Bakirəlik və intihar - KÖŞƏ

Aliyə İsmayılzadə
Və 21-ci əsr gəldi. Və texniki, elmi tərəqqi smartfonlar, ağıllı evlər kimi məfhumları həyatımıza daxil etdi. Və insanlar yüksək sürətli internetə çıxış əldə etdilər. Və kosmik gəmilər qalaktikanın hüdudlarını yarıb keçdilər, Marsa getmək üçün ilk kalonistlər bir yerə toplaşdılar.
Və 2015-ci ildə Bakıda ilk Avropa Oyunları start götürdü...
Amma bizim planetimizdə elə künc-bucaqlar var, orada zaman dayanıb, elmi tərəqqi insanların ağlına və qəlbinə təsir etməyib, orada orta əsr qayda-qanunları keçərlidir və cəfəng adətlər insan həyatından daha üstün tutulur.
Belə künc-bucaqlar bizim ölkəmizdə də yetərincədir.
Tovuzda bir müddət əvvəl baş verən hadisə bunun aydın sübutudur.
Hekayə qısaca belədi: kənddə yaşayan hansısa sakin elə həmin kəndin sakini olan 18 yaşlı qızdan ötrü ehtirasdan alışıb yanır? əsl kişi kimi hərəkət etmək qərarına gəlir... yox, qızın gözünə girmək, hətta gələcək qaynata ilə danışmaq ağlının ucundan belə keçmir.
Həmin bu cəsarətli maço, qızı sadəcə oğurlamaq qərarına gəlir, görünür, hiyləgərcəsinə düşünüb ki, belə olsa, hədiyyələr, nişan və digər toy haq-hesabına qənaət edə bilər. Ola bilsin, qız ona etiraz da edə bilərmiş, buna isə bizim qəhrəmanımızın qürurlu və həssas qəlbi dözməzdi.
Beləliklə, qızı oğurlayanda bu cəsur və qərarlı gənc oğlan yəqin, artıq əllərini ovuşdurub, təsəvvüründə belə şeyləri canlandırırmış: gənc arvadı mətbəxdə bozbaş bişirir, özü isə çoxsaylı törəmələrinin əhatəsində - əlbəttə, onların hamısı kişi cinsindəndir, qız kimin nəyinə lazımdı, problemdən başqa bir şey deyillər – divanda uzanıb.
İki həftədən sonra, qaçırılan qızın valideynləri təslim olublar və toy eləməyə razılıq veriblər.
Mən heç adicə bu məntiqli sualı da verməyəcəm: nəyə görə onlar polisə müraciət etməyiblər, oğrunu niyə məhkəməyə verməyiblər? Sualın cavabı aydındır – "biabır” olmaqdan qorxublar.
Təsəvvür edin, 21-ci əsrdə, dünyəvi ölkədə yetkin adamlar polisə müraciət etməyə utanırlar ki, oğurlanan qızları artıq "korlanıb” və onu qaçıran yaramazdan başqa, heç kim onu həyat yoldaşı kimi qəbul etməz...
Sonra isə bu hadisə gözlənilmədən faciəvi şəkildə başqa istiqamət aldı. Toydan sonra ər kimi məsuliyyətini yerinə yetirmək üçün xanımıyla bir hücrəyə çəkilən bizim yazımızın qəhrəmanı birdən aşkar edib ki, onun gənc xanımı... bakirə deyil.
Pərtlikdən söz tapa bilməyən bəxtsiz ər dərhal anasının üstünə qaçıb, ana işlə bağlı məsləhət, ya da nəyəsə mane olmaq üçün çox güman yaxında növbə çəkirmiş.
Gənc adam özünün baş tutmayan ailə həyatıyla bağlı valideyninə şikayət edəndə, onu heç də yaxşı bir şeyin gözləmədiyini dərk edən gəlin qorxudan evdən qaçıb.
Qohumlar, polis hər yerdə qızın axtarışına çıxıblar, bütün gücləri səfərbər etməklə, yaxınlıqdakı hər yeri arşınlayıblar, axırda isə itkin gəlini dəmiryolları üzərindəki körpünün üstündə aşkarlayıblar.
