İranda mötədillər təzyiq altında

«The New York Times» qəzeti gələn ay İranda gözlənilən seçkilərin mötədillər üçün yaxşı bir şey vəd etmədiyini yazır. Onlar artıq siyasi və sosial azadlıqlar, Qərblə yeni münasibətlər istəyirlər. Ancaq dünya gücləri ilə nüvə sazişinə qarşı çıxmış sərt xətt tərəfdarları prezident Hassan Rouhani-nin rəhbərlik etdiyi mötədillərlə acı mübarizəni davam etdirirlər.
Fevralın 26-da iranlılar 290 nəfərlik parlamenti və 88 üzvü olan Ekspertlər Şurasını seçəcəklər. 12 min nəfər seçkidə iştirak üçün namizədliyini verib. Bu, 2012-ci ildəkindən iki dəfədən də artıqdır. Hələ 7 min nəfərin namizədliyi də qeydə alınmayıb. Ötən həftə 9 islahatçı partiya bildirib ki, 3 min mötədil namizəddən yalnız 30-u qeydə alınıb.
«İranda real demokratiyaya yaxın bir şey yoxdur. Cənab Rouhani İran isteblişmentindən çıxıb. Ancaq ölkənin təcridinə son qoymaq üçün əhalinin dəstəyini qazanıb... İranın bir sıra dövlətlərlə biznes sazişləri imzalamasına baxmayaraq, Rouhani hələ seçki vədlərinə əməl etməli, azad söz, siyasi məhbusların buraxılması kimi təməl azadlıqları bərpa etməlidir», - yazan qəzet İranın gənclər daxil olmaqla məhbusların edamı üzrə lider olduğunu vurğulayır. /Azadliq.org
www.ann.az
























