Qadın sürücülərə sərt cəza veriləcək - XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi avtomobil sürmə kampaniyasında kütləvi şəkildə iştirak edən qadınlara ağır cəza veriləcəyi barədə xəbərdarlıq edib.
ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin fəal qadınları oktyabrın 26-da kütləvi avtomobil sürmə kampaniyasının keçirilməsi üçün sosial şəbəkələrdə elan yerləşdiriblər. Aksiyanın keçirilməsinə səbəb 1990-cı ildən bəri ölkədə tətbiq edilən qadınlara avtomobil sürmək qadağasına qarşı çıxmaqdır. Həmin il ölkənin Ali Dini Şurası qadınların avtomobil sürməsinin zərərli ola biləcəyi səbəbiylə fətva vermişdi.
Aktiv qadınlar belə aksiyaların təşkil olunması ilə ölkədə qadın və kişi bərabərliyinə çağırış etmək niyyətindədirlər.
Daxili İşlər Nazirliyinin sözçüsü Mənsur Türki adından yayılmış yazılı açıqlamada deyilir: "Cəmiyyəti ayrı-seçkilikdə günahlandıran və separatizm toxumları əkən, ixtişaşlar yaradan adamlara qarşı qanunlar sərt şəkildə tətbiq olunacaq".
"Ölkədəki asayişi pozmağa yönəlik çağırışlara" uyanların şiddətlə cəzalandırılacağı xəbərdarlığını edən Türki ötən il eyni halın baş verdiyini və aksiyaya qatılanların sərt şəkildə cəzalandırıldığını xatırladıb.
Ərəb qadınları 1990-cı ildən bu günə kimi tez-tez kütləvi surətdə sükan başına keçərək ölkə rəhbərliyinin qadağanlarına meydan oxuyur.
ANN.Az
























