Nəqliyyat Nazirliyi rəsmisinin bu fikri nə üçün aqressiv qarşılandı? - AÇIQLAMALAR+VİDEO

Son günlər efir qaydalarının pozulması, verilişlərin yayımlanması zamanı təhqiramiz ifadələrin işlədilməsi faktlarına tez-tez rast gəlinir.
Növbəti belə bir qalmaqallı hadisə "Xəzər” TV-nin "Yeri gəlmişkən” verilişində baş verib. Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun taksi sürücüləri ilə bağlı verilən suala belə cavab verib: "İnşaatçılar" metrostansiyanın yaxınlığındakı çıxışda hər gün mən o eybəcər vəziyyəti görürəm. Taksilər qeyri-qanuni olaraq avtobus dayanacağını zəbt edirlər. Gəlirsən, onları döyürsən də, söyürsən də, xeyri yoxdur. Bizi də öz səviyyələrinə endirirlər. Hansı ki, hələ qeyri-qanuni işləməyi azdır, gəlib hələ avtobus dayanacağını zəbt edir, 3-4 avtobus da dalbadal saxlayır və vətəndaş da özünü atır təhlükə altına. Nə avtobusa minə bilir, nə düşə bilir. Hətta ordan keçən piyadalar da özlərini yaxşı aparmırlar. Orada maşınlar bir-birilərinin üstünə miniblər, piyadalar isə onların önündən keçirlər. Orda yeraltı keçid var, ondan istifadə eləmirlər".
Bu sözlərin deyilməsi taksi sürücüləri ilə Nəqliyyat Nazirliyi işçiləri arasında olan problemi daha da gərginləşdirib və dərinləşməsinə səbəb olub. Bir çox taksi sürücüsü nəqliyyat işçiləri tərəfindən döyüldüyünü, hətta zərbələr nəticəsində həyati təhlükə aldıqlarını bildiriblər. Bütün bunalara baxmayaraq, nazirlik öz əməkdaşlarını cəzalandırmır, taksi sürücülərinə qarşı yüksək səviyyəli şəxslərin vasitəsilə hücuma keçir. Yaranmış vəziyyət necə və hansı yolla həll olunmalıdır ki, taksi sürücüləri normal fəaliyyət göstərsin, Nəqliyyat Nazirliyinin işçiləri onlara hücum etməsin?
Hüquqşünas, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov ANN.Az-a açıqlamasında nazirlik səlahiyyətlisinin bu açıqlamanı əsəbi halda verdiyini, müəyyən mənada ictimaiyyət arasında düzgün anlaşılmadığını deyib: "Bu sözün daha düzgün hansı şəkildə deyildiyini Namiq Həsənov daha yaxşı bilər. Amma onun bu cür aqressiv, əsəbi çıxışını Nəqliyyat Nazirliyinin əməkdaşlarının taksi sürücülərinin döyülməsinin təsdiqi kimi qəbul etmək də düzgün deyil. Hamı əsəbi olduğu zaman cümlələri kobud şəkildə ifadə edə bilər. İnsan bir hadisədən bezib, tükəndiyi vaxt əsəbi ola bilər.
Nazirlik rəsmisinin çıxışında dediyi sözlər artıq bizim leksikamızda gündəlik gərgin olduğumuz zaman işlətdiyimiz sözlər sırasına daxildir. Amma yenə də o, tutduğu vəzifəni yaddan çıxarmamalı, televiziyada, mətbuatda açıqlama verərkən daha diqqətli olmalıdır”.
"Namiq Həsənovun üzr istəməsinə heç bir əsas yoxdur” - Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, teleekspert Qulu Məhərrəmli ANN.Az-a açıqlamasında Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun "Yeri gəlmişkən” verilişində taksi sürücüləri haqqında dediyi fikirlərə belə münasibət bildirib.
Q.Məhərrəmlinin sözlərinə görə, hər hansı bir məsələ ilə bağlı rəsmi açıqlama vermək ayrı məsələdir, amma hər hansı hadisə ilə bağlı mətbuat katibinin münasibət bildirməsi fərqli haldır: "Bu baxımdanda Namiq Həsənovun o çıxışını, o qədər də böyük qəbahət hesab etmirəm. Düzdür, həmin ifadə də bir az emosional çalar var. Yəni bildirmək istəyib ki, nə qədər deyilsə də, taksi sürücüləri deyilənlərə əməl etmir, özbaşınalıq edirlər və.s. yəni bu, bir insani məqamdır”.
Ekspert xüsusi olaraq qeyd edib ki, Azərbaycan mətbuatının bu cür məsələlərə aqressiv yanaşmasını istəməz: "Namiqin özü ixtisasca jurnalistdir, televiziyada çalışıb. Bu söz artıq xalq etiketinə çevrilib. Namiq də bunu bir xalq deyimi olaraq deyib. Bu ifadəni işlətməsəydi, daha yaxşı olardı. Amma işlədibsə, bunun üzərinə bu qədər getmək heç düzgün deyil. Namiqin bu ifadəyə görə televiziya qarşısına çıxıb, üzr istəməyinə heç bir əsas yoxdur”.
Orxan Aslanlı
www.ann.az
























