Arif Əliyev: “Bizdə hər şeyə investisiya yatırılır, təkcə insandan başqa” - MÜSAHİBƏ

ANN.Az xəbər portalı "Yeni Nəsil” jurnalistlər birliyinin rəhbəri Arif Əliyevlə müsahibəni təqdim edir.
- Arif müəllim, 22 iyulda Azərbaycan mətbuatının 140 illiyi tamam olur. Hazırda yerli mətbuatımız hansı vəziyyətdədir?
- İndiki jurnalistikamızda xoş bir şeyi mən nadir hallarda görürəm. Məncə, indiki Azərbaycan jurnalistikası bu peşənin ənənəvi, tarixən yerinə yetirdiyi tapşırıqları yerinə yetirmək iqtidarında deyil. Səbəb də odur ki, mətbuatımız azad deyil, istənilən asılılıq isə inkişafın qarşısını alır. Mənim fikrimcə, bu məsələdə əsas səbəb elə budur. Keçən əsrin 90-cı illərinin əvvəlində başlamış böhran artıq xroniki hal alıb. Ancaq Azərbaycan jurnalistikası özünün daxili potensialını qoruyub saxlayıb. Düşünürən ki, vəziyyət müsbət mənada dəyişsə, yerli jurnalistikamızın dirçəlməsi ən azı 3-5 il vaxt alacaq.
- Sizi Mətbuat Şurasının yaradıcılarından biri hesab edirlər. Necə fikirləşirsiz, layihəniz uğurlu alındımı?
- Məni Mətbuat Şurasına görə tez-tez tənbeh edirlər (gülür). Biz hələ o zamanlar deyirdik ki, Azərbaycanda Mətbuat Şurasının yaranması erkən, ancaq vacib təşəbbüsdür. O vaxt hökumətin qarşısında Mətbuat Şurası yaratmaq öhdəliyi vardı. Düşünürəm ki, o vaxt hökumət Mətbuat Şurasının nəyə görə vacib olduğunu elə də yaxşı dərk etmirdi. Əlbəttə, həmin vaxt Mətbuat Şurasının hökumətin bir strukturu kimi fəaliyyət göstərməsinə icazə vermək olmazdı, o vaxtlar Mətbuat və informasiya nazirliyi təzəlikcə ləğv edilmişdi. Biz bu şuranın yaradılması üçün səylərimizi gücləndirməliydik. Bu prosesdə əksəriyyəti yerli KİV-də çalışan çox sayda jurnalist iştirak edirdi. Əgər siz Mətbuat Şurasının uğurlu olub-olmadığını soruşursunuzsa, deməliyəm ki, çox təəssüflər ki, Mətbuat Şurası yerinə yetirməli olduğu öhdəlikləri reallaşdıra bilmədi. Mən əminəm ki, o bunu yerinə yetirmək iqtidarındaydı. 2003-cü ildən Azərbaycan mətbuatında bəzi proseslər getməyə başladı, Mətbuatı Şurası da elə məhz həmin ilin martında yaradılmışdı. Jurnalistlərin həmkarlar ittifaqı da daxil olmaqla, istənilən jurnalistika qurumu, həmçinin Mətbuat Şurası kimi iri qurum da güclü təməllər və güclü vəsait olmadan heç nədir. Bu gün mətbuat Şurasın daxil olan mətbuat orqanlarının 90%-i bu quruma ödəməli olduğu ən xırda üzvlük haqqını belə ödəyə bilmir.
Özünüz düşünün, əgər KİV pul ödəmirsə, onda Mətbuat Şurası kimi qurumlar necə mövcud ola bilərlər? Əlbəttə, belə olan halda vəsait dövlət orqanlarından və yaxud dövlətə yaxın orqanlardan gəlir və s. Bu isə Mətbuat Şurasının məğzinə uyğun deyil. Bu zaman biz kor dalana dirənirik və günahkarlar axtarırıq, hərdən bu günahkarlardan biri kimi də məni görürlər (gülür).
- Azərbaycan mətbuatını ideala yaxın vəziyyətə gətirmək üçün hansısa qərarlar verilməlidir və bunun üçün neçə il lazımdır?
