"Natavan" qalareyasında Art-layihə: "Dialoq" - REPORTAJ

Lyubov Qasımova
Mayın 25-30-da paytaxtımızda iki istedadlı gürcü rəssamın – Aftandil Qurqenidze və Qriqoriy Apçiaurinin - qeyri-adi sərgisi keçirilib. Rəsmlərin qeyri-adiliyi ondan ibarət idi ki, sərgilənən bütün rəsmləri rəssamlar bir yerdə çəkiblər.
Sərginin kuratoru Nina Burneviçin dediyi kimi: "Bu, təkcə rənglərin deyil, ruhların da dialoqudur”.
Avtandil və Qriqori əkizdilər. Onlar dağlarla əhatəli, qədim arxitekturası ilə məşhur Gürcüstanda dünyaya göz açıblar. Bütün bunlar bu iki qardaşın yaradıcılığında əks olunmaya bilməzdi. Aftandil və Qriqori zamanlarının çoxunu bir yerdə keçirir.
Sərgidə 25 rəsm əsəri nümayiş olunub. Rəsmlər nağılvari, mifik, amma bununla belə torpağa, həyata yaxın görünürdü. Rəsmlərə ilk baxdıqda başa düşülmür. Gərək diqqətlə baxasan ki, rəssamların nə demək istədiklərini anlaya biləsən. İstənilən halda, hər kəsdə fərqli asossiyasiyalar doğurur. Başqa sözlə bu bir nağıl, başqa dünyadır. Rəsmlərdə nəsə sirli bir ruh var və o ruh çox azad görünür. Belə rəsamlar çox azdır. Onların rəsmləri canlı və təravətlidir.
Hətta rəsmlərin adı seyrçidə qəribə hisslər doğurur - "Cırtdan”, "Sehrli meşə”, "Qırmızı heyvan”, "Müşahidə”. Burada, həm sujeti Tiflis olan rəsmlər də var.
Rəssamların rəsmləri romantizmi ilə seçilir. Bu sanki "uşağın çəkdiyi rəsm”dir. Sanki açıq-aydın, sadə əşyalar çəkilib, amma ona baxdıqda, uşağın xəyal dünyasını duymaq olur.
Bu rəssamlar təkcə Gürcüstanda deyil, başqa ölkələrdə də tanınıblar. Aftandil öz rəsmlərinin 50-dən çox sərgisini keçirib. Onun sərgiləri Gürcüstandan əlavə, Varşava, Frankfurt, Kiyev, Berlin və Riqada nümayiş olunub. Onun ən maraqlı sərgilərindən biri Kievdə baş tutub. "ArtAavia” adlanan bu sərgidə rəssam, gigiyenik məhsulların üzərində çəkdiyi rəsmləri nümayiş etdirib. Razılaşın ki, bu qeyri-adi ideyadır. Onun bir başqa qeyri-adi sərgisi Donesk şəhərinə həsr olunmuş "Şəhər D” adlanıb. O, bu sərgini Donsek şəhərinə həsr edib. Bütün rəsmlərini narıncı-çəhrayı palitrada çəkib.
Bu iki qardaş qeyri-adi rəssam və fərqli insanlardır. Onların hər biri öz rəsmləri vasitəsi ilə seyrçiləri öz dünyalarına çəkib apara bilirlər. Hər birinin öz ayrı həyatı, sərgisi, bir sözlə yaradıcılığı var. Amma ildə bir dəfə, onlar bir yerdə cəmi bir rəsm çəkirlər.
Sərginin kuratoru Nina Burneviç deyir: "Onların ilk işi 1996-cı ildə işıq üzü görüb. Onlar bir-birini o qədər gözəl anlayırlar ki, çəkdikləri rəsmlərdə ruhları bir görünür.”
Qardaşlar, həm də monumental rəsmlərlə də maraqlanırlar. Hər iki qardaş bir yerdə, Kazbek dağında, 3750 metr yüksəklikdə meteostansiya rəsmini çəkiblər.
"Bu kimi birgə yaradıcılıq elə da asan deyil. Axı hər kəs izləyicisinə öz dünyasın, baxış açısını, hisslərini çatdırmaq istəyir. Bir yerdə çəkdikləri rəsmlərdə qardaşları izləyiciləri çaşqınlıq içinə salaraq, hansı hissədə, hansı xəttdə kimin dünyası olduğunu tapmağa məcbur edirlər. Onlar bir-birinə oxşayır amma eyni zamanda çox fərqlidirlər. Bu yaradıcı təcrübə artıq 19 ildir ki davam edir” deyə Nina xanım bildirir.
Biz bu iki rəssamın birgə əl işi olan "Bakı ilə görüş” rəsmini izləyə bildik.
"Biz bu rəsmi Heydər Əliyev Fonduna hədiyyə edirik. Bakı bizim xoşumuza gəldi. Rəsm qarışıq üslubdan istifadə edilərək çəkilib. Biz bir-birimizi çox gözəl anlayırıq və ona görə də heç bir problem olmadı. Biz istəyirik ki, bu rəsm sizin şəhərə xeyir və xoşbəxtçilik gətirsin.”

Bu iki qardaşın rəsmləri bakılıların xoşuna gəldi. Müasir rəssamlıq insanda yeni psixaloji anlayış qabiliyyəti yaradır. Təmiz və sadə olmaq lazımdır ki, bu iki rəssamın işlərindən tam həzz ala biləsən.


www.ann.az
























