Mədəniyyət naziri səfirlərlə görüşdü

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 11-də İsrailin səfiri Corc Dik və Tacikistan Respublikasının səfiri Rustam Soliyev ilə görüşüb.
Görüşlərdə Azərbaycanın hər iki ölkə ilə mədəni əməkdaşlığına nəzər salınıb, mədəniyyətin müxtəlif sahələri üzrə mübadilənin daha da genişləndirilməsi, bu istiqamətdə Fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Gələcəkdə əlaqələrin inkişafına töhfə verə biləcək, xalqlarımızın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Əbülfəs Qarayev il ərzində Azərbaycanda keçiriləcək beynəlxalq mədəniyyət tədbirləri, o cümlədən VII Bakı Beynəlxalq Humanitar Forumu haqqında səfirlərə məlumat verib. Hər iki ölkəni Humanitar Forumda yaxından iştiraka dəvət edib.
İsrailin ölkəmizdəki səfiri Corc Dik səmimi qəbula və Azərbaycan Mədəniyyət Nazirliyinin səfirlik tərəfindən həyata keçirilən layihələrə verdiyi dəstəyə görə nazirə təşəkkürünü bildirib. Diplomat gələcəkdə mədəniyyət sahəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
www.anews.az
