- Məsələnin aydın olması üçün mən Türkiyə nümunəsini göstərəcəm. Soruşa bilərsiniz, nəyə görə Türkiyə nümunəsi? Çünki Amerika və Avropadan misal gətirəndə çoxları ağzını büzür və deyir ki, bu ölkələr bizdən uzaqda yerləşir və s. Türkləri isə özümüzünkü kimi qəbul edirik, ona görə də onların timsalında nümunə gətiririk. Bugünkü Azərbaycan juralistikasının vəziyyəti 70-ci illər Türkiyə jurnalistikasına bənzəyir. Ancaq artıq 80-cı illərdə Türkiyə jurnalistikası Avropada irəlidə gedənlərdən biri idi, ən azı Avropanın mərkəzindəki jurnalistikadan pis deyildi.
Bu inkişaf üçün nə lazımdır? İntellektual kadr potensialı lazımdır. Bəli, bizdə müəyyən problemlər var, ancaq həmçinin Azərbaycan kimi kiçik ölkə üçün təcrübəli qrup və inkişaf üçün şərt olan müəyyən intellektual potensial da var. Maliyyə vəsaiti çox vacibdir, mən bunu ilk sırada qoyardım. Azərbaycanın vəsaitləri var. Problem isə odur ki, son 20 ildə ölkənin büdcəsi 20 dəfə artıb, ancaq jurnalistika inkişafın əksi istiqamətində gedir və inkişafdan kənarda saxlanılıb. Əgər ölkədə vəsait varsa, ölkəyə pul axırsa, onda normal halda bu jurnalitikanın inkişafına da töhvə verməliydi. Əslində jurnalistika iqtisadiyyat və ölkənin ictimai həyatı ilə iç-içə olmalıydı. Ancaq jurnalistika bu prosesdən kənarda qoyulub, ona görə ki, idarətetmənin süni formalarına üstünlük verilir, kütləvi informasiya ilə bağlı suallara süni mexanizmlərlə həll yolları tapılır, problem də burdadır. Halbuki inkişaf üçün texniki, informasiya resursları vacibdi, bunlar da bizim ölkəmizdə yetərincədir. Hətta bəzən infrastruktur və texniki məsələlər insan və KİV-dəki maliyyə məsələlərini üstələyir.
Vacib olan qanunvericilikdir. Qalan hər şey insanın əlindədir. Deməli, əsas olan istəkdir, istək olandan sonra, mən sizi əmin edirəm ki, 3-5 ilə biz qanunverici bazanı dəyişə, rəqabət üçün normal mühit yarada, KİV-in maliyyə cəhətdən azad olması üçün maneələri aradan qaldıra bilərik, onda siz görəcəksiniz ki, hər şey necə inkişaf edir.
- Siz Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri olmusunuz. Həmkarlarımız deyir ki, həmin illərdə dövlət orqanlarından informasiya almaq indikindən qat-qat asan idi. Necə düşünürsüz, ola bilərmi ki, indi jurnalistlər daha çox şayiələrə istinad edirlər?
- Şübhəsiz, belə bir fakt mövcuddur. Bu gün jurnalistlərdən məsuliyyət tələb olunur, şayiələrdən qurtulmaq üçün onlar dəqiq və məsuliyyətlə yazmalıdırlar. Bizim qarşımızda həmçinin şərt də var – diffamasiya haqqında qanunun və bəzi müəyyən qanun və normalların liberallaşması üçün jurnalistlərdən məsuliyyətli olmaq tələb edilir. Bunu xüsusi vurğulamalıyam ki, azadlığı olmayan insan heç vaxt məsuliyyətli ola bilməz. Azad söz cəmiyyətə bir çox problemlər və çətinliklər gətirir, ancaq bunu həll etməyin də yeganə yolu və forması KİV-ə azadlıq verməkdir. Jurnalist azad olmayandan sonra, KİV heç vaxt azad ola bilməz.
Azərbaycanda rəsmi siyasi senzuranın olduğu dövləri xatırlayıram. Bu gün də həmin senzura redaktorlar, hansısa rəhbərlik və iqtisadi mərkəzlər və s. tərəfindən həyata keçirilir, ancaq qeyri-rəsmi formada. Azərbaycanda senzura ləğv olunandan sonra, müxalifətin əsas mətbuat orqanının redaktoru mənim yanıma gəlib belə demişdi: "İndi biz nə edək? Necə olaq?” Mən soruşdum: "Hansı mənada? Necə yəni necə olaq? Sevinmək lazım deyil?” Onda o belə demişdi: "Yox. Söhbət ondadır ki, biz onsuz da bilirdik ki, senzor orda oturub və lazım bilmədiklərini siləcək. Nəyi yazıb, nəyi yazmamaq barədə xüsusi düşünməyə ehtiyacımız yox idi. İndisə biz nəyi çap edib-nəyi etməyəcəyimizi düşünməliyik, çünki artıq senzura yoxdur”.
