Şeyxülislam: Nə şahidi olmamışam, nə də eşitməmişəm

"Bu 35 il ərzində mən heç bir dövlət rəhbəri üçün, ya da bir şəxsiyyət üçün Peyğəmbər zərihinin qapısının açılmasının şahidi olmamışam, nə də eşitməmişəm".
ANS PRESS-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahındakı iftar süfrəsi zamanı deyib.
Mərasimdə prezident İlham Əliyev də iştirak edib. QMİ sədri Allah-Təaladan bütün müsəlmanlara, arzu edənlərə həm Məkkəni, həm Peyğəmbər zərihini ziyarət etməyi nəsib etməyi diləyib. "Əlbəttə, Allah-Təala buyurur ki, sən mənə tərəf bir addım at, mən sənə tərəf on addım ataram".
Şeyxülislam deyib ki, bu ilin aprel ayında prezidentin Səudiyyə Ərəbistanına səfəri və İki Müqəddəs Ocağın Xadimi Kral həzrətlərinin hava limanına gələrək onu qarşılama mərasimində iştirak etməsi, prezidentə olan münasibət qürur hiss oyadıb.
"Azərbaycan nəinki öz iqtisadiyyatını, siyasi potensialını möhkəmləndirməklə bərabər, həm də ilklərə imza atan bir dövlətə çevrilib. Buna birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi misal ola bilər. Bəli, Zati-aliləri, Siz demişdiniz. Avropa Oyunları yaxınlaşdıqca, bizə iftira atanlar, şayiələr yayanlar çox olacaq, çünki bizi gözü götürməyən bəzi qüvvələr də var. Amma onların heç biri istəklərinə nail ola bilmədi. Çünki söylədikləri yalan, şayiə idi.
Zati-aliləri, mən inanıram ki, inşallah, əzəli Azərbaycan əraziləri olan Dağlıq Qarabağ torpaqlarında tezliklə bayrağımız ucalacaq, himnimiz çalınacaq. Ali Baş Komandan kimi, Sizin rəhbərliyinizlə biz o torpaqları azad edərik, inşallah. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Allah onlara rəhmət eləsin!".
QMİ rəhbəri Azərbaycanda milli mənəvi dəyərlərin də inkişaf etdiyini deyib. Bunun ən yaxşı nümunələrindən biri isə Heydər məscididir. Qafqazda analoqu olmayan bu məscidin, arxitektura baxımından, bəlkə də dünyada analoqu yoxdur. Heydər məscidinin 95 metrlik minarələri Azərbaycanda milli mənəvi dəyərlərin ucalığını göstərir.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























