Uşaqlar nə üçün ölürlər?

Aliyə İsmayılazadə
Bir neçə gün əvvəl hər kəs 4 yaşlı uşağın yoxa çıxmasına görə həyəcanlanmışdı. Balaca, gülərüz uşağın fotosu ildırım sürətiylə sosial şəbəkələrə yayıldı, insanlar onun sağ-salamat tapılması üçün ümid dolu mesajlar yazırdılar.
Ancaq təəssüf, bütün dualar və ümidlər boşa çıxdı – bir neçə saatdan sonra uşağın cansız bədəni liftin şaxtasında tapıldı.
Xəbər saytlarının məlumatına görə, uşaq başısoyuqluqdan diqqətdən kənarda qalıb və itibmiş, onun cəsədini isə ancaq gecəyarısı tapmaq mümkün olub. 4 yaşlı uşağın necə olub liftin şaxtasına düşdüyü və həmin faciəli gün onun başına nə gəldiyi yəqin, araşdırmalardan sonra bəlli olacaq. Ancaq ola da bilsin ki, bu dəhşətli hadisənin səbəbi həmişəlik tapmaca olaraq qalacaq.
Ən qorxulu məqam odur ki, əvvəllər dəfələrlə baş vermiş hadisələr kimi, bu hadisə də təbiətin uşaqların qayğısına qalmağı məsul elədiyi valideynlərin başısoyuqluğu və diqqətsizliyi nəticəsində baş verib.
Demək olar ki, mən özüm hər gün və dəfələrlə məni şoka salan hadisələrin şahidi oluram.
Özüm anayam, ancaq anlaya bilmirəm ki, məsələn, avtomobildə xüsusi oturacaqlar olmadan, uşaqlar yola çıxmaq nə deməkdir. Yolda kifayət qədər sürətlə hərəkət edən maşının pəncərəsindən 4-5 yaşlı uşağın başını çıxarması bizdə adi hadisədir. İkinci çox adi mənzərə isə, atasının qucağında sükan arxasında olan uşaqdır.
Bir neçə dəfə, özümü saxlaya bilməmişəm, belə insanlara qəza olacağı təqdirdə uşağın başına nə gələcəyini bilib-bilmədiklərini soruşmuşam. Ən yaxşı halda mən cavab kimi narazı baxışlar və susqunluqla üzləşmişəm, ya bu insanlar məni həyəcanlandıranın nə olduğunu dərk etməyiblər, ya da deyiblər ki, başqalarının işinə burnumu sozmayım.
Bizim insanlar gözəgörünməz qüvvələrə bel bağlamağa öyrəşiblər, inanırlar ki, Allah saxlayacaq, heç nə olmaz. Mənim kifayət qədər dünyagörüşlü tanışlarım belə, uşaqlarını bağlamaq üçün karsitlərdən istifadə etmirlər, həmişə bir-iki bəhanə var – uşaq ya qəti şəkildə onda oturmaq istəmir, ya da karset çox bahalıdır.
Əfv edin. Uşaq uşaqdır, onun üçün komfortlu olmayan yerdə, kəmərlə oturacağa sıxılmaqdansa, avtomobilin oturacağında azad şəkildə oturmaq və pəncərədən sallanmaq daha xoşdur. Ancaq bu məsələdə valideynlər ciddi olmalıdırlar: ya avtomobildə gedirsən, ya da ümumiyyətlə getmirsən. Üçüncü variant yoxdur. Yol polisi də bu məsələdə ciddi olsa, uşaqlar düzgün yerdə oturdulmadığı üçün sərt cərimələr tətbiq etsə, yaxşı olar.
Karsitlərin baha olmasıyla bağlı iddiaya hətta toyuqlar da gülər. Avtomobil almağa, onu saxlamağa (benzin, təmir) imkanı olan adamlar yəqin ki, uşaqlarının həyatını xilas edə biləcək aksessuar almağa da pul tapa bilərlər.
Belə epizodların sonu yoxdur, misallar sonsuz saydadır – görürsən ki, qadın səkiylə gedir və qəfildən əlində tutduğu iki yaşlı uşaqla qaça-qaça yolun o biri tərəfinə keçməyə çalışır. Hər dəfə belə mənzərə görəndə, məni soyuq tər bürüyür, kənardan çıxan sürücünün ani bir diqqətsizliyindən uşaq qurbana çevrilə bilər.
Görürsən ki, həyətdə toppuş yanaqlı, gözəl paltarlı, hörüklü, gülərüz 5-6 yaşlı iki qız oyun oynayır. Ana aradabir, hardasa 10-15 dəqiqədən bir çıxıb 5-ci mərtəbədəki evinin eyvanından tənbəl-tənbəl boylanır və dərhal da içəri girir.
Sonra da biz xəbər portallarında oxuyuruq ki, uşaq itib, sonra onu qonşunun həyətində tapırlar - hansısa vəhşi onu zorlayaraq öldürüb, belə bir hadisə bir müddət əvvəl baş vermişdi, 5 yaşlı Ayşə Gələndərova qurban olmuşdu.
Dəhşətli hadisənin təffərrüatlarını eşidəndə, adamın qanı damarlarında donur – cinayətkar evinin qarşısında oynayan uşağı aldadaraq həyətinə aparıb və zorlamağa çalışıb. Uşaq qışqırıb müqavimət göstərməyə başlayanda isə onu boğaraq, evindən bir qədər kənara atıb.
Pedofili isti izlərlə aşkar ediblər, o, qonşuluqda yaşayan Yakov Çernov imiş, onu hamı sakit və özünəqapalı insan kimi tanıyıb və əvvəllər kimisə şübhələndirən hansısa hərəkəti olmayıb.
Və mən həyətdə oynayan balaca iki qızı xatırlayıram, onlar necə də asan şəkildə hansısa pedofilin qurbanına çevrilə bilərlər, axı o istənilən insanın – qonşunun, tanışın, hətta qohumun qurbanına çevrilə bilər, potensial cinayətkar onları asanlıqla aldada və özüylə apara bilər.
Mən onların anasının hansı hisslər yaşayacağını aydın təsəvvür edirəm, növbəti dəfə pəncərədən baxanda, o qızlarının yerində olmadığını görür və dəhşətə gəlir, panikaya düşür, ürək paçalayan əbədi günah hissi həyatının sonunadək ondan əl çəkməyəcək. Əgər məsələn, onun gözlərinin qarşısında uşaqlarını maşına bassalar, onun faktiki olaraq, 5-ci mərtəbədən özünü hadisə yerinə çatdırmaq imkanı olmayacaq.
Bəli, uşaqlar ölür və ən pisi də odur ki, bu dəhşət gecə və gündüz hər bir normal sürücünü təqib edir. Onlar əksər hallarda valideylərin səhlənkarlığı ucbatından xəstəliklərdən ölürlər, axı talessemiya, hemofiliya kimi xəstəliklər bizim cəmiyyətin inadkarlıqla tutub yapışdığı qohum nigahlarından da əmələ gəlir.
Uşaqlar məhz ən çox sevdikləri və etibar etdikləri şəxslərin, valideynlərin səhlənkarlığı ucbatından ölürlər, uşaqlar üçün kreslo almaq istəməyən, ən adi təhlükəsizlik qaydalarına riayət etmədən onlara başısoyuq yanaşan ana və ataların məsuliyyəti ucbatında qurbana çevrilirlər.
Uşaqlar isə ölməməlidirlər.
www.ann.az
























