Bağdad aeroportuna zərbə: İran Qasım Süleymanidən başqa daha bir generalını itirib

ABŞ-ın MQ-9 "Reaper” pilotsuz döyüş təyyarəsindən ötən gecə Bağdad aeroportuna endirilən raket zərbələri nəticəsində İran əfsanəvi Qasım Süleymani ilə bərabər daha bir generalını itirib.
Virtualaz.org xəbər verir ki, bu barədə ilk dəfə yanvarın 3-də səhər saatlarında Yaxın Şərq üzrə ixtisaslaşmış hərbi jurnalist və bloqer Babak Taqvey (Babak Taghvaee) özünün Twitter-bloqunda bildirib.
Xatırladaq ki, İranın İraqdakı səfiri İrac Məscidi Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində Qasım Süleymani və İraqdakı "Haşdi Şabi” qruplaşmasının komandirinin müavini Əbu Mehdi əl-Mühəndislə birlikdə onları müşaiyət edən 10 nəfərin də həlak olduğunu bildirib. Lakin həlak olanların qalanlarının adları açıqlanmırdı.
Daha sonra İnqilab Keşikçiləri Korpusunun "Əl-Qüds” qüvvələrinin qərargahı həlak olanların adlarını açıqlayıb. Açıqlamada deyilir ki, hücumda 5-i iraqlı olmaqla 10 nəfər həlak olub. Bunlar Qasım Süleymani ilə yanaşı briqada generalı Hüseyn Cəfəriniə, polkovnik Şahrud Müzəffəriniə, mayor Hadi Taromi və kapitan Vahid Zamaniandır.
www.anews.az
