Bundan belə çıxır ki, azadlıq olmayanda lazım olan məsuliyyət də olmur. Ona görə də mən əsas problemi daha çox fəlsəfi və təşkilati planda görürəm.
- Sizcə, dövlət orqanlarının mətbuat xidmətləri necə işləməlidir?
- Belə bir problem var. Biz uzun müddət monitorinqlər arapardıq və prosesləri müşahidə elədik. Maraqlıdır ki, informasiyanın qarşısını almaq üçün hansısa fundamental qadağa yoxdur. Bəs təcrübə nəyi göstərir? Ölkəmizdə elə nazirlik var ki, onun mətbuat xidmətinə düşmək ümumiyyətlə mümkün deyil. Ancaq elə nazirlik də var ki, onunla əlaqə qurmaq çox rahatdır. Bu onu göstərir ki, vəziyyət özbaşına buraxılıb. Əgər söhbət piarın vacibliyini, KİV-in mənasını başa düşən yaxşı rəhbərdən gedirsə, orda vəziyyət yaxşıdır. Ancaq elələri də var ki, özlərini şah hesab edirlər, əgər o hansısa məlumatın KİV-ə düşməsini istəyirsə, o məlumat gedəcək, istəmirsə, getməyəcək. Əgər nazirliyin başında duran şahdırsa, onda oranın mətbuat xidməti nə edə bilər ki? Mətbuat xidməti burada adi bir vintcikdi, onun əlindən heç nə gəlmir. Mətbuat xidməti yuxarıdan asılıdır, o özbaşına informasiya verə bilməz. Mətbuat xidməti rəhbərinin başında da bir rəhbər dayanır, əgər birincisi düzgün davranmasa, sərt cəzalandırıla bilər. Ona görə də hətta cəmiyyətə ən açıq olmalı olan bəzi mətbuat xidmətlərinin rəhbərləri də rəhbərliyin icazəsi olmadan, heç bir məlumat ötürə bilməzlər, onlar öz rəhbərlərini tapmalı və məlumatın mətbuata ötürülməsinin icazə verilib-verilmədiyini müəyyənləşdirməlidirlər.
Bu məsələdə Təhsil nazirliyindən maraqlı bir qərarını göstərə bilərəm, universitetlər nazirliklə razılaşdırmadan heç bir informasiyanı mətbuata ötürə və yaxud jurnalistin sualını cavablandıra bilməzlər. Siz bilirsinizmi bu nə deməkdir? Bu, bütün işin pozulması deməkdir!
- Diffamasiya haqqında qanun hələ də qəbul edilməyib. Necə düşünürsüz, qanunun qəbulu nə ilə nəticələnə bilər?
- İndiki zamanda diffamasiya haqqında qanunun qəbul edilməsinin praktiki cəhətdən heç bir əhəmiyyəti yoxdur. İlk növbədə bu Azərbaycan hökumətiylə xarici təşkilatlar arasında prinsip məsələsidir. İkincisi isə, bu jurnalistlərin başının üstündə domokl qılıncı kimi dayanan və onlara psixoloji təsir göstərən qanun formasının məhdudlaşdırılması deməkdir.
Diffamasiya bəndləri o qədər geniş tətbiq olunmur. Jurnalistlərə qarşı AR cinayət məcəlləsində başqa maddələr də var, ona görə də mən diffamasiya haqqında qanunun praktiki cəhətdən hansısa faydasını inkar edirəm. Ancaq onun qəbul edilməsi psixoloji baxımdan irəliyə atılmış addım olardı, çünki jurnalistlər daha az təzyiqlə işləyərdilər. Nəyə görə bizə deyirlər ki, jurnalistlər buna hazır olmalıdırlar? Əgər dövlət bu qanunu qəbul etsə, jurnalistləri küçədə öldürəcəklər? Yaxşı, bəs onda niyə Ermənistanda, Gürcüstanda, Ukraynada jurnalistləri öldürmürlər? Yəni ən geridəqalmış və sivilizasiyadan uzaq təkcə azərbaycanlılardır? Bu düşüncə tərzində iyrənc bir nüans var, digər tərəfdən isə bizim jurnalistlərə etibar edilmir, halbuki onlar gün keçdikcə daha da artan problemlərə baxmayaraq, işləməkdə və ölkənin müstəqilliyinin qorunması, onun imicinin beynəlxalq aləmdə yaxşı tanınması üçün çalışmaqda davam edirlər.
