Xamaneyi Obamaya yeni məktub yollayıb?

İran Xarici İşlər Nazirliyi ölkənin ali dini rəhbəri Xamaneyinin ABŞ prezidentinə məktub yazması xəbərini təkzib edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ mətbuatı İranın ali dini rəhbəri Xamaneyinin Barak Obamaya məktub yollaması barədə informasiya yayıb. Amma İranın rəsmi media qurumu İRNA bu xəbəri yalanlayıb. Xarici işlər nazirinin sözçüsü Mərziyə Afham açıqlamasında "Wall Street Journal" qəzetinin yaydığı bu xəbərin peşəkarlıqdan uzaq, həvəskar bir media oyunu olduğunu bildirib.
Afham Obamanın daha əvvəllər İranın ali dini rəhbərinə məktub yazdığını və bu məktublarda dilə gətirilən bəzi mövzulara cavab verildiyini bildirib: "Amma yeni bir məktubdan söhbət gedə bilməz".
"Wall Street Journal" qəzeti ötən cümə iranlı bir diplomata istinad edərək belə bir məktubun varlığı haqqında xəbər yaymışdı. Xəbərə görə, haqqında danışılan məktub oktyabr ayında Barak Obamaya göndərilib. İddiaya görə, Xamaneyi Obamaya göndərdiyi məktubda terror təşkilatı İŞİD-lə mübarizədə ortaq hərəkət etməyin vacibliyini qeyd edir.
ANN.Az
























