bəzilərində açıqdır, daim qorxu içindəyik ki, uşaq bunlara toxunar, ya da naqil kiminsə üstünə düşər...”

Bu yataqxanada əsasən Ağdam, Füzuli kimi rayonlardan olan məcburi köçkünlər məskunlaşıb. Müharibənin bitməsini və evlərinə qayıtmağı gözləsələr də, hələlik nə yurd-yuvalarına qayıda, nə də ki, bu yataqxanadan çıxa biliblər. Hələki gözləyirlər.
25 ildir ki, gözləyirlər...

Gözləntilərdən biri də odur ki, onları şəraiti yaxşı olan başqa bir yerə köçürəcəklər. Müharibədən sonrakı illər ərzində məcburi köçkünlərin bir qisminin həyat şəraiti yaxşılaşıb, onları qaldıqları yataqxanalardan məcburi köçkünlər üçün nəzərdə tutulan şəhərciklərə köçürüblər. Amma hələ ki, növbə burda məskunlaşan sakinlərə gəlib çatmayıb.

Yataqxana şəhərdən çox uzaqda yerləşməsə də, burada toyuq-cücə saxlayanlar da var, hətta bunun üçün köhnə taxtalardan hin də düzəldiblər. Göydələnlərin buludları yardığı şəhərin içində bu heç də adi mənzərə deyil. Burada kimsə özü üçün balaca bir yer açıb xırda alverlə məşğul olur, kimisi dəmir-dümürdən kafe düzəldib, kimisi isə bərbərxana. Bura tamamilə başqa məkandır...

"Onu görürsən (barmağıyla dükana bənzəyən taxtadan düzəldilmiş balaca tikilini göstərir – C.R), orda bir cavan oğlan ailəsiylə yaşayır. Evləndi, evlərində şərait yoxuydu, 2 balaca otaqda neçə ailə yaşaya bilər? Gəlib bu budkaya oxşayan evi düzəltdi, indi burda yaşayır” – bu sözləri yataqxana sakini Səid adlı gənc deyir və əlavə edir:
"Mən burda valideynlərimlə qalıram, qardaş və bacım da var. Evlənmək istəyirəm, evlənə bilmirəm. İmkan da yoxdu ki, özümə başqa yerdə ev alım, fəhlə maaşıynan ev almaq olmur. Mənimçün fərqi yoxdu, ev versələr gedib çölün düzündə də yaşayaram, hətta bir otaqlı da olsa, bəsimdi”.
Səidin yanındakı yoldaşı Vüsaldan kiminsə onların problemləriylə maraqlanıb-maraqlanmadığını soruşuram:

"Jurnalistlər tez-tez gəlir. Telakanallarda neçə dəfə süjet veriblər. Gəlirlər, buranın vəziyyətini çəkib gedirlər, amma düzələn bir şey yoxdu”. Vüsal zarafatından da qalmır, deyir, onları burda saxlamaqda məqsəd bioloji təcrübə aparmaqdır ki, görsünlər insanlar belə vəziyyətdə nə qədər yaşaya bilər?
Amma şərait nə qədər ağır olsa da, humanitar kollecin yataqxanasındakı sakinlərin tezliklə başqa yerə köçürülməsi hələlik rəsmi olaraq nəzərdə tutulmayıb. Dövlət rəsmiləri açıqlamalarında dəfələrlə deyiblər ki, məcburi köçkünlərin başqa yerlərə köçürülməsi tədricən olacaq. Mətbuatda gedən məlumatlarda bildirilir ki, təhsil müəssələrinin yataqxanaları arasında ilk olaraq Bakı Dövlət və İqtisad universiteti kimi müəssisələrin yataqxanalarında yaşayan məcburi köçkünlər başqa yerlərə köçürüləcək. Beləliklə, humanitar kollecin yataqxanasında məskunlaşanların nə vaxt köçürüləcəyi naməlumdur...

Yataqxananın sakinləri deyir ki, bir müddət əvvəl çoxsaylı şikayətlərdən sonra, rəsmilər gəlib onlara deyiblər ki, yataqxana təmir ediləcək. Camaat isə etiraz eləyib. Səbəbsə binanın həddindən artıq köhnə və qəzalı vəziyyətdə olmasıdır. Onlar qorxurlar ki, binanı təmir eləməyə başlasalar, uçub tökülər, qalarlar daha da pis vəziyyətdə. Etirazdan sonra rəsmilər çıxıb gediblər. Ondan sonra da heç bir xəbər yoxdur...
Humanitar kollecin yataqxanası Bakının ara küçələrindən birində gizlənib. Yolla gedərkən ilk baxışda hər şey adi, normal görünür - ağaclar, maşınlar, binalar. Sonra isə qarşına qəfildən sanki utandığından özünü gizlətmək istəyən bu bədheybət, nuh əyyamından qalma tikili çıxır. Amma o, sadəcə ölkənin keçdiyi ağır müharibənin simvollarından biridir, vəssalam...
Cavid Ramazanov
ANN.Az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























