Rusiyanın baş naziri İrəvana gedir

Rusiyanın baş naziri Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə əlaqədar Bakı və İrəvana səfər edərək, Ermənistan və Azərbaycan prezidentləri ilə görüşəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidmətindən bildiriblər. Belə ki, D. Medvedev bu gün Ermənistana, sabah isə Azərbaycana səfər edəcək.
Öz növbəsində Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, D.Medvedev İrəvanda baş nazir Ovik Abramyan ilə görüşəcək. Görüşdə ikitərəfli və geniş formatlarda, bir sıra sahələrdə əməkdaşlıq haqqında saziş imzalanması planlaşdırılır.
Aprelin 8-də Bakıya gələn Medvedyev burada da Azərbaycan prezidentindən başqa, baş nazir Artur Rəsulzadə ilə görüşəcək.
Medvedyevin Ermənistana səfəri barədə hələ martın 24-da elan olunub. O zaman təmas xəttində vəziyyət kəskinləşməmişdi. Onda nazirlər kabinetinin mətbuat xidməti qeyd edib ki, Ermənistan rəhbərliyi ilə danışıqlar zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və ticarət, investisiya, enerji, sənaye, mədəni, humanitar və digər sahələrdə perspektivləri müzakirə etmək nəzərdə tutulmuşdu. Bundan başqa ayın 8-nə Avrasiya hökumətlərarası şurasının iclası planlaşdırılmışdı.
Lakin aprelin 2-də münaqişə zonasında vəziyyətin pisləşməsi ilə əlaqədar səfər qrafiki bir neçə istiqamətdə dəyişib. Baş nazirin mətbuat katibi Natalya Timakova bildirib ki, yaranmış vəziyyəti nəzərə alaraq Avrasiya İqtisadi Birliyinə (AİB) sədrlik edən Qazaxıstanın təklifi ilə razılaşmaq qərara alınıb. Belə ki, birliyin iclası gələn həftə - aprelin 13-də Moskvada baş tutacaq.
Cəbhədə gərginlik aprel ayının 2-si gecə saatlarından başlayıb. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə strateji əhəmiyyətli mövqelər də bölmələrimizin nəzarətinə keçib.
Düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Döyüşlərdə ermənilərə məxsus onlarla hərbi texnika, o cümlədən tank və artilleriya, mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
www.ann.az
























