Rusiya Ermənistanın işğalına hazırlaşır

Gümrüdəki rus desantına "regional səviyyədə genişlənmək” əmri veriləcək
Ermənistana müstəqillik lazım deyil, o, müstəqilliyini qorumağa qadir deyil.
İstiPress-in İərvandan dərc olunan "Lragir” portalına istinadən verdiyi məlumata görə, bu barədə erməni mənşəli rusiyalı politoloq Sergey Kurqinyan İrəvanda çıxışı zamanı bildirib. İrəvanda Qribayedov klubunun növbəti iclasında çıxış edən Kurqinyan işarə vurub ki, Ermənistan üçün Rusiya imperiyasının bir hissəsi olmaq daha faydalıdır.
Erməni portalı bunu Rusiyanın Ermənistanı növbəti dəfə işğal etmək cəhdi kimi dəyərləndirib:
"Rusiya ilə Ermənistanın münasibətlərində, belə görünür, nəsə vacib məqam başlayır və Moskva İrəvana "ağır” artilleriyasını - Kiselyovu, Solovyevi və Nikolay Patruşevi göndərib. Martın 14-də Serj Sarkisyanın Rusiyaya səfəri gözlənilir. Məlumatlı ekspertlərin dediyinə görə, Moskva İrəvana Gümrüdəki 102-ci Rusiya bazasının funksiyalarının regional səviyyədə genişləndirilməsi ilə bağlı təklif edə bilər. Mümkündür ki, Rusiya "desantı” erməni cəmiyyətini bu nəticəyə hazırlayır”.
Ermənistanda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin səfərinin də bu məqsədi güddüyünü vurğulayırlar. Ermənistanda apreldə keçiriləcək seçkilərlə bağlı dünən başlayan təbliğat kampaniyasının elə ilk günü iki blok "Çıxış” və "Azad demokratlar” Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılmasını qarşılarına məqsəd qoyduqlarını bildiriblər.
Amma belə görünür ki, Rusiyanın Ermənistanı tam müstəmləkəyə çevirməsinin şansı daha böyükdür. Çünki Patruşevə Ermənistanın daxilindən dəstək verən çoxdur. Bunlardan biri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Ohanyan son çıxışlarından birində Ermənistanın müstəqil inkişaf üçün bütün imkanları itirdiyini bildirib.
Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazdakı dörd hərbi bazasından ən böyüyüdür. 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 3300 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir.
www.ann.az
























