214 nömrəli otaq, 9 güllə və FETÖ izləri - Sui-qəsdin detalları

Türkiyə gündəminə damğa vuran hadisələrdən biri Rusiya səfiri Andrey Karlovun Ankarada sui-qəsd nəticəsində öldürülməsi oldu. Cinayətlə bağlı aparılan istintaqda sui-qəsdin bir sıra detalları açıqlanıb.
ANN.Az "Sabah” qəzetinə istinadən xəbər verir ki, sui-qəsdi törədən və çevik polis alayının əməkdaşı olan Mövlud Mərd Altındaş cinayətin törədildiyi 19 dekabr tarixindən 5 gün əvvəl, yəni 14 dekabr tarixində sərginin keçiriləcəyi mərkəzin yanındakı oteldən xüsusi otaq sifariş edib. O, dekabrın 18-də Çankaya Müasir Mədəniyyət Mərkəzinin yanındakı otelin 214 nömrəli otağına gəlib. Sui-qəsd günü (19 dekabr) yerli vaxtla saat 18:30 radələrindən oteldən çıxıb. İstintaq işi davam etdiyindən otelin 214 nömrəli otağının qapısı möhürlənib.
Mərd Altındaşın oteldə qaldığı müddətdə kimlərlə ünsiyyət qurduğu araşdırılır. Onun oteldən çıxaraq 2 gün ərzində sərginin keçiriləcəyi İncəsənət Mərkəzində kəşfiyyat apardığı məlum olub.
Əvvəl 4, sonra daha 5 güllə vurub
Türkiyə Ədliyyə Tibbi Ekspertiza İdarəsinin araşdırmalarından sonra məlum olub ki, Mərd Altındaş rusiyalı səfirə əvvəlcə 4 güllə vurub. Səfir yaralanaraq yerə yıxıldıqdan sonra isə daha 5 güllə atıb. Lakin Karlovun bədənində 11 güllə izi aşkarlanıb. 2 izin isə güllərlərdən ikisinin bədəndən çıxması nəticəsində açıldığı məlum olub.
Sui-qəsdçinin istifadə etdiyi "Canik” markalı tapança 9x19 kalibrli, 15+1, 18+1, 20+1 patronluq silah olduğu bildirilib. Onun ümumilikdə, 18 dəfə atəş açdığı, eyni zamanda, əlavə 2 dolu tapança darağı gəzdirdiyi məlum olub.
Hadisədən dərhal sonra Mərd Altındaşın valideynləri və bacısı, dayısı və dayısının həyat yoldaşı da saxlanılıb. Dayısının əvvəllər 2 dəfə FETO ilə bağlı istintaq işi ilə əlaqədar olaraq saxlanıldığı bildirilir. Çevik polis alayının əməkdaşı olan Mərd Altındaşın Ankarada Kalaba məhəlləsində vəkil S.Ö. ilə birgə yaşadığı məlum olub. Vəkil İstanbulda tutulub, evində xüsusi axtarış aparılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Altındaş 15 iyul tarixində dövlət çevrilişinə cəhd edilən gündə icazəli olub. Polisin telefonu, sosial şəbəkə hesabları və kompüteri nəzarətə götürülüb. Son günlərdə kimlərlə əlaqə saxladığı araşdırılır.
Xüsusi təhlükəsizlik qurğusundan (X-Ray) keçmədən içəri daxil olub
Mərd Altındaş Çankaya Müasir İncəsənət Mərkəzindəki sərgiyə daxil olarkən xüsusi təhlükəsizlik cihazı olan X-Ray-dan keçməyib. Mərkəzin mühafizə xidmətinin əməkdaşları buna etiraz edib və təkidlə cihazdan keçməyi tələb ediblər. Lakin o, çevik polis olduğunu deyərək, polis vəsiqəsini göstərərək içəri daxil olub.
FETÖ-nün iclaslarına gedirdi
Mərd Altındaşın adına FETÖ istintaqı dosyesində rast gəlinib. Altındaşın İzmirin Buca rayonunda FETÖ-nün iclaslarını keçirdiyi İşıqevinə getdiyi də bildirilir.
Türkiyə Baş Prokurorluğunun Yüksək İntizam İdarəsinin 13 avqust 2015-ci ildəki hesabatında "Mövlud Mərd Altındaş” adı "Məmməd Mərd Altındaş” qeyd edilib.
İzmirdə Rüştü Ünsal adına Polis Məktəbi məzunu olan Altındaşın adı eyni məktəbdə tələbə olan C.S.-nin verdiyi ifadədə belə qeyd olunur:
"Fətullah Gülən camaatının yığıncaqlarına bu ilin əvvəlindəki təhsil-tədris müddətində getməyə başlayıb. Onu həmin toplantılara Xaqan B. adlı şəxs aparırdı. Buca rayon bələdiyyəsi yaxınlığında olan evə gedərkən, onu orada Həmzə adlı şəxs qarşılayırdı. Həmin vaxtlarda yanında Qədr Şamlı, Məmməd Mərd Altındaş, Sərcan Başar, Kaan Bülbül və Ufuk Gül olurdu”.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da axşam saatlarında Ankarada Çankaya Müasir İncəsənət Sərgisindəki çıxışı zamanı Türkiyə çevik polis alayının əməkdaşı Mövlud Mərd Altındaş tərəfindən sui-qəsd nəticəsində öldürülüb.
Kamil ƏMİRLİ
www.ann.az
























