Türkiyə və Rusiyanın Baş nazirləri görüşdü
Bu gün Rusiyanın paytaxtı Moskvada Türkiyənin və Rusiyanın Baş nazirləri Binəli Yıldırım və Dmitri Medvedyev arasında görüş keçirilib.
ANN.Az "Anadolu” Agentliyinə istinadən xəbər verir ki, nazirlər təkbətək görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Binəli Yıldırım bildirib ki, 1 ildən çox Rusiya və Türkiyə arasında münasibətlər korlanmışdı və bu vəziyyət hər iki tərəfə də öz mənfi təsirini göstərmişdi. Lakin bu ilin avqust ayından etibarən, münasibətlərin normallaşması və əvvəlki vəziyyətə qaytarılması üçün qarşılıqlı addımlar atılıb.
Rusiya və Türkiyə münasibətlərinin pisləşməsinin təkcə iki ölkə üçün əhəmiyyətli olmadığını deyən Yıldırım qeyd edib ki, bölgədə terrorla mübarizə üçün region dövlətlərinin birləşməsi önəmlidir: "Ticarət, turizm, sosial və mədəni əlaqələr üzrə istiqamətlər başda olmaqla, ortaq böyük layihələr qaldığı yerdən davam etdirilməlidir".
Rusiyanın Baş naziri Dmitri Medvedyev isə bildirib ki, bu görüş bir müddət əvvəl iki ölkə arasında yaranan problemlərin həlli istiqamətində xüsusi önəm kəsb edir:
"Obyektiv və subyektiv səbəblərdən iki ölkə arasında baş verən soyuqluğun həlli və müvəqqəti dayandırılan iqtisadi və ticarət sahəsindəki münasibətlərin həlli xüsusi önəm daşıyır. Bu istiqamətdə ortaq böyük layihələrin yenidən davam etdirilməsi üçün addımlar atılacaq. Bu görüşlərin əsas hədəfi iqtisadi, mədəni və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün addımların atılmasıdır”.
Qeyd edək ki, görüşdə eyni zamanda, Türkiyə Baş nazirinin müavini Nürəddin Canikli və Təbii Ehtiyatlar naziri Berat Albayrak da iştirak edib. Rusiya tərəfdən isə Baş nazirin müavini Arkadiy Dvorkoviç, Sənaye və Ticarət naziri Deniz Manturov, Enerji naziri Aleksandr Novak və Rusiya Federal Hərbi-Texniki Xidmətinin sədri Aleksandr Fomin iştirak edib.
Kamil ƏMİRLİ
www.ann.az
























