Avrasiyada kollektiv təhlükəsizliyin limitləri

Rusiyanın Türkiyə ilə mübahisəsi və Ermənistanın Azərbaycanla konflikti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) məhdudlaşdırır. Bunu Evan Gottesman «The Diplomat» saytında yazır.
1992-ci ildə qəbul olunmuş sənədin 4-cü maddəsi qarşılıqlı müdafiə üçün tanış bir formul təklif edir. Belə ki, bu maddə, əslində, NATO-nun 4-cü maddəsindən götürülüb. KTMT üzvləri olan Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan birinə hücumu hamıya hücum sayır.
Müəllif Türkiyənin noyabrın sonunda Rusiya təyyarəsini vurmasını yada salır və qeyd edir ki, üzvlərdən yalnız Ermənistan Kremlin Türkiyəyə qarşı sərt ritorikasını təkrarladı. Digər üzvlər daha çox neytral bəyanatlarla kifayətləndilər:
«Eləcə də, KTMT-nin Orta Asiyadan olan üzvləri Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstəkdən çəkinir. Azərbaycanın separatçı Dağlıq Qarabağ regionu ətrafında münaqişə qızışdıqca, bu məsələ KTMT-nin təhlükəsizlik bəndinin zəifliyini üzə çıxarır».
Müəllif KTMT üzvləri olan Qazaxıstan və Qırğızıstanın bu münaqişədə məhz Bakını dəstəklədiyini qeyd edir. Məsələn, Ermənistanı dəstəkləmək Qazaxıstana digər prioritetlər bahasına başa gələr. Xəzərin hüquqi status məsələsində Bakıyla Astana Rusiya və İranın dəstəklədiyi kondominiuma qarşı çıxırlar. İki ölkə bir sıra müdafiə layihələrində əməkdaşlıq edirlər.
Ermənistan KTMT-yə maneələrdən xəbərdardır və 2015-ci il dekabr sammitində müttəfiqlərin Qarabağ münaqişəsinə yanaşmasını tənqid edib. O, KTMT-nin bu məsələdə mövqeyini NATO-nun təyyarənin vurulmasında Türkiyəyə dəstəyi ilə müqayisə edib.
Müəllif yazır ki, bütün bunlar alyansın müdafiə aparatının bütövlüyünü zərbə altında qoyur. Serzh Sargsyan dekabr sammitində onu da deyib ki, Bakı hər dəfə Ermənistana qarşı silahdan istifadə edəndə, Astanaya, Düşənbəyə, Bişkekə, Moskvaya və Minskə də atəş açır. «KTMT-nın bütün üzvlərinin bu baxışı paylaşması isə şübhə doğurur», - müəllif yazır. /Azadliq.org
www.ann.az
























