“Qazprom” Moldovaya 48 saat vaxt verdi

Rusiyanın "Qazprom” şirkəti Moldovaya xəbərdarlıq edib.
"Qafqazinfo” xəbər verir ki, şirkətin sözçüsü Sergey Kupriyanov "Rossiya 24” kanalının efirində bildirib ki, Moldova borclarını ödəməsə 48 saat sonra ölkəyə qaz verilməsi dayandırılacaq.
"Cari ödənişlər üçün növbəti son tarix bu gün - noyabrın 22-dir. Ödəniş isə yoxdur. Bununla əlaqədar olaraq, bu gün "Qazprom” müqaviləyə uyğun olaraq Moldova tərəfini 48 saatdan sonra qazın nəqlinin dayandırılacağı barədə məlumatlandırıb”.
Moldovanın infrastruktur naziri Andrey Spınu bildirib ki, "Moldovaqaz” qaz nəqlinin dayandırılacağı ilə bağlı bildiriş alıb, lakin ölkə rəsmiləri onunla detallı şəkildə tanış olmayıblar.
"Moldovaqaz”ın rəhbəri Vadim Çeban sözlərinə görə, şirkət artıq "Qazprom”dan bildiriş alıb və tarifə gec baxıldığından yaranan borcun ödənilməsi problemi üzərində işləyir:
"Söhbət oktyabr ayı üçün istehlakın, noyabr ayı üçün ödənişin yarısının ödənilməsindən gedir. Bizdə xüsusi boşluq yaranıb. Çünki oktyabrda tarifdə alış qiyməti 150 dollar idi, biz isə qazı 800 dollara almışıq”.
Oktyabrın sonunda Kişinyov "Moldovaqaz”ın borcunun 2022-ci ildə auditi şərti ilə "Qazprom”la müqaviləni beş il müddətinə uzadıb. Borcun faiz nəzərə alınmaqla beş il ərzində ödənilməsi planlaşdırılır.
Rusiya şirkəti qeyd edib ki, tərəflər qaz sahəsində cari məsələlərin həlli ilə bağlı protokol imzalayıb və sazişin uzadılması şərtlərini qarşılıqlı faydalı adlandırıblar. Kişinyovun da qeyd etdiyi kimi, yeni müqavilədə Moldova tərəfinin təklif etdiyi formuladan istifadə olunacaq.
www.anews.az
