- Rəsmi Bakı bütün hesabatlarda iddia edir ki, bizdə öz peşəkar fəaliyyətinə görə həbs edilən jurnalist yoxdur. Bir peşəkar mütəxəssis kimi bu məsələdə sizin də fikrinizi öyrənmək istərdik.
- Prinsipcə, Azərbaycanda müəyyən növ infosmasiyanın yayılmasına görə, həbsdə olan jurnalistlər və bloggerlər var. Nədənsə bəzən bizim hökumət peşəkar fəaliyyətinə görə tutulan jurnalist yoxdur deyəndə, bunu unudur. Ancaq xuliqanlığa, narkotiklərə və başqa səbəbələrə görə tutulan jurnalistlərin "gözəl buketi” mövcuddur (gülür). Problem də elə mənim diffamsiyanın praktiki cəhətdən əhəmiyyəti yoxdur dediyim məsələdir.
Burada iki məsələ var. Birincisi, jurnalistlər adətən tənqidi yazılara görə həbsə atılırlar, ikincisi, jurnalistlərə qarşı təzyiqlər (güc tətbiq etməklə, şantaj etməklə və s.) ən son mərhələdə cəzasız qalırsa, ölkədə belə bir güclü ictimai rəy yaranır ki, bu məsələlərdə hakimiyyətin rolu var. Əgər hətta burada hakimiyyət iştirak eləməsə belə! Azərbaycanda həbsə atılan jurnalistlər adətən məşhur və hakimiyyətə tənqidi köklənən mətbuat orqanlarında çalışan əməkdaşlardır. Bizim ölkəmizdə minlərlə fırıldaqçı tapmaq olar ki, özünü jurnalist kimi qələmə verib pul və mal-mülk əldə edirlər. Ancaq onlar ayda-ildə bir dəfə tutulurlar. Tez-tez tutulanlar isə tənqidi fikirləri olan jurnalistlərdir. Məmurların və qeyri-məmurların qəzəbinə tuş gələn jurnalistlər, döyülən repartyorlarla bağlı hadisələrin demək olar ki, heç birini (istisna ola bilər) hakimiyyət axıra qədər araşdırmır. Nəyə görə günahkarın tapılması üçün bir hadisədə iş yüksək səviyyədə araşdırılır, digərində isə, günahkar ümumiyyətlə tapılmır. Bizi düşünməyə vadar edən və əmin edən də budur ki, bütün bunların hamısı jurnalistlərin peşəkar fəaliyyətinə görə edilir, ya onlar çoxluğun fikirlərini, ya da dövlətin ideologiyasını paylaşmırlar və s.
- Arif müəllim, son illərdə sizin jurnalistika fəaliyyətiniz demək olar ki, gözə çarpmır. Səbəb nədir? Sizdəmi həbsdə olan jurnalistlə siyahısına düşmək istəmirsiz?
- (Gülür). Yəqin mən həvəsdən düşmüşəm. Hansısa anda mən bu qərara gəldim ki, mənim özüm üçün vacib hesab etdiyim prinsiplər bu gün ümumiyyətlə işləmir və lazım deyil. İndiki halda bu sahədəki vəziyyəti dəyişmək çox çətindir. Ona görə də mən indi daha çox gələcək üçün çalışıram, indi gördüyüm işləri nəzərdə tuturam. İndi daha çox öz şəxsi yaradıcılığım üzərində çalışıram. Hətta indi işlərim əvvəlkindən daha çoxdur. Bir roman-reportaj yazmışam, 3 kitab tərcümə etmişəm, "Tarixin ən böyük aldanışları” seriyasından üç kitab nəşr etmişəm. İndi də turist terminləri lüğəti hazırlayıram.
Bununla paralel olaraq, türk televiziyası üçün azərbaycanlı şair Mikayıl Müşfiqin həyatından bəhs edən film ssenarisi yazıram. Mən bu gün elə bir perioda daxil olmuşam ki, bir zamanlar birlikdə işlədiyim jurnalistlər üçün bu narahatlıq olardı, çünki çoxları üçün indiki kimi yaşamaq asandır. Onlar heç nəyi dəyişmək istəmirlər. Bu, xüsusilə redaktorlara aiddir. Juranlistlərin bəziləri vəziyyətlə barışıblar, bəziləri isə özlərinə sərf edəni edirlər. Onların ağzına yem qoyan lazımdır və onlar üçün fərqi yoxdur ki, yemi verən kimdir.
