Ekspert yeni özəlləşdirmə dalğası proqnozlaşdırır

Qubad ibadogluİqtisadçı ekspert Qubad İbadoğlu büdcə gəlirlərinin azalmasından çıxış yolu kimi yeni özəlləşdirmə dalğasını istisna etmir.
Transparency.az-a danışan ekspert deyib ki, 2013-cü ildən başlayaraq dövlətin büdcə xərcləmələri azalır: "Əgər əvvəlki il üzrə qeydə alınan azalma büdcə prioritetlərində dəyişikliklə bağlı idisə, bu il gözlənilən dəyişikliyi maliyyə sistemində yaranmış və getdikcə ciddiləşən problemlər şərtləndirəcək. Maliyyə Nazirliyi və Neft Fondunun 6 ayın yekunları ilə bağlı açıqlamaları ölkənin fiskal durumunun çətinliklərini aşkara çıxarmağa və qiymətləndirməyə imkan verir. Bu il üçün büdcəyə 19 milyard 438 milyon manat vəsait yığmağı planlaşdıran hökumət ilin birinci yarısında onun 7 milyard 807 milyon 200 min manatını və ya 40 faizini təmin edib. Proqnozun icrasında başlıca çətinlik Dövlət Neft Fondundan gözlənilən transfertin azalmasıdır. Bu il ərzində büdcəyə 10 milyard 388 milyon manat köçürmək öhdəliyi olan fond ilin 6 ayında onun 3 milyard 562 milyon manatını və ya üçdə birindən bir az artığını transfert edib. Çünki fondun gəlirləri ilin birinci yarım ilində 4 milyard 54 milyon manat olub ki, bu da proqnozlaşdırılan vəsaitin 40 faizindən də azdır.
Göründüyü kimi, həm dövlət büdcəsində, həm də fondun büdcəsində icra faizi 40-ı ötə bilməyib. Çıxış yolunu kiçik və orta vergi ödənişlərini inzibati qaydada sıxmaqla büdcəyə əlavə vəsait cəlb etməkdə görən hökumət buna ilin ilk 6 ayında nail olsa da, sonrakı aylarda eyni metodla istədiyi effekti ala biləcəyi real görünmür.
Bu halda hökumətin başqa bir alternativə müraciət edəcəyi də istisna olunmur. Belə ki, hazırkı situasiyada və gələcəkdə daha da pisləşən durumda büdcəyə vəsait cəlb etməyin yollarından biri də özəlləşdirmədən əldə edilən gəlirlər ola bilər. Bu halda hətta ARDNŞ-nin də səhmləşdirilməsi və sonradan səhmlərinin satışa çıxarılması gündəmə gələ bilər. Mümkündür ki, ondan qabaq digər iri vergi ödəyicilərindən – "Azərenerji”, "Azərsu”, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, "Aztelekom”, AZAL kimi şirkətlər də özəlləşdirməyə çıxarılsın. Çünki onların çoxu hazırda büdcə qarşısında olan cüzi vergi öhdəliklərini belə yerinə yetirə bilmirlər və ildən-ilə vergi borcları ilə yanaşı kreditor borclarını da artırırlar. Çox güman ki, Azərbaycan Beynəlxalq Bankı böyük özəlləşdirmə siyasətində sınaq-təcrübə funksiyasını yerinə yetirəcək”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























