Yayda evlər daha çox ucuzlaşacaq - EKSPERT

"Bu il mənzil bazarında qiymətlərin ucuzlaşması, xüsusən də yay aylarında qaçılmazdır” – bunu ANN.Az-a "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
Son aylar daşınmaz əmlak bazarında durğunluq davam edir. Köhnə tikililərlə yanaşı artıq yeni tikililərdə qiymətlərin azalması müşahidə edilir. Bu proses nə vaxta kimi davam edəcək? Mənzil bazarında ucuzlaşmanın əsas səbəbləri nələrdir? Ucuzlaşma daha öncə hansı tikililərə təsir edib? Yeni, yoxsa köhnə mənzillərə?
Daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşdığını deyən ekspert Nüsrət İbrahimov, aprel - may aylarında bu prosesin intensive xarakter daşıdığını bildirib: "May ayında 3.01 faiz azalma olub, aprel ayında isə 8.1 faiz. Yaxın aylarda yəni iyul-avqust aylarında da ucuzlaşma davam edəcək”.
Qiymətlərin öncə köhnə evlərə təsir edəcəyindən söz açan ekspert bunun səbəblərini belə izah edib: "Ən əsası qiymətlər köhnə yaşayış binalarında daha tez ucuzlaşır, bundan sonra isə ucuzlaşma yeni tikililərə təsir edəcək. İlkin bazarda qiymətlərin düşməsi bir qədər ləngiyir, çünki ilkin bazarda qiymətlər iri şirkətlər tərəfindən nisbətən tənzimlənir. Amma təkrar mənzil bazarı da satıcılar çox olduğunudan bu tənzimləməni aparmaq çətin olur, həm də bu bazarda qiymətləri bazarın özü tənzimləyir”.
Qiymətlərin ucuzlaşmasının əsas səbəblərindən söz açan ekspert qiymətlərin həddindən artıq yüksək olduğunu vurğulayıb: "Ucuzlaşmanın əsas səbəbi bunlardır:
1) Alıcların olmaması - mənzil bazarında artıq neçə aylardır durğunluq yaşanır;
2) Banklar tərəfindən verilən kreditlərin həcminin azalması (bu da mənzil bazarında daha az alqı-satqıya gətirib çıxarır);
3) Xaricdən ölkəyə, eləcə də daşınmaz əmlak bazarına daxil olan pul kütləsinin azalması.
Ümumiyyətlə, bu il mənzil bazarında qiymətlərin ucuzlaşması, xüsusən də yay aylarında qaçılmazdır”.
Orxan Aslanlı


