Biz görmürükmü ki, hətta ən aparıcı informasiya vasitələrində də əxlaqsızlıq baş alıb gedir. Mən artıq qəbirdə olan hakimiyyət qəzetlərini deyil, aparıcı müxalifət qəzetlərini nəzərdə tuturam. Əgər hakimiyyət qəzetlərini zorla satmasalar, onlar heç 500 tirajla da çıxmazlar. Ölkə əhalisinin əsas informasiya mənbəyi olan televiziya kanallarında nə baş verdiyinə baxın. Hünərin çatır orda nəyisə dəyişməyə çalış! Biz öz dövrümüzdə bu sahədə dəyişiklik etməyə çalışdıq. Bütün cəhdlərimiz boşa çıxdı, çünki vəziyyətin dəyişməsi nə hakimiyyət üçün, nə də orda çalışan jurnalistlər üçün məqbuldur, onlar öz stabil gəlirlərini alırlar və nəyisə dəyişməyə də çalışmırlar. Axı istənilən dəyişiklik və islahat müəyyən təhlükə deməkdir. Belə isə öz iş yerində oturursan, sənə maaş verirlər, sən də xala-xətrin qalmasın deyə işini görürsən, vəssalam! İnkişaf və dəyişiklik çoxları üçün təhlükə deməkdir. Azərbaycanda jurnalistika sahəsində real rəqabət olacağını təsəvvürünüzə gətirin, ortalıqda neçə qəzet qalacaq? Hər il hökumətdən 120 min alan 30 qəzet qalacaqmı? Sizi əmin edirəm, onların 25-i bağlanacaq. Bax buna görə onlar dəyişiklik istəmirlər və bizim jurnalistika təşkilatlarımızla işləmək onlara sərf etmir.
- Söhbətimizin yekununda sizə belə bir sual vermək istərdim. Mərhum Həsənbəy Zərdabi Azərbaycan mətbuatının bugününü görsəydi, təəssüflə başını bulayardımı?
- Çətin. Biz Zərdabinin Azərbaycanın mətbuatının əsasını qoyduğunu deyəndə, bunun nə ilə qutardığını yaddan çıxarırıq. Elə həmin xəyal qırıqlığıyla nəticələnmişdi. Həyat spiralvari davam edir. 140 il əvvəl olan təkrarlanır. Bugünün problemləri elə o vaxtlar Zərdabinin üzləşdiyi problemlərdir. Vəsait çatışmazlığı, satılmayan qəzetlər, marağın olmaması, hakimiyyətin və məmurların törətdiyi maneələr və s. Bir sözlə, zamandan asılı olmayaraq, problemlər eyni cür qalıb. Zərdabi indiki vəziyyətə baxıb, 140 ilin heç kemədiyini düşünürədi.
Bu gün bir çox sahələrdə baş verənləri qısaca xarakterizə edim. Bizdə texnika artır, binalar, yollar tikilir, İKT inkişaf edir, bir sözlə, hər şey inkişaf edir, ancaq çox təəssüf ki, insandan başqa. Azərbaycanın rayon xəstəxanalarında ən yaxşı tibbi avadanlıqlar var, ancaq onları istifadə edə biləcək ixtisaslı həkimlər yoxdu. Bizim məktəblərimizdə az qala hər uşağa iki kompüter düşür, ancaq məktəblərin və müəllimlərin səviyyəsinə baxın, TQDK 50%-dən çox şagirdin iki aldığını açıqlayır. Bizim kanalların televiziya texnikası heç bir amerikan telekompaniyasından geri qalmaz, ancaq televiziyalardakı keyfiyyətsizliyə baxın, görün vəziyyət hansı həddə çatıb ki, prezident apparatı rəhbərliyi hər il vəziyyətin acınacaqlı olmasından yazır. Biz televiziyalardan ya söyüş eşidirik, ya keyfiyyətsiz kadrlar görürük və s. Ancaq bizdə avadanlıq və texnika əladır. Bu gün biz belə bir prinsiplə hərəkət edirik, hər şeyə, daşa da, dəmirə də investisiya yatırmaq olar, təkcə insandan başqa.
Söhbətləşdi: Rüstəm Qasımov
www.ann.az
























