Raketə qarşı sapandla: HƏMAS harda gizlənir?

Nə seçimlərə gedən Türkiyə liderlərinin Fələstin dərdi, nə nüvəsiz İranın etirazları qanlı toqquşmalarda məhv olan insanların faciəsinin qarşını ala bilir.
Axar.az xəbər verir ki, bu sözləri Qüdsdə baş verən hadisələrə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, Qüdsdə bir parça ABŞ torpağına sahib olmaq istəyi birinci gün 60 insanın ölümü ilə nəticələndi:
"Kimsə deyə bilər ki, onsuz da diplomatik konsulluğun binasına vurulan rəmzi lövhənin necə adlanmasının elə bir əhəmiyyəti yox idi. Əsas məsələ Ağ Ev rəhbərinin İsrail dövlətinin paytaxtına verdiyi dəqiq ünvanın bundan sonra 100 illik müharibələrin məhək daşına çevrilməsidir. Onsuz da müsəlmanların başına dolandığı Qara daşın müqəddəsliyi qarşısında indi yeni bir Ağ daş da siyasi pərvanələrin siyahısına əlavə olunur. Ola bilər "Alliluya” sədaları ilə Tanrıdan yəhudi uşaqlarına sülh və əmin-amanlıq arzulayan afroamerikalı müğənni onların içərisində olduğu qəsrdən on kilometlərlə uzaqlıqda sapand daşı ilə nüvə silahına güc gələcəyini düşünən ərəb balalarına heç pislik edilməsini istəmir. Hələ üstəlik, MOSSAD dünən südəmər körpəni oraya yönəldən və çadra arxasında gizlənən HƏMAS qruplarının necə ustalıqla antiisrail bürüncəyi geyindiyini də tutarlı sübutlarla ortaya qoyur. Lakin qüvvələr nisbətinin bərabər olmadığı gün kimi aydındır. Nə seçimlərə gedən Türkiyə liderlərinin Fələstin dərdi, nə nüvəsiz İranın etirazları qanlı toqquşmalarda məhv olan insanların faciəsinin qarşını ala bilir”.
Z.Oruc qeyd edib ki, alovlu tribunalar siyasətə və mənfəət vuruşmalarına yarayır, daxili istehlaka və hisslərin sümürgənliyinə xidmət edir, amma ölümləri durdurmur:
"Bir neçə onil ərzində yəhudi dünyası ilə savaş aparanlar gedib müqəddəs yerlərdə gizlənib və qədim bir torpaqda müharibə ocağını qalamaqdadılar. Halbuki İsrailin bütün islam dünyası ilə düşmən olmaq istədiyini deyənlərin bir çoxu onillər ərzində öz xalqlarını usanmadan istismar edirlər”.
Qeyd edək ki, dünəndən etibarən fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etirazlara başlayıblar. Etirazlar nəticəsində 59 fələstinli ölüb, 2700-dən çox insan yaralanıb.
www.anews.az
