Hansı talenin onu gözlədiyini, ərinin onu evdən qovacağını, valideynlərinin üz döndərəcəyini gözəl anlayan qız bütün yola gətirmələrə və sözvermələrə baxmayaraq, özünü aşağı atıb və parça-parça olub...
Onun cəmi 18 yaşı vardı, yeniyetmə demək olar. Əlbəttə, nigahdankənar seks, özü də bu yaşda yaxşı bir şey deyil, amma bu, ölümləmi ödənilməlidir? Qız kimisə sevmiş və aldanılmış ola bilər, onu zorlamış da ola bilərlər, o da utancından heç kimə heç nə deməmiş ola bilər, hətta, ifadəyə gözə üzr istəyirəm, ilk cinsi proses zamanı elə qadınlar olur, onlarda qanaxma müşahidə olunmur.
Ümumiyyətlə, bizim cəmiyyət bakirəlik məsələsində ilişib qalıb. Hətta özünü proqressiv və müasir sayan vətəndaşların bəziləri üçün də bakirəlik müəyyən həddə fetişizm məsələsinə çevrilib. Artıq gimenoplastika üzrə ixtisaslaşan, cərrahi yolla bakirəliyi bərpa edən həkimlər və onların qəbuluna düşmək üçün növbə gözləyən qadınlar barədə əhvalat və lətifələr dillər əzbəri olub.
Biz dinin dövlətdən ayrı olduğu, nigahdankənar münasibətlərə görə daşlanmaqla cəza nəzərdə tutulmayan dünyəvi ölkədə yaşayırıq. Azərbaycan həmişə tərəqqiyə can atan ölkə olub, 1918-ci ildə müsəlman Şərqində qadınlara ilk dəfə səsvermə hüququ tanıyan ölkə olub.
Ancaq təəssüf, bizim o zamankı əcdadlarımızın cəmiyyəti inkişaf etmiş və sivilizasiyalı görmək istəyi belə görünür uğurla nəticələnməyib, son 100 ildə ailədaxili münasibətlər və əlaqələrdə biz o qədər də qabağa gedə bilməmişik – bir çox regionlarda hələ də qızqaçırma kimi vəhşi adətlər, erkən və qanqohumluğu kimi nigahlar, selektiv abortlar və daha çox feodal cəmiyyətlərə xas olan digər başqa ənənələr mövcuddur. 70 il SSRİ-nin tərkibində olmağımızın belə, belə məsələlərdə bizə təsiri az olub.
Yox, mühafizəkarlığa can atmaqda və adət-ənənələri qorumaqda pis heç nə yoxdur. Hətta bu tendensiya - ailə ənənələrinin möhkəmlənməsi və milli identifikasiya yaxşıdır.
Ancaq əgər bu ideal olsa. Realdakı şəkildə isə biz başqa şey görürük: ərlər öz xanımlarına xəyanət edir, ancaq onlardan sədaqət tələb edirlər; qadınlar məşuqu ola-ola ərlərindən ayrılmırlar, çünki cəmiyyət boşanmağa pis baxır; uşaqlar dayanmadan valideynlərə yalanlar danışırlar; zəvvarlar həcdən təzəlikcə gəlib, ancaq ilk toydaca araq içirlər.
Riyakarlıq şüura o qədər möhkəm işləyib ki, bizim cəmiyyətin ayrılmaz parçasına çevrilib, saxta xeyirxahlıq isə zirvəyə oturub.
Sevgisiz, qohum-əqrabanın razılığı ilə bağlanılan nigahlardan mənəviyyatca şikəst uşaqlar doğulur və onların ağlında normal ailə təsəvvürü olmur, onlar xoşlarına gələn qızı qaçırmaqda, "əsl xələf” gələnə qədər dəfələrlə abort etdirməkdə qəbahət bir şey görmürlər, valideyn olandan sonra, onlar cəmiyyətin istədiyi kimi olmayan doğma qızlarını asanlıqla evdən qova bilərlər. Dairə qapanır.
Bütün dəyərləin ən önündə gələn – insan həyatıdır, nə qədər doğru görünməsindən asılı olmayaraq, o, adət-ənənələrin qurbanına çevrilməməlidir. Hansısa insan qrupunun dünyagörüşünə uyğun yaşamaq və gənc ömürləri bada verməyə icazə vermək olmaz.
www.ann.az
























