Gürcüstanın Baş naziri azərbaycanlılarla görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili martın 21-də Novruz bayramı ilə əlaqədar ölkənin bir qrup azərbaycanlı vətəndaşını qəbul edib.
Anews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Görüşdə Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Leyla Əliyeva və ölkənin bölgələrində gəlmiş ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
Baş nazir görüşdə deyib ki, Novruz yeniliyin simvolu, baharın gəlişi, yeni həyat və sevgi deməkdir. Belə bir gündə görüşmək və sizi, ölkənin azərbaycanlı vətəndaşlarını təbrik etmək mənim üçün böyük şərəfdir. Hökumət başçısı bütün azərbaycanlıları bayram münasibətilə təbrik edib, əmin-amanlıq, firavanlıq arzulayıb.
İ.Qaribaşvili hələ 2014-cü ildə ölkənin baş naziri olarkən Marneulidə Novruz bayramını azərbaycanlılarla birlikdə qeyd etdiyini xatırlayıb və həmin ənənənin bu gündə davam etməsindən məmnunluğunu ifadə edib.
Baş nazir deyib: "Çox təəssüf edirəm ki, pandemiya səbəbindən biz bu bayramı birlikdə geniş qeyd edə bilmirik. Amma inanıram ki, biz birgə mübarizə apararaq pandemiyaya qalib gələcəyik və gələcəkdə bu bayramı yenə də birlikdə, geniş şəkildə qeyd edəcəyik. Mən bir daha sizi Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz bayramınız mübarək olsun”.
www.anews.az
























